Azərbaycan ədəbiyyatında vicdan varmı?

Azərbaycan ədəbiyyatında vicdan varmı?
9 aprel 2014
# 10:17

Bir dəfə tanınmış ədəbiyyatçılardan biri ilə gap edirdik (razılığını almadığım üçün adını yazmaq istəmədim). Söz hərlənib vicdan məsələsinin üstünə gəldi. Mən “mübahisəli mövzudur” deyib keçmək istəyirdim ki, zövqünə və mütaliəsinə inandığım həmsöhbətim israr etdi. Bu israr üzərinə mən də vicdan barədə vicdanlı-vicdanlı düşünməyə başladım. Ümumi razılığımız belə oldu: Azərbaycan ədəbiyyatında vicdan əzabı çəkən obrazlar, demək olar ki, yox dərəcəsindədir!

Tutaq ki, Dostoyevskinin “Cinayət və cəza” əsərindəki Marmeladovu götürək. Ömrünü ucuz əyyaşlığa sərf edib ailəsini həyatın dibinə yuvarlayan bu insan sağlığında həmişə vicdan əzabı çəkir. Hətta qadını onu döyərkən, saçlarından tutub sürüyərkən ona müqavimət göstərmir, “Bu belə olmalıdır, mən buna layiqəm!” - söyləyir. Yaxud Viktor Hüqonun “Səfillər”indəki Javer... Onun intiharı ədəbi priyomların ən unikalı kimi xarakterizə olunub həmişə. Knut Hamsunun “Aclıq” romanının qəhrəmanı acından öldüyü halda da oğurladığı qəpik-quruş üçün xəcalət çəkir, rahatlıq tapmır, yalan danışmaqdan utanır.

Bizdə sanki hamı vicdanlı olduğu üçün bu mövzu yazıçıların diqqətindən kənarda qalıb. Ya da Azərbaycan insanı məsələn, Xudayar bəy kimi birmənalı şəkildə qara rənglidir, onun vicdan əzabı çəkməsi, törətdiyi işlərdən utanması mümkünsüzdür.

Bu məqamda ağlıma İsa Hüseynovun Sultan Əmirlisi gəlir... Doğrudur bundan əvvəl “Tütək səsi” povestindəki Cəbrayılın daxili tərəddüdləri də haradasa mövzumuza yaxındır. Ancaq, Asif Atanın təbirincə desək, o, Şəri təmsil edir. Şərin isə öz əməlindən utanması gerçək görünmür. Sultan Əmirlisi isə, utanmasa ondan yaxşıdır!

Amma etiraf etməliyik: bir istisnamız var. Bu, Yusif Səmədoğlunun “Qətl günü” romanındakı Zülfüqar kişidir. “Nahaq öldürdüm o uryadniki!”

Həm də Zülfüqar kişi ölüm ayağında bu etirafları etməyə başlayır. Hətta demək olar ki, kişinin ölümünün səbəblərindən biri də bu olur. Sarıca oğlu Məhəmmədi günahsız yerə öldürməsi... Sarıca oğlu Məhəmməd onun yuxusuna girir, oyaq vaxtı gözlərinə görünür, son anda isə arxasınca ötəki dünyaya aparır.

Azərbaycan xalqının faciələri tarixən “at belində olan” bu cür insanların səhvi ucbatından baş vermədimi? Tariximiz bu səhvlərlə ləbələb dolu deyilmi? Buna rəğmən etiraf məqamına köklənən insanlarımız niyə bu qədər azdır? Bəlkə həyatda olub da, ədəbiyyata yansımayıb?

Hər halda ədəbiyyatçı həmsöhbətimlə gəldiyimiz ümumi qənaət mənə çox ilginc göründü. Biz nədən etiraf etməyi bacarmırıq?

Etiraf etmək səhvləri düzəltməyin yarısına bərabərdir!

# 3023 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #