Qaçqın yataqxanasında mahnı oxuyan qoca

Qaçqın yataqxanasında mahnı oxuyan qoca
19 may 2015
# 10:20

Xoş o bəndənin halına ki, gücü gəldikcə bağırıb-çığırır, ağlaya bilir. Bədbəxt o insandı ki, dərdi içini yeyir, heç kimlə ağrılarının yükünü bölüşə bilmir.

Yaşlı, dərddən yumağa dönən insanların əzabına dözmürəm. Onların ötüb keçən ömrünə, əziyyətlərinə heyfim gəlir. Yaşadığım binada belələrinin sayı çoxdu. 23 il əvvəl bu yaşayış məkanına-“Qaçqın yataxanası”na pənah gətirənlərin gəncliyini illər əlindən alıb, qocaldıb. O yaşlılardan biri daha çox diqqətimi çəkir. Həyatın əzə-əzə güclü etdiyi bu adamı ya binanın həyətində var-gəl edən görərəm, ya da oturub məchul bir nöqtəyə baxan.

Hərdən ağacın kölgəsində, daşın üstündə oturub, zümzümə edir astaca... Bilmirəm laylamı deyir, yoxsa ağı. İnsanı sarsıdacaq ağrı, hüzn, yanğı dolu bir iniltiyə bənzəyir əslində onun oxuduqları. Oyuncağı əlindən alınmış uşağa bənzədirəm onu. Vətəndən ayrıdı, doğma torpağa həsrət qalıb. Müharibə onu evindən, yurdundan didərgin salıb. Nə etsin, əlacsızdı. Bu kabusa, “Dur!” deməyə, haqqı varsa da, gücü yoxdur. Torpağının xiffətini çəkə-çəkə torpaq olmağa yol alıb.

Xoş o bəndənin halına ki gücü gəldikcə bağırıb çığırır, ağlaya bilir... O adam da ağlayır, amma astaca. Özünün, bir də Allahının eşidəcəyi bir səslə. Qaçqınlığına, köçkünlüyünə, əsir düşənlərinə, şəhidinə, işğal olunmuş torpaqlarına ağı deyir.

Çox istəyərdim o qocanı çal-çağır verilişlərinin birinə dəvət etsinlər. Zarafat etmirəm, ciddi sözümdür. Oxumağı bacarıb-bacarmayan, səsi olmasa da, özünü tamaşaçı qarşısında həlak edən müğənnilərin yanında əyləşdirsinlər. Çox yox, bir dəfə imkan versinlər. “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, “Laçınım” və sair mahnıları dinləmək istəyənlər üçün o kişi zümzümə etsin. Çünki heç bir “ulduz” müğənni Vətən ağrısını onun qədər yanıqlı ifadə edə bilməyəcək. O, minlərlə qəriblik ağrısı çəkən insanın harayıdı, səsidi.

Zövqü baltalayan musiqiləri, mahnılari dinləyib, qan-tər içində alqışlamaqdan əlləri qabar olan, hansı havaya oynadığını bilməyən adamlar o harayı dinləməyəcəklər. Ona görə ki, yalançı pafos, dəbdəbə, təm-təraq yoxdur o səsdə. Müharibə, şəhid, torpaq dərdi var.

Bu dərdi özünə sirdaş edənlər sakit köçər gedər bu yer üzündən. Qulağını çal-çağırdan kar edib, oynayanlar: yorulmayasız, nə deyim. Sizə bir əhvalat danışım yeri gəlmişkən.

Bir gün uşaq məktəbdən evə gəlib sevinə-sevinə atasına deyir ki, dörd dərsdən “2”, nəğmədən isə “5” qiymət almışam. Ata oğluna sual verir:

Bir gündə düz dörd dərsdən sən iki ala-ala

Necə həvəsə gəlib mahnı oxudun bala?

Həvəsinizə heyranam, əzizlərim.

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #