Ədəbi mühitin iyrənc tərif oyunları

Ədəbi mühitin iyrənc tərif oyunları
21 yanvar 2015
# 11:46

Çox vaxt mənə deyirlər ki, niyə hamı səni çox istəyir? Bunun çox sadə bir cavabı var, çünki mən ədəbi mühitdə insanlarla konfliktə getməyi sevmirəm. Ədəbiyyatda o adamlar şou yaratmağa can atırlar ki, onlar istedadsızlıqdan əziyyət çəkirlər, kimisə söyməklə, kimisə yıxıb-sürüməklə öz varlıqlarını yada salmaq istəyirlər. Onlar ədəbi mətn yaratmaq iqtidarında deyillər, bir sözə can verməyi bacarmırlar, amma ürək bulandırmaqla, yeyib-içmək məclislərində istedadlı adamların qarasınca danışmaqla, onlara lağ etməklə, şəbədə qoşmaqla, sosial şəbəkələrdə həmin adamları qaralamaqla məşğuldurlar.

Şəxsi münasibətlər üzərində qurulan ədəbi tənqid formalaşıb. Hansı tənqidçi hansı yazıçı haqqında difiramb yazırsa, yaxud kitabına ön söz yazırsa, o yazıdan araq-kabab qoxusu gəlir. Hansısa əsəri təhlil edən tənqidçinin tərəzinin bir gözünə həmin mətni, digər gözünə isə ədəbi vicdanını qoyub obyektiv yazı yazmasına çox az rast gəlmək mümkündür. Qonaqlıq verib, tərifləməlisən, ondan asılısan, tərifləməlisən, ona işin düşüb, tərifləməlisən. Bu gün ədəbi tənqidin obyektivlik dərəcəsi badə dostluğu ilə ölçülür. Hansısa yazıçını bir müddət hansısa tənqidçinin həndəvərində dolaşan görürsənsə, demək, yaxın zamanlarda həmin tənqidçi o yazıçının “əməyi”ni mütləq qiymətləndirəcək. Vay o gündən ki, tənqidçi o yazıçının bu canfəşanlığına adekvat cavab verməyə. Onda artıq cəbhələşmə başlayır. Nümunə üçün bir misal çəkim. Vaxtilə Əsəd Cahangirin müridləri olmuş gənc yazarlar bir müddət sonra onun qəti əleydarına çevrildilər. Mənimsə Əsədlə münasibətlərim 15 əvvəl necə idisə, indi də sabit və dəyişməzdir. Aramızdakı fikir ayrılığı bizi heç vaxt ədəbi düşmənlərə çevirmədi.

Mən heç cür anlaya bilmirəm ki, bu adamların dərdi-azarı nədir. Bütün günü çayxanalarda oturub “filankəs bezdarnikdir”, “filankəs mənasız adamdır” deyə onu-bunu yamanlamaqla, bu adamlar sanki həmin yazarlardan təmin olunmamış eqosunun, istedadsızlığının, uğursuzluğunun qisasını alırlar. Neyləyəsən ki, istedad və insani keyfiyyətlər çox vaxt bir araya sığmır.

Anlamırlar ki, özləri bütün günü mənasız işlərlə məşğuldurlar. Tükənmiş, vaxtilə yazdığı şeirlərin havası hələ də başından çəkilməyən şairlər var ki, aqressiyası aşıb-daşır, onlar hamıya yuxarıdan aşağı baxır, hamına “istedadsız” yarlığı yapışdırır, fürsət düşən kimi onları aşağılayır, təhqir edir. Bu, artıq xəstəlikdir.

Başqa bir məqam. Bir qism dostlar var ki, başqalarının yazılarında eşələnib ədəbi təftişlə məşğuldurlar; görək kim kimdən plagiat edib? Bilənlər bilir, mənim yazılarımdan dəfələrlə plagiat edənlər olub. Döşünə döyən yazıçıların əsərlərində öz yazılarımdan, hekayələrimdən abzaslara rast gələndə gülüb keçmişəm. Ad çəkməyə lüzum görmürəm. Bilənlər bilir. Bir dəfə bir yazar dostumun yanında bunu dilə gətirdim, mənə dedi ki, sənin dünya ədəbiyyatında gedən proseslərdən xəbərin yoxdur, xəbərin olsaydı, bilərdin ki, bu, bir ədəbi priyomdur və bu priyomdan istifadə edən yazıçılar heç bunu gizlətmirlər də. Bizim yazıçılardan birinin müsahibəsini oxumuşdum, orda o, bir neçə əsərin adını sadalayırdı və deyirdi ki, romanımda bu əsərlərdən istifadə etmişəm. O vaxt bu tipli performanslar mənə bir az qəribə, hətta təəccüblü gəlirdi. Məni plagiatlıqda ittiham edən dostumuzun təbirincə desəm, “dərin savadım, təcrübəm və fəhmim” belə şeyləri dərk etməyə yetmirdi.

Sonra gördüm ki, hətta Orxan Pamuk kimi dünyaca ünlü bir yazıçı da Ekodan, Dostoyevskidən müəyyən şeyləri oğurladığın etiraf edir. Bunu sözgəlişi yazdım. Əslində dediyim bu ki, bütün sözlər deyilib qurtarıb, biz təzə söz demək iqtidarında deyilik. Hamımız müəyyən mənada kimlərdənsə təsirlənib yazırıq. Bunsuz yaradıcılıq mümkünsüzdür. Bu gün hansısa şair Şopenhauerin bir aforizmini olduğu kimi öz şeirinə köçürürsə, buna da təəccüblənmirik. Belə misalların sayı-hesabı yoxdur.

Mənim yazım Bulqakovun “Master və Marqarita” və Ç. Aytmatovun “Qiyamət” əsərlərindəki paralellər üzərində qurulub. Gənc dostumuz hesab edirsə ki, bu, plagiatdır, daha mənim ona deməyə heç bir sözüm qalmır. Facebook səhifəmdə hər iki yazını paylaşmışam, oxuyanlar özləri nəticə çıxarsınlar.

Mənim ədəbiyyatda heç vaxt iddiam olmayıb, bacardığımı yazmışam, bacarmadığımı yaza bilməmək də məni qətiyyən narahat eləmir. Dünyanın yükünü daşımaqdan yorulub artıq onu da çiynimdən atmışam. Mənim çiynimdəki yükün ağırlığını da hər adam daşıya bilməzdi. Heç kəsə də bunu arzulamıram.

Bütün qələm dostlarımın uğuruna, yaxşı yazısına, yaxşı şeirinə həmişə ürəkdən sevinməyi bacarmışam. Özümü xoşbəxt hesab edirəm ki, mənim içimdə heç vaxt heç kəsə qarşı kin, həsəd, paxıllıq hissi olmayıb və bundan sonra da olmayacaq. Və buna görə daxilən çox rahatam.

İçinizdəki işığı qoruyun, dostlar!

# 1547 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #