Ərini öldürən qadın harda haqlıdır?

Ərini öldürən qadın harda haqlıdır?
14 sentyabr 2016
# 13:40

Mirmehdi Ağaoğlu

Bizdə boşanma faciəvi hadisə hesab edilir. Cəmiyyət bunu normal qəbul edə bilmir. Ümumiyyətlə bizdə hadisələrə soyuq yanaşma olmur, ya hədsiz müsbət yanaşırıq, ya da hədsiz dərəcədə pis münasibət göstəririk.

İki insan evlənəndə onları elə alqışlayırıq, elə bəh-bəhlə qarşılayırıq, sanki hər evlənmə bu dünyada ilk evlənmə hadisəsidir. Hətta tez-tez belə bir ifadə də işlədirik: “Ömürdə bir dəfə olan şeydir”. Guya haradasa yazılıb ki, hər adam ömründə yalnız bir dəfə evlənə bilər.

Bax, bu kimi sözlərlə evliliyi sakrallaşdırırlar, bunun qarşılığında da boşanmaya böyük faciə kimi yanaşırlar.

Halbuki dünyada qayda belədir, bir-biri ilə yola getməyən insanlar çox rahatlıqla boşanırlar. Cəmiyyət də onların boşanmağını, sonra təzədən evlənməklərini normal qəbul edir.

Bizdə isə...

Təsəvvür edin ər-arvad yola getmir. İllərlə bu şəkildə ailə həyatını davam etdirirlər. Nəticədə kişinin də həyatı məhv olur, qadının da.

Əvvəla boşanmaqdan, həyata yenidən başlamaqdan çəkinirlər, ikincisi cəmiyyət də onların boşanmağını təbii hal kimi qəbul etmir. Üstəlik kişilər adətən boşanma zamanı özlərini daha aqressiv tərəf kimi göstərirlər. “Boşanmaq istəsən səni öldürərəm” kimi təpkilər verirlər. Hətta bəzi kişilər boşanandan sonra da həyat yoldaşının peşini buraxmır, nəticədə arzuolunmaz hallar baş verir. Dəfələrlə mətbuatdan bu cür cinayət hadisələri barədə oxumuşuq.

Belə tükürpədici cinayətlərdən biri isə ötən il sentyabr ayında baş vermişdi. Hazırda bu cinayət işinin məhkəməsi gedir.

Lalə Mahmudova adlı şəxs sevgilisi Sədi Məmmədovla birləşərək əri Kamran Mahmudovu amansızlıqla qətlə yetirib. Onlar Kamran Mahmudovu qətlə yetirdikdən sonra meyiti doğrayaraq torbalara qoyub aparıb İsmayıllıda basdırıblar.

Lalə adlı bu şəxs Sədi ilə uzun müddətdir sevgili imiş.

Lalə Məmmədova məhkəmədəki ifadəsində belə deyib: “Kamranı öldürməyimizə peşman deyiləm. Lakin cinayətin üstünün açılmasına görə peşmanam. Kamran vaxtında boşanmağa qoymadı. O məni ölümlə, uşaqlarımı göstərməyəcəyimlə şantaj etdi. Boşanmadıq, axırı da bu...”

Dəhşətdir. Belə amansız cinayət törədəsən, sonra da peşman olmadığını bildirəsən. Adamın tükləri biz-biz olur. Bu hadisəni təsəvvür etmək belə adamı üşəndirir, amma gör ki, bunu edən şəxs peşman olmadığını söyləyir.

Lalə Məmmədova ifadəsində əri ilə neçə ildir yola getmədiyini, lap çoxdan boşanmaq istədiyini, hətta ərinin ondan şübhələndiyini vurğulayıb.

Bu hallara baxmayaraq mərhum həyat yoldaşı onunla boşanmağa razı olmayıb. Hətta təhdid edirmiş, həyat yoldaşını ölümlə hədələyirmiş, halbuki özü ölümlə üzləşdi. Ərinin ona göstərdiyi münasibət, laqeyd davranışı, boşanmaq istəməməsi o qadını bu cür amansız olmağa vadar edib. Halbuki vaxtında qadını ilə boşansaydı bu cür faciəvi hadisə də yaşanmazdı.

Əlbəttə, Lalə Mahmudovanın əməlinə heç cür haqq qazandırmaq olmaz, bu cür qəddarlığı yalnız insanlıqdan çıxan şəxs törədə bilərdi.

Di gəl ki, Lalənin ifadəsini eşitməməzlikdən gəlməmək gərək. Onun ifadəsində təkcə bir cinayətkarın hissləri deyil, bu cür problemlərlə rastlaşan minlərlə Azərbaycan qadının hissləri, ağrıları, sözünü deyə bilməməyi, barama kimi öz dərdinin içində büzüşüb məhv olmağı var.

İki nəfər birlikdə yaşaya bilmirsə, bunun bircə yolu var-boşanmaq. Əks halda cür cinayətlərlə hələ çox qarşılaşacağıq.

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #