Göylərin padşahlığına necə girməli?

Göylərin padşahlığına necə girməli?
9 sentyabr 2015
# 14:45

“Mən cırtdanların dəstəsinə baxdıqca ağlayırdım. Ancaq məsələ heç də unutduğum ölkə SSRİ-nin nostalgiyası ilə bağlı deyildi. Cırtdanlar özlərindən qat-qat böyük güllərin-zəngçiçəklərinin arası ilə yeriyirdilər. Bu yekə zəngçiçəkləri mənə nəsə çox sadə, ən əsas da unutduğum bir şeyi xatırladırdı. Mən başa düşürdüm ki, hər predmetin mənə həmin güllər kimi nəhəng göründüyü, xoşbəxt günəşli yolların cizgi filmində olduğu kimi çoxlu olduğu qayğısız uşaq dünyası əbədiyyən keçmişdə qalıb”.

Bu cümlələri rus yazıçısı Viktor Pelevinin “Ampir V” romanından götürmüşəm. Təsirli sözlərdir. Orada əsərin qəhrəmanı Roman (Rama) vampirə çevrildikdə məlum səbəblərə görə öz uşaqlığını xatırlamağa başlayır. Onun yadına valideynləri, otağı, əşyaları, uşaq vaxtı getdiyi yerlər (lagerlər), gördüyü adamlar, baxdığı cizgi-filmləri gəlir; ilk hisslər, ilk predmetlər unudulmaz olur. Girişdə verdiyim parçada söhbət yazıçı Nosovun məşhur qəhrəmanı Neznaykanın və cırtdan dostlarının macəralarından gedirdi.

Uşaqlıq dövründə elə bir məqam, elə bir an var ki, o yeri sən yaxşı yadda saxlamış olursan. Buna sıfır nöqtəsi də demək olar. Məhz həmin nöqtədən qalan hadisələr başlayır. Görəsən kim uşaqlığını axıra qədər xatırlayır. Yaddaş və qəlb burda bizə nə qədər kömək edə bilir? Nələri danışmaq olur, nələri olmur? Sərhəd haraya qədərdir. Uşaqlıq defisiti olmayan adam varmı? Kim uşaqlığını doyunca yaşayıb?

Gəlin, uşaq ədəbiyyatından söhbət edək. Danış, yaddaşım. Andersenin uşaqkən oxuduğum bir nağılı yaxşı xatirimdədir. Yaxşı xatirimdədir, çünki oxuyub xeyli gülmüşdüm. Söhbət “Kralın yeni libası” nağılından gedir. Məktəbli olanda oxumuşdum. Kitabın üzünü, necə göründüyünü xatırlamıram. Qalın bir kitab idi. Oxuyanlar bilir, həmin nağılda fırıldaqçılar ədabaz kralı lüt edib camaat içində biabır edirlər. Sevdiyim bir cizgi filmi də vardı: “Qar kraliçası”. Sonralar bildim ki, o da Andersenin nağılıymış.

Nağılların uşaq fantaziyasına təsiri danılmazdır. Məsələn, Kanada yazıçısı Alis Manro Nobel nitqində Andersenin “Su pəriciyi” nağılından danışır. Manro deyir ki, nağılın sonu çox kədərli idi və mən evimizin həyətində gəzişə-gəzişə nağılın sonunu dəyişib, “happy end”-lə (yəni, xoşbəxt sonluqla) əvəz etdim. Yaradıcılıq da əslində belə başlayır. Sən öz dünyanı, öz qaydalarını yaradırsan. Şedrinin nağılları haqda yazdığım yazıda bir dəfə demişdim: əsas nə yazmaq deyil, necə yazmaqdır.

Ədəbiyyatda uşaqlıq dövrünün ayrıca seçilib təsvir edilməsi oxuduğum qədərilə sentimental yazıçılardan, Sterndən başlayır. Sternə qədər uşaqlıq ciddi ədəbiyyat mövzusu sayılmırdı. Hətta antik dövr müəllifləri uşağı insan saymırdılar, ona görə də ədəbiyyatda uşaqlıq yox idi. Ta ki XIX əsrə qədər. Yalnız XIX əsrin ikinci yarısından yazıçılar diqqətdən kənarda qalmış bu sehrli, möcüzəli aləm haqda yazmağa başladılar. Adlar çəkə bilərik: Renar, Tolstoy, Qorki.

Bir dəfə bir dostumla bulvarda gəzə-gəzə söhbət edirdik. Birdən o, dedi ki, sən bilərsən, indi uşaqlar niyə “Balaca şahzadə” yox, “Harri Potter” oxuyurlar? Açığı bu suala nə cavab verə bilmədiyimdən susmalı oldum. Nədir bunun səbəbi: kapitalizm? zövqlərin dəyişməsi? savadsızlıq? Qoy, oxucu bu barədə özü düşünsün.

Uşaqlıq dövrünün bitib yetkin həyata keçid dövrü gərək ki, psixologiyada və başqa elm sahələrində öyrənilmiş olar. Hər kəsin də öz təcrübəsindən bildiyi kimi keçid, ayılma dövrü ən qəddar bir dövrdür, sənin dünya haqda, insanlar haqda məsum təsəvvürlərinin darmadağın olduğu bir mərhələdir. Bütün insanlar bu hissi yaşayır. Bir balaca bu barədə düşünən adam necə zalım həyata atıldığımızı görər. Mənə elə gəlir ki, Haydeggerin dediyi atılmış hissini adamlar qayğısız uşaqlıq dövrü bitdikdən sonra anlayır. Ancaq bunu da bilirəm ki, tanıdığım ən həssas, humanist adamlar içində, ürəyində uşaq olaraq qalmış adamlardır.

Yazımı dünyanın ən humanist obrazı İsa peyğəmbərin sözləri ilə bitirmək istəyirəm.

O zaman şagirdlər İsanın yanına gəlib dedilər: “Göylərin Padşahlığında ən böyüyü kimdir?”. İsa da yanına bir kiçik uşaq çağırıb, onu ortalarında durdurub dedi: “Doğrusunu sizə deyirəm: Əgər siz dönüb uşaqlar kimi olmasanız, Göylərin Padşahlığına əsla girə bilməzsiniz. Beləliklə, bu uşaq qədər kiçilən, Göylərin Padşahlığında ən böyüyüdür”.

# 897 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #