Kişiləri tovlayan boşanmış qadınlar

Kişiləri tovlayan boşanmış qadınlar
24 iyun 2019
# 11:38

Bir dəfə məndən tanış bir qadının ailə vəziyyətini soruşdular. Mən “ayrılıb”, - dedim. “Yəni boşanıb?” - sual verən kişi təəccübləndi. –“Axı o, boşanmış qadına bənzəmir”.

Kişilərin nəzərində “boşanmış qadın” başqa qadınlardan seçilir. Yəqin onlar düşünürlər: boşanmış qadının yemək-içməyi də fərqlidir. Tutaq ki, dəniz ilbizləriylə qidalanır, axşam meymun ciyərini yeyir.

Şərq qadınları üçün ailə - cəmiyyət qarşısında hesabatdır. Nə olur-olsun, ailə qorunub saxlanılmalıdır. Bura zorakılıq halları da daxildir. Qadının döyülməsinə normal baxan toplum onun boşanmasını qəbul edə bilmir. Belə toplumlarda insanın xoşbəxtliyi hesaba alınmır. Əsas olan cəmiyyət qarşısında ailə olaraq görünməkdir. Yəni toplumu aldatmaqdır. Bizim toplum kimi aldadılmağı sevən ikinci toplum yoxdur.

Qlobal, sosial problemləri eyninə almayan toplum “filankəsin qızı boşandı” xəbərini canfəşanlıqla qarşılayır. Dərhal gözlər böyüyür, qulaqlar həssaslaşır. Boşanmayla bağlı hər kiçik xəbər ildırım kimi gəlir. Məsələnin detalları analiz edilir, hərə öz rəyini söyləyir, bir-birinə ötürülən xəbərlər son nəhayətdə elə dolğunlaşmış, əsaslandırılmış olur ki, heç “Bi-bi-si” öz xəbərlərini elə bitkin hazırlayıb təqdim edə bilmir.

Analizlərin 95 faizi qadını suçlu göstərir. Qadınla bağlı hər bir kiçik ştrix yada düşür. “Filan vaxt mini geyinmişdi, yəqin işin içində iş var. Elə geyinən arvadı kim saxlayar” və s.

Üçüncü mərhələdə boşanmış qadın təcrid edilir. Elçilik, nişan, ad qoyma mərasimlərindən boşanmış qadını uzaq tutmağa çalışırlar. Guya boşanma yoluxucu xəstəlik kimi yeni evlənənlərə keçəcək.

Halbuki ideal hesab olunan ailələrdə elə dəhşətlər baş verir ki, heç bir dağılmış ailədə bəlkə də bu qədər nöqsan olmayıb. Yaxud hansısa ailədə qadın da, kişi də bədbəxtdir, amma hansısa səbəblərdən birlikdə yaşamağa məcburdurlar. Bir-birinə zorla qatlanan ər və arvadın birliyini xoşbəxt adlandırmaq olarmı? Nələr baş verməsindən asılı olmayaraq birtəhər qorunub saxlanan ailə xoşbəxtdirmi? Qəribədir, insanlar sevgisizlikdən əziyyət çəkən, amma bir dam altında yaşayan ər-arvadın yeni evlənənlərə pis örnək olacağından ehtiyat etmirlər.

Və yaxud insanlar məgər xəbərsizdirlər ki, dünya fani, sevgilər isə müvəqqətidir? Heç kim heç nədən sığortalanmayıb. Bu gün xoşbəxtliyin rəsminə çevrilən ailə sabah ağlasığmaz fəlakətlərlə üzləşə bilər.

Xoşbəxtlik nisbi anlayışdır. Əbədi xoşbəxtlik mövcud deyil. Əgər xoşbəxtlik əbədi deyilsə kimin xoşbəxtliyini nümunə göstərmək olar?

Nailə və Hikmət Mirməmmədlilərin oğlu dənizdə həlak olandan sonra Hikmət müəllim dərin qüssə ilə dedi ki, indiyə qədər toylarda Nailə xanım yeni evlənənlərə arzu edirdi ki, mənim kimi xoşbəxt olun. Artıq Nailə xanım bu sözləri söyləmir.

Hər kəs öz taleyini yaşayır. Xoşbəxtliyin düsturu da yoxdur. Əgər özünüzü o hisslərə kökləməyə bacarırsınızsa, heç nəyə baxmayaraq xoşbəxtsiniz.

Və yaxud sizin xoşbəxtliyinizdə və ya bədbəxtliyinizdə mənəvi olaraq boşanmış qadının nə kimi rolu ola bilər? Elə isə niyə toplum bu qadınları mənən sıxışdırır, tənə edir? Bəzi Şərq ölkələrində boşanmış qadın cəmiyyətin üzqarasıdır. Məsələn, Hindistanda boşanmış, ya dul qadınlar xınayaxdı və başqa el mərasimlərində iştirak edə bilməz, çünki el-obanın qənaətinə görə, dul qadınların xınayaxdıda əllərinə xına yaxması gəlin köçən qıza uğursuzluq gətirər. Elin-obanın, qohum-qardaşın sevincini bölüşə bilməyən qadınların üzüntüsünü təsəvvür edirsinizmi?

İnsanlar kütlə psixologiyası ilə düşünməyə başlayanda amansız və təhlükəli olurlar.

Qərb ölkələrində boşanmış qadınlara müxtəlif psixoloji köməklər təklif edilir, onların öz ayaqları üzərində durması, özünəinamını bərpa etməsi üçün müxtəlif kampaniyalar aparılır. Şərq ölkələrində isə əksinə, onsuz da depressiyaya düşmüş, ağır situasiyalar yaşamış qadını “talesiz, bədbəxt” deyib damğalayır, cəmiyyətdən uzaqlaşdırmağa çalışırlar.

İnsaf üçün deyək ki, Şərq ölkələrində də Qərbi örnək götürən bəzi gənclər dul qadınlara mənəvi kömək göstərməyə çalışır. Hind filmlərinin birində gəlin köçən qız dul qadınlar da mərasimə qatılmayana qədər əllərinə xına yaxmayacağını bildirir. “Dul qadınların xınayaxdıda iştirakı pis əlamətdir”, - deyən cəmiyyətin etirazına baxmayaraq, insanlara sevgi duyan qız boşanmış və dul qadınların da mərasimə gəlməsinə nail olur. Ürkək halda məclisə gələn qadınlar elə bil sevinməyə də qorxur, çünki bütün sevinclərini qəddar toplum əllərindən alıb. Tədricən mərasimə uyğunlaşan qadınlar əllərinə xına yaxıb sevinir, gülümsəyirlər. Tənha qadınları sevindirməyə nail olmuş gəlin də özünü xoşbəxt hiss edir.

Düzdür, bu edilənlər dəryada damla kimidir. Ayrı-ayrı insanların dünyagörüşünü dəyişmək olar, bir toplumun baxışlarını dəyişdirmək isə qeyri-mümkündür. Qadının ikinci dərəcəli şəxs olduğu toplumlarda bütün situasiyalarda qadın günahkardır.

Ya da tənha qadın potensial təhlükə kimi görülür. “Malena” filmini xatırlayırsınız? Əri cəbhədə olan Malena iş axtarır, amma arvadlarının qorxusundan heç bir kişi onu işə götürmür. Malena həyatda qalmaq üçün “qədim sənətlə” məşğul olmağa məcbur olur. Qadınlar yenə onu qarğıyır, lənətləyirlər. Ancaq bu yola onu toplum özü sürükləyib. Malena yalnız həyatda qalmaq istəyirdi...

# 9705 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #