Kulis.Az aktyor Rasim Cəfərin “Mən niyə beləyəm?” yazısını təqdim edir.
Dünən gecə sübhə qədər bir zərrə gözümü yumdumsa, hər gün nəzir-niyaz eləyib budaqlarına əski bağladığım ağac mənim gözlərimi bir dəfəlik yumsun. Bir fikir gözlərimə düşmən kəsilib yuxu deyilən şeyi yaxın buraxmadı. Çox fikirləşdim ki, ayə görəsən mən niyə beləyəm? Yəni niyə qohum-qonşuda hamının işi düz gətirir, hər işi yağ kimi gedir, bəxti göydə fışqırıq çalır, bir tək məndən savayı.
Hm? Görəsən niyə? Vallah, and olsun o ağaca, ha fikirləşdim bir şey tapa bilmədim! “Şey” dedim yadıma şar düşdü. Deməli keçən yay hardansa biz tərəflərə bir qonaq gəlmişdi. Axmağın biriydi. Tərs kimi də bu qonaq bu boyda mahalda gəlib mənim qapımı döymüşdü. Əvvəl-əvvəl gözümə bir təhər dəyirdi, rəngi ruhu biz tərəflərin adamına oxşamırdı. Zalım balasının dili də nəsə qəribə idi. Tələm-tələsik sözləri üyüdüb tökürdü. O qədər sürətlə danışırdı ki, nə demək istədiyini qanmağa macal tapmırdım. Yaxşı ki, arada qəfil təkərinə çomaq soxulmuş araba kimi dayanıb, tutulmağı var idi.
O, belə qəfil dayandığı bir neçə saniyədə əvvəl dediklərini güclə beynimin süzgəcindən keçirib anlayırdım. Əlqərəz, desəm ki, güclə başa düşürdüm, heç də yalan olmaz. Amma qonaq “Allah qonağıdı” deyib bunu bir neçə gün evimdə saxladım. Bacardıqca hörmətin eləyirdim ki, gəldiyi yerə qayıdanda bizim camaatı pisləməsin, deməsin ki, üzümə yaxşı baxmadılar. Amma insafən elə də ziyanəvər adam deyildi. Nə deyirdin gülürdü. Kəmali-ədəblə qabağına nə qoysaydın yeyib, hələ bir “çox sağ ol” da deyirdi. Bir gün bu qonaq səhər tezdən beyninə nə girdisə, şeytan qəlbinə hardan yol saldısa başladı ki, a kişi görürəm darıxırsan, bütün günü milçək qovursan. Gəl sənnən bir hava şarı düzəldək. Həm başın qarışar, həm birgə iş görmüş olarıq, həm də hava şarı ilə uçarıq, göydən yerə baxarıq. Yerə göydən baxmağın ləzzəti ayrıdı.
Bunu eşidən kimi ürəyimdə yenə kor bəxtimə söyüb fikirləşdim ki, ayə bu nə işdi, harda axmaq var gəlib məni tapar. Dedim, a qonaq, hava şarı təzə şey deyil. Mən bunu televizorda çox görmüşəm, məktəbdə də kitablardan çox oxumuşam. Sən mənə təzə şey de. Qayıtdı ki, heç ömründə hava şarı düzəltmisən, havada uçmusan? Dedim yox. Dedi istəmirsən ki, yerə göydən baxmağın necə bir hiss olduğunu biləsən? Və başladı bu hisslərdən bir xeyli nağıllar uydurmağa.
Əlqərəz, saqqızımı necə oğurladısa razılaşdım. Həmdə fikirləşdim ki, qonaqdı, bir-iki günlük gəlib, qəlbini qırmayım. Bir təhər yola verim getsin. Nə başınızı ağrıdım, başladıq hava şarı düzəltməyə. Qonaq elə mənim razılığımı gözləyirmiş kimi qollarını çirməyib, bütün kitab-dəftərini tökdü ortaya. Başladı çertyojlar çəkməyə. Məndə yarı könüllü, yarı könülsüz qolumun birin çirməyib, gah qonağa, gah bəxtimə söyə-söyə başladım işləməyə. Neyniyim? Qonaqdı, xətrinə dəyə bilmərəm. Birdən gedər orda burda adıma söz danışar, orda da bizim mahalın başbilənlərindən kimsə olar, vallah biabır olaram. Əlqərəz, nə başınızı ağrıdım, bütün günü işlədik. Amma onu da deyim ki, bu qonaq çox çürükçü adam imiş. Bunu mən iş vaxtı anladım. Çünki bir də görürdün ara-sıra xırda-para şeylərin üstündə mübahisələrimiz düşürdü. Birdə görürsən deyirdi ki, bu kəndir yaxşı kəndir deyil.
Hava şarı üçün kəndir başqa cür, daha bərk, daha dözümlü olmalıdı. Və ya bu mismar bu taxtaya yaramaz. Çünki bu mismarı bu taxtaya vursan taxta çartlayar. İstədim buna deyim ki, ə rəhmətliyin nəvəsi, bizim mahalda kişilər arvad alanda da o olmasın bu olsun, nə fərqi var, deyib alırlar, səndə mismar, kəndir söhbəti edirsən? Amma demədim, dedim birdən düz başa düşməz. Nə qədər olmasa bizim tərəfin adamı deyil, bu tövr şeyləri anlamaz.
Ha deyirdim ki, a kişi, nə fərqi var, gəl elə bunnan düzəldək. Qonaq iki ayağını bir başmağa dirəyib deyirdi ki, yox e olmaz. Və ciddi-cəhdlə məni inandırmağa çalışırdı ki, fərqi çoxdu. Guya bu hava şarı imiş, hər şey dəqiq olmalıymış. Əgər dəqiq olmasa ya işin keyfiyyəti aşağı düşər, ya şarımız havaya qalxmaz, ya da qalxsa da 2-3 metr qalxandan sonra kəlləmayallaq gələrik yerə. Xülasə, ürəyimdə Allaha... yox əstəğfurullah Allaha yox, qonağa, yenə kor bəxtimə söyə-söyə, “bu nə zibil idi düşdüm” deyə fikirləşə-fikirləşə, işimə davam eliyirdim. Qonaq azmış kimi arada külfətdən də kimsə çıxıb həyətdə bizi işləyən görüb dodağının altında mənə söz atıb, “A kişi, camaat raket düzəldir səndə şar uçurdacaqsan?” sayaq sözlər deyəndə tüstüm lap təpəmdən çıxırdı.
Yenə nə üstəsə mübahisəmiz düşəndə artıq dözməyib, əlimdəki alətləri yerə atıb düz qonağın qənşərində durub dedim ki, ümumiyyətlə, nəyə lazımdı bu havaya uçmaq, bu qədər əzab-əziyyət? Elə olmaz ki, gözümüzü yumaq və təsəvvür edək ki, guya uçuruq. Elə aşağı-yuxarı eyni hissləri də gözü yumulu keçirə bilərik. Yoxsa ki, şar düzəltmək, göyə uçmaq?...
Bunu demişdim ki, qonaq dayandı. Elə bil bir az çaşan kimi oldu. Bir xeyli üzümə baxdı. Amma deyəsən sözlərim ağlına batmışdı. Çünki əlindəki işini ala yarımçıq qoyub bütün şələ-küləsini yığışdırdı. Gecəni qalıb səhər o başdan durub sağollaşıb getdi. Amma ala yarımçıq şar hələ də həyətdə durur. Sağ olsun, yenə nəyəsə yaradı, uşaqlar üstündə oynaşırlar.
Bu şar söhbəti hardan yadıma düşdü, heç bilmirəm. Heç şarın yeridi? Hardan başladım, hara gəldim?... Amma, vallah yenə qana bilmirəm ki, mənim işlərim niyə düz gətirmir, niyə alınmır? Qana bilmirəm ki, görəsən bu qohum-qonşu neyniyir, necə eliyir? Deyəsən bu gecə də yata bilməyəcəm. Lənət sənə, kor şeytan!!!
20.03.2014