...Əgər payız axşamı bir dul gəlin...

...Əgər payız axşamı bir dul gəlin...
27 sentyabr 2013
# 16:14

Seyfəddin Hüseynlinin essesi

“Cavan gəlin, dul gəlin,
Ollam sənə qul, gəlin.
Bu yol gedər-gəlməzdir,
Gəl, gözlərəm yol, gəlin!”

El sözü



...8 il əvvəlin qışı. Azərbaycanın iki məşhur ədibi – ömürlükləri 1940-cı illərdən başlanan iki gözəl insan özünü gündəlik qəzetlərdən birinin redaksiyasında korun-korun yanan qaz sobasının böyrünə verib.

Gah xısın-xısın, gah da hay-küylə dərdləşirlər, ötən günləri saf-çürük edirlər.

Sobanın bir küncünü də qəzetin (həmin illərdə “gənc və perspektivli” sayılan) kiçik redaktoru mənimsəyib. Söhbətə tamah saldığından, işinə ara verib, binanın o başından bu biri başına gəlib həmin maraqcıl redaktor.

Köhnə əyyamlara məzəli ekskursla başlayan söhbətin ucu hərlənib-fırlanıb qalxır (bəlkə də düşür!) “Paris səviyyəsi”nə. Yəni, təxminən, belə:


- Yadımdan çıxmaz, sən bir ara dalbadal qəşəng qonaqlıqlar verirdin. Vışşi! Hamısını da evində. Evi təzə aldığın vaxtlarıydı. Pah atonnan yer-yet, hardasa 25 il keçib e! Amma nə qonaqlıqlarıydı onlar...

- Demə, demə, qardaş canı! Gözəlim vaxtlar vardı...

- Amma, məndə daldalı söz yoxdu ha, qoy burasını da deyim ki, vallah, biz yaxşı bilirdik, sən o qonaqlıqları niyə verirsən, həm də niyə evinə çağırırsan bizi...

- Əşşi, qoy görək e sən də... Buna bax da, başladı yenə...

- Dədəmin adı haqqı, hamıya gümanım gəlməsə də, mən lap dəqiq bilirdim. İstəsən, açıb deyə də bilərəm, burda özgə adam yoxdu, söz qırağa çıxmaz (“özgə” adam varmış amma: budur ha, söz nazik-nazik çıxır qırağa!).

- Ay canım, niyə verəcəkdim axı?! Qonaqlıqdı da, verirdim. Ev yaxşıydı. Elə gərək Bakinin o milçəkli-tarakanlı yeməkxanaları olaydı?! Söz danışdın da...

- Ə, özünü mollalığa qoyma, ay lotu, ağzımı açdırma mənim... Bilirsən ki, elə-belə söz danışmıram mən.

- Vay dədəm vay, hə, aç da ağzını, aç! Əfsanə danışacaqsan da...

- Ə, nə əfsanəsi?! Təzə evlənmişdin onda, arvad səndən bəlkə 15 yaş cavan, özün də “ölüm” sözü eşidəndə sarını udmusan, üyütmüsən həmişə. Bizi qonaqlıq adıyla evinə yığırdın ki, baxın, ay əclaflar, yoldaşımı tanıyın, küçədə-filanda rast gələndə sataşmayın, əsas da, mən ölüb-eləsəm, girişməyin dul arvadıma, evimdə sizə süfrə açıb, qabağınıza çörək gətirib axı...

- Bah, bah, bah! Danışdı da, danışdı da!.. Gör nələr gəlib də ağlına! Atamın goru üçün elə niyyətim olmayıb! Ancaq, sən ki bu fikrə gəlmisən, deməli, düz eləmişəm o vaxt. Elə olmayacaqdı?! Girişməyəcəkdiz?! Bal kimi də girişəcəkdiz! Hələ yazar-çizər də düzəldəcəkdiz ondan!..


...Bu yerdə söhbət qayıdır Bakı məcrasına.

Ancaq “Hələ yazar-çizər də düzəldəcəkdiz ondan” nidası havadan asılı qalır: titrəyə-titrəyə, uğuldaya-uğuldaya... Əcəl zəngi kimi!

* * *

...Dul qadın faktoru yüzillər boyu ədəbiyyatın istəkli predmeti, tükənməz mövzu qaynağı olub. Bütün dünyada da, xəritədə bir barmaq başı boyda yer tutan məmləkətimizdə də dul qadın mövzusu həmişə çəkici gəlib əliqələmlilərə. “Niyə” deyib, bu sualın arxasına gerçəkli-saxtalı min cür səbəb düzmək olar. Amma bunun vəziyyətə - məşşatə əlindən təzəcə çıxmış gəlin qaşının ucu qədər də - bir təsiri yetməz. Çünki “dul qadın” ədəbiyyatın ortasına çox fundamental şəkildə oturub! Bu oturuşun çeşidli məhsulları, növbənöv nəticələri olmazmı? Olub, var, yəqin, hələ olacaq da. Elə indilərdə, bizim buralarda olduğu kimi.

Özünəməxsusluq bizdə – yerdən göyəcən! Miladdan sonrakı üçüncü minilliyin 13-cü ilini yelə verməkdəyik. Bu gerçəkliyin kürəyimizə şələlədiyi məsuliyyət yükü hər nə qədər ağır olsa da, həm zehni, həm də fiziki aktivliyimizi artırıb, deyəsən. Nəticədə biz, hansı işdə olmasa da, bu dul qadın (yerli kontekstdə dul gəlin daha munis, daha zövqlü səslənir, əlbəttə!) məsələsinə yanaşmada dünyanı qabaqlamışıq. Özümüzü bir addım öndə saya bilərik, yəni. Həmin o mübarək addımın sayəsində dul qadın bizdə ədəbiyyat üçün predmet, mövzu, problem olmaq kimi zavallı mövqeyini tərk edib. Obyektdən subyektə çevrilib. Yerini də dəyişib: yazıdan, mətndən qopub, mühitin özünə, içinə yerləşib.

İndi dul gəlindən yazmaq, mətnlərdə onu çarəsiz, məhkum hala gətirib sağa-sola qovmaq, bu yolla guya ədəbi prosesə can vermək dəbdə deyil.

Heç mümkün də deyil, belə görünür ki. Dul gəlin indi özünün həm fitri, həm də qazanılma tilsimkarlığı ilə ədəbi mühitə yön, ədəbi prosesə can verə bilir. Lap bu yaxınlara qədər - guya halına acıdıqlarından – onun haqqında əsərlər bağlamaq sevdasına düşən ər-ərən müəllifləri əvvəlcə bir anda qara-qura sevdalara, sonra da ayaqlara düşürməkdə ustadır indinin dul gəlini. O cür çoxlarını ram edib ora-bura buyurmaqda, qovub həkdən salmaqda üstünü yoxdur. Hər dediyini keçirdər, tək həmlədə neçəsini evindən köçürdər, bir döşünədöyən əliqələmli qabağa durub “yox” deməz.

Deyə bilməz, yəni.

Misal, günlərin birində ya ərindən müvəqqəti aralanar, ya birdibli boşanar, yaxud da hansı səbəbdənsə boş qalar bir gəlin. Səbəb? Nəyisə çatmayıb, korluq çəkib, bəlkə də, yaxud nəyisə artıq düşüb, dingildədib onu; ya bir yaz gününün oynaq havasına, ya da bir payız axşamının həzin ovqatına uyub... Şeytanlıqdır burası!

Əldə-başda nə var? Üst-üstə on beş sətir yazı görüb dünyada, insafən, bəlkə bir üç-beş sətir də yazıb. Nə çarə qılar başına, neylər? Neylərsə, gözəl eylər!. Deviz? Bəlkə yüz ildən bəri hazırdır: “Azad yaşa, şən yaşa!” Bəhanə, alibi? Yazıb da şairimiz, necə lazımdır: “Silkinib çıxmasa qadın mətbəxdən, Nə azad qadın var, nə azad vətən!”


Şəhərdə - paytaxtdadırsa, qalxar, köçər bir səmtdən o biri səmtə, rayonda, kənddədirsə, qopar gələr şəhərə, zahirinə verdiyi sığal-sahman yetməz, batininə də “yeni dünya düzəni” verər, sonra da işarələr... Çox arifi hərifə döndərən işarələr! Bir baxışdanmı, bir gülüşdənmi, indiki dəblə bir statusdan-şərhdənmi, bəd başı, bir “like”danmı başlar macəra – anlamazsan, anlamazsan!..

Onda görərsən ki, “bacı-bacı”ya “qucu-qucu” intonasiyası yüklənib! Bir də baxarsan ki, “xanım”dan “canım” avazı gəlir! Qəfil eşidərsən ki, filan bəylər bir gecədə səylədi!.. Bu minvalla da yazı-pozu işini təzə quymaq bəlləyən dul gəlin tezcənə buyruq buyurar: ideya, mövzu düşünülər! Daha bir buyruq: yazı (yığcamı da qəbuldur, amma irisi - başucalığı) yazılar, ya da oxunub-arınar, hazırlanar! Yenə bir buyruq: bir minvalla çap olunar! Başqa qulluq: bravo, çəpik-çapan! Axırda: dur hoppan!...

Azman-uzman ariflər hərifləndiklərini bilmədənmi, bilib vecə almadanmı, ya da mazoxist bir şövqləmi, keçərlər özlərindən, çıxarlar yoldan. Əsas, yolu itirməkdir, qalanları öz-özünə itib-gedəcək: varlıqdırsa - artıq pul, darlıqdırsa - ailənin ruzisi, hələ qalıbsa – dostluq, xətir, abır... Zəhmət batır, hörmət itir, yerinə töhmət gəlir - bolluca baş töhməti!.. Bəs o həngamədə ədəbiyyat təəssübü, sözün namusu harda... Yersiz, gülünc suala oxşayır, ardı gəlməsin!

Əsl Rey Bredberi situasiyasıdır: ölkənin hansısa küncündə bir gəlin boşanır, boşda qalırsa, ya əri ilə sözü çəpləşir, acığa düşürsə, əvvəl-axır təpik ədəbiyyata, yazı-pozu mühitinə dəyir.

“Güldükləriniz başınıza gəlməyincə, ölməzsiniz” – deyiblər. Evdə-ailədə bənd almayıb, mikrofon dalınca səhnəyə yüyürənlərə, sonra da o səhnədə atının başını yığmaq bilməyənlərə çox gülmüşük! Kəlməbaşı lağa qoyub acılamışıq, qonorar hesabımızda sanballı bir payı da olub onların qarasına yazdıqlarımızın! Deyilənlər gəlir başa...

“Ölümlü dünyada belə mətləblərə ciddi münasibət yersizdir” cümləsini dişinin dibində gəzdirənlərin sayı artıb axır vaxtlar. Məlum tendensiyadır, sui-istifadədir.

Postmodern dünyanın gen-bolluğundan (saxta əlillik, veteranlıq vəsiqəsi gəzdirmək kimi) dolayı yolla yararlanmaqdır. Spekulyativ bir düsturla mənəvi-ədəbi möhtəkirliyi əsaslandırmaq fəndidir bu. Həyat ciddiyyətə dəyməz, eləmi? Bəs onda xam xəyallara qapılıb, bir dul gəlinin qəlbinə yol tapmaq xətrinə, “adam boyda antidepressant” qəlibinə girməkdən ötrü bunca ciddi-cəhd nədir?! Postmodern demirmi ki, mətndən kənarda nə varsa, hamısına bir quş? Deyir. Bəs hanı? Axı burda mətnin nə özü var, nə kənarı: eləcə quşlar var - cürbəcür, rəngbərəng... Bu epoxada pislərin arasından ən az pis olanı seçilməli deyilmi? Niyə ən pis variant seçilir bəs? Harda qaldı zamanın ruhu, onun eklektik ifadəsi? Eklektika nə gəzir, varsa da-yoxsa da, ereksiyadır bizimki...

İlk nəzərdə maskulinizmə, qadın düşmənliyinə yozula bilər bu fikirlər. Əslində, isə mahiyyətə dürüst baxış göstərir, yəni göstərməlidir ki, məlum situasiya kişi başlanğıclıdır: “ərlər-ərənlər” siftədən çəp qoyublar bu işin himini, indi də elə mərhələ yetişib ki, əyrilik göz çıxarır. Dul gəlində laybalay hissiyyatın yatıb-uyumasının, qatbaqat enerjinin yığılıb-qalmasının, sonra da, deyək ki, bir payız axşamı guya yaradıcı yöndə sublimasiya olunmağa başlamasının, kələm kimi açılıb-pardaqlanmasının fəsadlarını ayrı şərtə bağlamaq müşkül görünür.

* * *

Bəlli (yerli) standartlara cavab verən dul gəlinin ədəbi mühitə baş vurması, ancaq ordan baş çıxara bilməməsi, atdığının boşa çıxması, çoxdandır, bizdə sırf istisnai hal sayılır. İstisnanın da hünəri nədir, qaydanı pozsun! Yüzilliklərin o tayından süzülüb gələn ənənələrin üzərində bərqərardır bu sahədəki davranış kodeksimiz. Hazır konseptimiz də var, konspektimiz də: “Qabiliyyətsiz, mərifətsiz qızların / Yüzü bir dərdmənd dul ola bilməz” – bizim daşdan keçən irfani gerçəkliyimiz deyilmi bu?!


“Sənin ərin ölsün, mənim arvadım...” kimi məsum bir niyyət bizdə bəyan olunanda hardaydı Freyd? Heç Fukonun proyekti də yox idi onda! Belə yanıqlı bəyanlarımız dura-dura, məsələsi, “Şən dul qadın” açmaz kefimizi, tutalım, heç “Mehmanxana sahibəsi”ni də meylimiz döyməz. Ən azı “hallıca-dullucalıq” kimi iştahaçan bir estetik kateqoriyamız, gözəlləmə adına əslində çoxlu “dullama”mız, “gəlinnəmə”miz varsa, bu məmləkətdə dul gəlinin ədəbi mühitin qapısından məğmun, əliqoynunda qayıtmasına bir Allah qulunun könlü razı olarmı?! Olmasın gərək! “Əslafımıza çünki həqiqi xələfiz biz!”

Əslafımızın - əcdadımızın da ki dediyi dedikdir:

...Səni sеvən əqli, kamalı nеylər,
Dəxi görmüş, özgə cəmalı nеylər,
Bu dünyada mülkü, ya malı nеylər,
Hər kim оlsa sənin ilən yar, gəlin!;


bir də bunlar:

...Mоllalar məskəni səri-kuyundur,
Оnu görən dönər Kəbədən, gəlin!;

... Məmələrin üstdən çatının zоlu,
Sən qıysan, mən sənə qıymanam, gəlin!;

... Ağarıbdır, qırxmaq оlmaz saqqalı,
Vallah, üzün üstə qоymanam, gəlin!;


hələ beləsi də var:

...Taxtına çıxmanam, taxtın ucadır,
Qоynuna girmənəm, yarı gеcədir.
Dеməginən Mоlla Pənah qоcadır,
Səni tamam yеsəm, dоymanam, gəlin!


Əhsənlər ola əcdadımızdan bizə qalan bu sayaq insan sevgisinə! Hərçənd, çox da əhsənlik bir iş yoxdur. Nədən ki...

* * *

“Molla Pənah axundun bir yaxşı cəmilə, gözəl və məşhurə övrəti var idi, çox sahibcəmal və şöhrətli Məhəmməd bəy dəxi onun hüsn və cəmalının tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə, axund qoca və pirani idi... Övrət Məhəmməd bəyə demişdi ki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ olsa, mən şərən sənə gedə bilmənəm. Bir səbəb bu idi və dəxi qeyri bir para adamlar Məhəmməd bəyi təhrik etmişdilər ki, Molla Pənahı öldürə...”

Vaqifin dul qalan arvadını Məhəmməd bəy alır. Məhəmməd bəy səfər etdiyi Şəkidə bir hiylə ilə öldürüləndən sonra həmən arvad Sarucalı Hadi bəyə ərə gedir. Hadi bəyi çapovulda öldürürlər. Arvad Mustafa xana ərə gedir. Sonra Mustafa xan onu boşayır. Arvad Qarabağa dönür və mayor İmamqulu ağaya ərə gedir... Vaqifin arvadı səksən ildən çox (!) yaşamışdır...”

(Mirzə Camal Cavanşir. “Qarabağ tarixi”; Y.V.Çəmənzəminli. “Molla Pənah Vaqif haqqında”)

Təzə nəsillər əvvəlkiləri ötüb keçməsə, məmləkət batar. Layiqincə ödəməkdəyik bu şərti, xeyli irəliləmişik o vaxtdan. Yoxsa ki əcdadımız? O boyda ərlər, varlı-zorlu kişilər bir dul gəlini ədəbiyyata gətirə bilməyiblər, ötürüblər qapılara.

* * *

Çarə, çıxış yolu? Var da demək olar, yox da. Tutalım, bir payız axşamı bir dul gəlin...

OxuZalı.Az

# 4540 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #