Bibisini öldürən oğlanın yalanı

Bibisini öldürən oğlanın yalanı
29 iyul 2019
# 10:31

Yenə növbəti qadın öz azadlığının qurbanı olub. Sərbəst həyat tərzinə görə qətlə yetirilib. Qətlə yetirən də özgəsi yox, doğmaca qardaşı oğludur.

Qardaşoğlunun dediyinə görə, bibini “namus üstündə” öldürüb. Bir neçə dəfə gənc qadını izləyib, onun bir neçə oğlanla görüşdüyünün şahidi olub. “Qeyrəti” yol verməyən oğlan “namusunu təmizləyib”.

Yəqin ki, ibtidai təfəkkür sahiblərindən ona haqq verənlər də olacaq. Təəssüf ki, qadın belələri üçün şəxsi müstəqilliyi olmayan, yalnız kişilərdən asılı bir şəxsdir.

Bu adamların fikrincə, qadını namus üstündə döymək, hətta öldürmək də olar.

Mental dəyərlərdən dəm vuranlar ailə dəyərlərini niyə unudurlar? Ailə dəyərləri də mental dəyər deyilmi? Bir qadının öz şəxsi həyatına sahib çıxması ailə üzvlərinin bir-birini qanına qəltan etməsindən daha dəhşətlidir?

Bibisini öldürən “qardaşoğlu” belə bir ssenari cızıb; guya əvvəl elə zənn edib ki, o, bir nəfərlə görüşür. Sonra izləyib və görüb ki, onlar bir neçə nəfərdirlər.

Çox güman ki, bütün bunları qatil özündən uydurub.

Bu adam bibisinin bir oğlanla deyil, bir neçə nəfərlə görüşdüyünü deyərək qadına əxlaqsız damğasını vurur və qatilliyinə daha tutarlı səbəb uydurur.

Tutaq ki, bibini izləyərək biriylə görüşdüyünü öyrənib və bunu normal qəbul edib. Amma təqiblərini nəyə görəsə dayandırmayıb və izləməkdə davam edib. Bu dəfə də başqa bir adamla görüşdüyünün şahidi olub. Üçüncü gün yenə izləmələr davam edib və bu dəfə “namuslu qardaşoğlunun” ayrı bir adam çıxıb qarşısına.

Sözsüz ki, bütün bunlar cəfəngiyatdır. Birincisi, bibinin həyatında bir adamın olduğunu öyrənən qardaşoğlu niyə təqiblərdən əl çəkmir? İkincisi, dediklərindən belə çıxır ki, bibinin həyatında bir adamın olduğuna normal, yəni sivil adam kimi yanaşır. Belə sivil təfəkkürə malik adam hətta bir neçə adamın olduğunu öyrənəndən sonra da bu qədər vəhşiləşib qatilə çevrilməz. Bibiylə danışmağa, məsələni aydınlaşdırmağa çalışar. Nə olur olsun, həmin sivil adam bu vəhşiliyi törətməz.

Üçüncüsü, bibinin həyatında tutaq ki, bir neçə adam var. Bu qadın müstəqil bir insan deyilmi? Qadın olduğu üçün həyatı barədə ətrafdakılara hesabat verib, onların razılığnı almalıdırmı? İbtidai təfəkkürlü adamlar nə zaman qadının da canlı insan olduğunu dərk edəcəklər?

Kişilər döyərək öldürdükləri qadınlar haqqında adətən, eyni ssenarini cızırlar: “Mən ona niyə belə etdiyini soruşanda özüm bilərəm deyib üstümə bağırdı və məni söydü”.

Niyə görəsə “namuslu kişilər” tərəfindən öldürülmüş qadınlar eyni davranışda bulunurlar. Hamısı da “özüm bilərəm” deyib söyüş söyür. “Namuslu kişi” də bu təhqirlərdən əsəbiləşib önu qanına qəltan edir.

Birincisi, belə bir vəziyyətdə heç bir qadın “özüm bilərəm” deməz. Yəqin ki özünə haqq qazandırmağa, təmizə çıxarmağa (əgər günahı varsa) çalışar. Bəlkə də üzr istəyər, yalvarar. Çox reaksiyalar ola bilər. Amma qatillərin yalnız bir versiyası var.

Nədənsə qadın hüquqlarından danışanda bəzi kişilər qıcıqlanır, kinayə edirlər: “Bəlkə dünyanı qadınlara verək?” Amma istehzalı yanaşmanın əvəzində öldürülən qadınların taleyi haqqında bir az düşünsələr, hamı üçün faydalı olar. O qadınların ki, uşaqları ana qayğısından məhrum olub, uşaq evlərinə atılıblar, ailələri ömür boyu övlad dağıyla yaşamağa məhkum olunub. Aktrisa Nuriyə Əhmədovanın qızını xatırlayırsınız? Onun da qızı qatil ərin qurbanı olmuşdu. Həm də ana olduqdan bir neçə gün sonra. Aktrisa ömrünün sonuna kimi özünü ovudaraq yaşadı. Çünki qızının əmanəti olan körpəni böyütməliydi.

Bu yazını yazanda daha bir kişinin 21 yaşlı həyat yoldaşını qətlə yetirdiyini eşitdim. Qətlin səbəbi hələ bəlli deyil, amma çox güman ki, eyni ssenariylə qarşılaşacağıq “...O mənim üstümə bağırdı və söydü...”

Məsələ burasındadır ki, qatilə çevrilən bu şəxslər öz əməllərindən peşmanlıq hissi də duymurlar və özlərinə bəraət qazanmaq üçün qurbanlarına olmazın iftiralar atmaqdan çəkinmirlər.

Həyat yoldaşını boğub pəncərədən atmış narkotik istifadəçisi olan şəxsin məhkəməsi barədə yazını oxudum. Qeyd edim ki, qətlə yetirilən qız xaricdə təhsil almışdı, ziyalı ailənin övladıydı. Məhkəmədə gözüyaşlı ananın ifadəsini dinləyən qatil kürəkən tez-tez onun sözünü kəsirmiş: “Xahiş edirəm, düz danışın, axı burda söhbət mənim taleyimdən gedir!”

Deməli, gözəl bir qadını həyatdan məhrum edib iki azyaşlı uşağı anasız, ahıl ata-ananı gözüyaşlı, övladsız qoymuş bu şəxsin həyatı özü üçün bu dərəcədə qiymətliymiş!

Odur ki, “bütün dünyanı qadınlara verməyə” ehtiyac yoxdur, sadəcə onun öz həyatına sahib çıxmasına imkan verin, bu yetər.

# 6113 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #