“Şvabra” görəndə sevinən qadınlar

“Şvabra” görəndə sevinən qadınlar
11 iyun 2015
# 11:46

Qadın yenicə ölkə fəth etmiş sərkərdə kimi şəstlə yeriyirdi, “şvabra”nı elə tutmuşdu ki, sanki əlindəki “pol ağacı” deyil, bütün bağlı qapıların açarıdı.

...Onu ən çox gülüşünə görə yadda saxlamışdım. Raya beş-altı il əvvələ qədər mənimlə bir məktəbdə işləyirdi. Amma müəllimə yox, xadimə. Anadangəlmə, ya sonradan qazanılmış olduğunu dəqiq bilmədiyim fiziki qüsuru vardı, yüngülvarı axsayırdı. Qəribəsi o idi ki, güləndə üzündə sanki bu qüsurun bir hissəsi olan əcaib təbəssüm yaranırdı. Üst dodağın sağ kənarları yuxarı, alt dodağın sol küncü aşağı dartılırdı. Bu zaman onun qıyılmış sağ gözündə inamsızlıq və kədər, iri açılmış sol gözündə isə gülüş olardı. Mən ürəyimdə bu mimikanı “çəp gülüş” adlandırırdım.

Həyata və taleyə bu çəp gülüşlə gülən Raya yaşadığı əyalətdən başını götürüb Bakıya işləməyə gəlmişdi. Belə adamları xadimə, süpürgəçi, qarovulçu işlərində çox görmüşük. Bu yerdə cənabü-şeytan xahiş edir, sizə çatdırım ki, bu, təkcə işəgötürənin insaf performansı deyil, həm də ucuz işçi qüvvəsinə olan ehtiyacıdı.

Amma “Kor Allaha necə baxırsa, Allah da kora elə baxır” misalında olduğu kimi bu cür “ucuz işçi qüvvələri” əllərinə bir az sərfəli iş düşən kimi öz müdirlərini asanlıqla “dəyişirlər”. Raya da həmin bu səbəbdən bir müddət əvvəl bizim məktəbdən getmişdi.

Beş-altı il sonra onu eyni binanın eyni dəhlizində görəndə yenə də üzümə eyni çəp təbəssümlə gülümsəyib, beş-altı ilin özətini beş dəqiqəlik tənəffüsdə qısaca danışdıqdan sonra başı ilə müdirin otağına işarə elədi: “Səncə, məni götürəcək?”

Bu sualın cavabı mənim məntiqimdən çox, bizim müdirin ucuz işçi qüvvəsinə olan ehtiyacının dərəcəsindən asılı idi. Ona görə zəngin vurulmasını bəhanə edib, çiynimi çəkməklə canımı qurtardım. Tezliklə də bu məsələni unutdum, sinif otağından çıxanda biz yenidən qarşılaşmasaydıq, heç xatırlamayacaqdım da.

Bax elə onda mənim sizə danışmaq istədiyim hadisə baş verdi. Otaqdan çıxanda Rayanın əlində “pol ağacı” üzü mənə tərəf gülə-gülə gəldiyini gördüm. Başımı aşağı salıb yanından sürətlə keçdim. Yalnız bircə anlıq baxışdıq və həmin an gözümün ucuyla gördüyüm o mənzərəylə Raya mənim səsləndirmədiyim suala öz sözsüz cavabını verməyə imkan tapdı. Qadın yenicə ölkə fəth etmiş sərkərdə kimi şəstlə yeriyirdi, “şvabra”nı elə tutmuşdu ki, sanki əlindəki pol ağacı deyil, bütün bağlı qapıların açarıdı.

Həmin an bu lənətəgəlmiş ibarəli cümlə beynimə gəlməsəydi, xüsusən də o beşmərtəbə təşbeh olmasaydı, siz indi bu yazını oxuyası olmayacaqdız. Son vaxtlar bütün bənzətmələrdən bezmişəm. Amma mən o qadının yerişindəki o gizli ştrixi, yəni şeytanın gizləndiyi detalı bədii təsvir vasitəsinin köməyi olmadan heç özüm üçün də ifadə edə bilməzdim.

Özüm üçün ifadə etdikdən sonra isə artıq sizə danışmaqdan özümü saxlaya bilməzdim. Çünki o mənzərənin sizin də eynən mənim kimi “görmənizi” dəhşətli şəkildə arzulayırdım.

O gün o dəhlizdə mənim və Rayanın- iki əks tərəfə gedən iki müxtəlif işçi qüvvəsinin, əli qələmli və əli “şvabralı” iki qadının gözünün ucuyla, ani baxışla bir-birinə ötürdüyü gizli kod nəydi?!

Niyə mən indi o kodu açmaq üçün bu yazını yazmaq zorundayam?! Bax Şekspir demiş, “budur məsələ!”

İlk dəfəydi ki, mən Rayanı normal gülümsəyən görürdüm. Həyat əlindəki “şvabra”nı alıb təzədən qaytarmaqla bu fiziki qüsurlu xadiməyə başa salmışdı ki, ona çəp-çəp gülmək olmaz.

Əlbəttə, bəzən pol ağacı da hansısa çıxış yoludu. Bəzən əlində “şvabra” olan da əlində “şvabra” olmayandan daha şanslı ola bilər. Bəzən döşəmə silgisi universitet diplomundan daha çox işə yarayır.

Burdan o tərəfə mövzu şaxələnir, ardını hər oxucunun öz öhdəsinə də buraxmaq olar. Çünki burdan o yana çığır itir. Burdan o tərəfə getmək axmaqlıqdır. Amma mən “dalşe” gedirəm. Ağlıma yaxşı dissertasiya mövzusu gəlir: “Çörəyi qələmdən çıxan qadınla çörəyi “şvabra”dan çıxan qadının oxşar və fərqli xüsusiyyətləri”.

Biz ikimiz də eyni binanın eyni dəhlizində gəzirdik, eyni müdirə tabe idik və bu, bizim oxşar cəhətimiz idi. Fərqli cəhətimiz isə oydu ki, Rayanın öz işinə tez-tez xəyanət etmək azadlığı vardı və mənim kimi heç bir ibarəli cümlə haqqında düşünmək məcburiyyəti yoxdu.

Bu mövzunu müdafiə edib yaxşı fəlsəfə doktoru olmaq olar...

# 1040 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #