Rasim Balayevin bağışlanmaz səhvi

 Rasim Balayevin bağışlanmaz səhvi
23 avqust 2019
# 11:15

Firudin Qurbansoy bir fikir səsləndirib, qayəsi bundan ibarətdir ki, sovet zamanında təsəvvüf, hürufilik doğru təbliğ oluna və öyrənilə bilməzdi, ona görə, İsa Hüseynov İmadəddin Nəsimini yaxşı bilmirdi və ssenari də, sonralar ssenaridən ilhamlanaraq yazdığı “Məhşər” romanı da zəif alınıb.

Adam bir fikir deyib. Və bu fikrin İsa Hüseynovla bağlı məqamı mübahisəli olsa da birinci hissəsi danılmaz faktdır. Bunu Firudin Qurbansoydan əvvəl Əbülfəz Elçibəy də etiraf eləmişdi. Bildiyiniz kimi Əbülfəz bəy şərqşünas idi və müsahibələrinin birində demişdi ki, sovet cəmiyyətində heç vaxt yaxşı şərqşünasın yetişməsinə imkan verməzdilər. Sovet ideologiyası Şərq fəlsəfəsini, xüsusən İslam dininə dayanaraq yaranmış bir çox fundamental dünyagörüşlərini öyrətmək istəmirdi.

Təsəvvür edin, 1941-ci ildə, müharibənin qızğın vaxtı Stalinin göstərişi ilə Nizami Gəncəvinin 800 illiyi keçirilirdi. Niyə? Stalin Nizami Gəncəvi qədrini bilirdi? Əlbəttə, yox! O, sadəcə Nizaminin əsərlərindəki sosial bərabərlik ideyasını sovetləşdirirdi. Halbuki o sosial bərabərlik İslamdakı sosial ədalət anlayışına dayanırdı. Və Satalinə Nizamini ilkin kontekstindən çıxarıb, ondan utopik sosialist düzəltmək lazım idi.

Düzdür, bunun nəticəsi olaraq biz Nizamini bir şair kimi qazandıq, lakin dürüst qazana bilmədik və hələ də bilmirik.

Ən dəhşətlisi, bütləşmiş bu düşüncələrə qarşı çıxmaq olmur!

Xırda bir misal. Klassik ədəbiyyatın latın qrafikasına çevrildiyi vaxt biz bir qrup gənc məsələ qaldırdıq ki, Nizaminin sovet dövründə təhrif olunmuş tərcümələrinə yenidən baxılsın. Xalq şiri Fikrət Qoca məsələ ilə bağlı açıqlama verdi ki, bunu deyənlər təkcə Nizamini yox, həm də Nizamini tərcümə edən dahi şairlərimiz Səməd Vurğunu, Rəsul Rzanı, Abdulla Şaiqi, Xəlil Rzanı, dolayısı ilə ana yurdu, doğma vətəni sevməyən nadürüstlərdir!

Məsələ bununla da qapandı!

Səməd Vurğun bir yana, Rəsul Rzanın tərcümələrini tənqid etmək olar? Özün nə yazmısan ki, dil uzadırsan Rəsul müəllimə? Hanı sənin “Rənglər”in, hanı sənin “Ulu çinar” şeirin? Əlbəttə, bu, Anarı sevməyənlərin işidir. Onun böyüklüyünü gözü götürməyənlər çoxdur.

Eynən Firudin Qurbansoya da münasibət bu cürdür. Falabaxanmış! Tamam, lap deyək münəccimlik elə falabaxanlıqdır, falabaxan doğru danışa bilməz? Bəlkə, məsələni şəxsiləşdirmədən onun dediyi fikrə baxaq. Bəyəm İsa Hüseynovun hansısa əsərini tənqid eləmək üçün “Məhşər”dən yaxşı roman yazmalıyıq? Bu nə məntiqdir belə?

Çox təəssüf ki, bəzən bizim qələm adamları arasında da belə düşünənlər olur. Hələ də o bolşevik düşüncəsi yaşayır ki, klassiklərdən hərə öz bildiyi obrazı düzəltməyə çalışır.

Eləcə də Xalq artisti Rasim Balayev. Onun oxuduğu qəzəllər haqqında deyilən tənqidi fikirlərə münasibətinə baxın:

“Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin. Biz nə deyirik ki? Danışır ki, guya Nəsiminin şeirləri filmdə düzgün oxunmayıb. Mənim müəllimim Əli Fəhmi olub, onun dırnağı Firudin Qurbansoydan min qat istedadlı idi. O, getsin Əli Fəhmidən öyrənsin, sonra gəlsin. Bu gün tamaşaçı “Nəsimi” filmini sevə-sevə izləyir. Bu da “çevir tatı, vur tatı” danışır, özünün guya intellektini, ağıllı olmasını göstərir. Belə oğulsan, get yaxşı ssenari yaz, ortaya qoy, biz də deyək ki, afərin!”

Məntiqə baxın. “Nəsimi” filminin ssenarisi haqda tənqidi fikirlər səsləndirmək üçün daha gözəl ssenari yazmaq lazımmış! İkinci, Əli Fəhminin dırnağı Firudin Qurbansoydan min qat istedadlı imiş. Əli Fəhmi bütdür bəyəm? Səhv edə bilməz? Sirr deyil ki, Nəsiminin bir çox qəzəllərinin özündə əruzun sınması ilə bağlı fikirlər var. Əli Fəhmi papadan artıq xristiandır?

Söhbət Firudin Qurbansoyun haqlı olub-olmamağında deyil, onun tənqid edə bilmək azadlığındadır. Şəxsən mən F.Qurbansoyun İsa Hüseynovla bağlı dediyi fikirlərlə qəti razı deyiləm. Mənə görə, 20-ci əsrin ən yaxşı Azərbaycan romanı “Məhşər”dir. Lakin bu, Firudin müəllimin tənqid etmək haqqını tanımağıma mane olmur. Biz adamın şəxsini deyil, dediyi fikirləri müzakirə etməliyik. Fikrət Qoca kimi ədəbi-ictimai bir məsələni şəxsiləşdirib gülməli duruma düşməməliyik.

# 6102 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #