Kulis.az tanınmış jurnalist, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinun “Yeni yüzil” qəzetinin 30 mart 2002-ci il sayında dərc olunmuş “Pessimist kinokomediya” yazısını təqdim edir.
Telekanallar Azərbaycan kinoklassikasının şedevri “O olmasın, bu olsun” filmini tez-tez göstərirlər.
Üzeyir Hacıbəyovun bu əsərilə populyarlıq və uzunömürlülük baxımından ancaq elə onun “Arşın mal alan”ı rəqabət apara bilər. Amma “O olmasın, bu olsun”un baş qəhrəmanı Məşədi İbadla çətin ki, kimsə ayaqlaşa bilsin.
Belə bir təcrübə keçirək: ən ucqar bir Azərbaycan kəndində qarşımıza çıxan ilk 100 nəfəri saxlayıb soruşsan “Məşədi İbad kimdir”, düşünmürəm ki, cavab verməyə çətinlik çəkən bir nəfərdən çox olsun. Hələ bəlkə az oldu. Yəni bu qəhrəmanı bizim cəmiyyət yaxşı tanıyır – Məşədi İbad bizdə ən tanınmış mənfi personadır.
Belə bir sual yaranır: bəs niyə mənfi? Etiraf edim ki, bir çoxları kimi mən də bu filmə azından 50 dəfə baxmışam, amma bu sual əvvəllər ağlıma gəlməyib. Axı Məşədi İbad neyləyib ki, bütün ictimaiyyət 100 ildir onun simasında əsas tənqid hədəflərindən birini müəyyənləşdirib?
Başının əsrarəngiz dazlığından başqa axı “onun nəyi” bizi qane etmir?
Mənə belə gəlir ki, uğursuz adaxlıbazlıqla bağlı bu hadisəyə məhz belə nöqteyi-nəzərdən baxmağa cəhd etsək, təsirli və təəssüf ki, uzaqgedən nəticə alınar: mənəviyyat və etikanın əsasları çərçivəsində Məşədi İbad bu çoxpersonajlı pyesdə mahiyyət etibarilə yeganə əxlaqlı adamdır.
Və bu halda yuxarıda verilmiş sualı bir qədər başqa cür də qoymaq olar: cəmiyyətimiz nə haldadır ki, məhz bu adam hamının istehza hədəfinə tuş gəlib?
Filmi göz önünə gətirin: Məşədi İbad yeganə adamdır ki, öz əməyinin hesabına dolanır. Qalan personaların isə gəliri ya açıq-aşkar kriminal xarakterlidir (qoçunun açıq soyğunçuluğu və reketçiliyindən tutmuş “ziyalı”ların xırda dələduzluğuna qədər), ya da dumanlıdır, daha doğrusu ən azı şübhəlidir. O cümlədən baş müsbət qəhrəman olan adaxlı Sərvərin də.
Əlbəttə, tələbə geyimi ona çox yaraşır, amma bu, sözügedən mühüm məsələni heç bir vəchlə aydınlaşdırmır.
Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu o, həmin başqalarından fərqli olaraq tamaşaçının gözləıri qarşısında özünün dar dükanında halal yolla qazanır. Amma bununla belə, yenə də hamıda qıcıq yaradır. Niyə?
Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O cümlədən başqasına nişanlandığı halda, öz evində Sərvərlə gizli görüşən “başıaşağı” Gülnaz da. Və onlardan heç biri cəmiyyətdə qıcıq yaratmır. Bütün bu kütləvi yalançılıq və kəfgəlmə atmosferində təkcə Məşədi İbad axıracan ancaq düz danışır. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir.
Elə odur ki, onu aldatmaq da çox asan başa gəlir və filmdə hamı da bundan istifadə edir. Bu yalançıların “bacarığı”ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin “primitivliyi”ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib.
Ümumi mənafebazlıq fonunda Məşədi İbad yeganə əliaçıq adamdır. Hər halda ondan başqa heç kim heç kimə pul vermir. Hamı nə mümkündürsə, qamarlamağa çalışır. Düzdür, Məşədi də pulu şadyanlıqla paylamır. Amma bunun səbəbi simicliyi yox, hər addımbaşı aldadılmasını dərk etməsi və ondan doğan incikliyidir. Bununla belə, yenə də ödəyir və bunu özxoşuna edir, çünki heç kim onu məcbur edə bilməz.
Uzun illər boyu dəyişən tamaşaçılar nəsli isə əliaçıq “axmağ”a gülməklə yanaşı, hətta hamamda da əllərini ciblərinə salmayan dələduz simiclərin hərəkətlərindən zövq alırlar.
Bəlkə də ona gülürük ki, Məşədi İbad axmaqdır? Onda ağıllı tamaşaçı düşünməliydi ki, bu tacirin ağıldankəmliyinə dəlalət edən nədir?
Ətrafındakılardan fərqli olaraq, o, rüşvət almır. Kəskin rəqabət şəraitində işləyir. Bütün bunlarla yanaşı, ətrafındakı “ağıllı”lardan fərqli olaraq işləri elə yaxşı gedir ki, onlar dillərini dişlərinə sıxaraq Məşədinin qarşısında “ləbbek” deyirlər. Axmaq üçün çox yaxşı nəticədir. Elə təəssürat yaranmırmı ki, bu personajın ağıldankəmliyinə gülən milyonlarla həmvətənimiz, əslində özləri də bilmədən onun düzgünlüyünə, səmimiliyinə və əliaçıqlılığana istehza edirlər?
Niyə elə həmin milyonlarla tamaşaçı təbii olaraq Məşədi İbadın halına acımır? Məşədinin günahı nədədir? Ondadır ki, subay bir kişi olaraq ailə qurmaq və gənc gözəl bir qızla evlənmək istəyir? Axı burda pisləniləsi nə var? O, qızı qaçırmayıb, sadəcə adaxlanmağa gəlib, özü də yeri gəlmişkən, yaşını gizlətmədən. Digər yandan heç kim onun istəyini rədd etməyib, əksinə, şərait yaradıblar, vəd veriblər. Və nəticəsi nə oldu? Tamaşaçının gözləri qarşısında halal adam olan Məşədini aldatdılar, soydular və döydülər..
Bir günahsız qurban olaraq Məşədi İbad cəmiyyətdə mərhəmət hissi doğurmur. Tamaşaçıların simpatiyası Məşədiyə qalib gələn o gənc adaxlı Sərvərin tərəfindədir.
Nəylə qazanıb o gənc adaxlı simpatyaları, məlum deyil. Bəlkə ola bilsin, fasonlu saç düzümüylə? Bəlkə tapançanın dəstəyini silahsız adamın başına vuraraq halalca nişanlısından imtina məktubu yazmağa məcbur eməsiylə?
Yaxud istəklisinin atasını və onun qızını güllələmək hədəsiylə?
Onun başqa hər hansı qəhrəmanlığını xatırlaya bilmirəm, amma tamaşaçı onun bu uğuruna səmimi olaraq sevinir.
Üzeyir Hacıbəyovun bu ölməz əsəri komediyadır. Amma onun üzərində bir qədər düşündükcə, pessimist duyğulardan qurtulmaq çətin olur. Qarşımıza çıxan problemlərin çoxunun kökü məhz ictimai dəyərlər sistemindədir – nə doğrudur, nə yaramazdır, insanlar kimə bənzəmək istəyirlər, kimə istehza etməyə hazırdırlar...