Yarla ağac altında görüşmək

Yarla ağac altında görüşmək
30 noyabr 2013
# 09:00

Cavid Zeynallının “Gəlin çinar”ı

Yazıçı Əkrəm Əylisli yeni hekayəsi “Gəlin çinar”ı Kulis.Az-a təqdim edərək hekayənin sonluğunun Kulis yazıçıları tərəfindən təkrar yazılmasını xahiş etmişdi.

Kulis.Az Cavid Zeynallının yazdığı sonluğu təqdim edir.

Başqa sonluqlar da çap edildikdən sonra Əkrəm Əylislinin sonluğu dərc ediləcək.

Əkrəm Əylislinin yarımçıq hekayəsi

Qan Turalının faciəvi sonluğu

Mirmehdinin sonluğu: Quzu verib kredit almaq

Şərif Ağayarın deputat sonluğu

İlqar Rəsul Əkrəm Əylislini necə tamamladı?

... Və Orxan birdəcə o aydın iyun səhərini xatırladı. O aydın səhər ki, Bakıdan gələn bəstəboy, şirindil jurnalist qız əlinə mikrofon alıb düşmüşdü kəndin canına. Canın yansın qız, adam bu qədər dilli-dillicə olmaz, qılığa girməyin də təhəri var. Kəndin ağbirçək arvadlarını yundan yüngül edər, dağdan ağır, dildən batman kişilərinin ürəyini dəymiş nar kimi açar, çay qırağında qız öpməkdən tutmuş məktəb yolunda boyun bükməyəcən hamısını bitdə-bitdə danışdırardı. Və o dillicə qızın girinə Həsən kişi də keçmişdi. Aytənin qollu-qəddi Gəlin Çinarının altında Həsən kişinin tamaşasına yığılan camaatın içində Orxan da olmazdımı, olardı. Həsən kişinin danışdıqlarını yığmışdı çinadanına. Kişi illərdir yoxluğuna alışa bilmədiyi arvadını xatırlayıb kövrələndə üzünü yan tutub gözünün sıxardı. Bir belə, iki belə... Birdən Həsən kişi altdan-yuxarı Çinara baxıb köks ötürdü, bir də, bir də sevgidən ürəyinin başı köz-köz olan o uzaq illəri xatırladı, qəhərləndi.

- Bu çinarın altında Nazlı ilə o qədər görüşmüşəm ki...

Qız ərinməyib Həsən kişini də salmışdı yanına ki, gedək cavanlıq şəkillərinizi evinizdən götürək, ağacın altında bardaş qurub bircə-bircə incələyək, baxaq. Orxan qapıdan sivişib lap qonaq otağınacan girmişdi, şəkilləri hardan götürmüşdülər ha, hamısını görmüşdü. Çəkilişin axırında Həsən kişi başını qaldırıb əliylə çinarın ən yoğun budağını göstərib nə desə yaxşıdır: Nazlı yaylığının uclarına daş bağlayar, gözüyumulu atardı yuxarı. Və nə sirriydisə yaylıq həmişə o budağa ilişər, çəlimsiz, amma qıvraq Həsən pişik kimi dırmaşıb onu alıb verərdi Nazlıya.

- Həsən dayı, bu yaşda nə arzunuz var? – Qız soruşmuşdu.

- Ay qızım, arzu deyəndə ki... nola, bir səhər durub görəm ki, o ucuna daş bağlanan yaylıq yenə çinarın budağından asılıb...

Axı necə ola bilərdi ki, belə-belə şeyləri yaşamaq bir yana, dilə gətirib danışan Həsən kişi o çinarı satmaq eşqinə düşəydi? Yoxsa özünü artistliyə vurmuşdu onda? Bəlkə özünü o dillicə qıza göstərmək, televizora çıxmaq istəyirdi?

Aytənin Gəlin Çinarının, “Quş oteli”nin aqibəti də o cevizlər sayaq olacaqdı. Hə, elə bu səhər, kənd şirin yuxuda olanda...

Orxanın ağlına nə gəldisə, birbaş yollandı Həsən kişigilin evinin həndəvərinə. Şər təzəcə qarışırdı, indi yəqin ki, çinarı heç vaxt tərk etməyən göyərçin, alabaxta, ağacdələn, qarğa, sağsağan, sərçə yenə o budaqlara sığınmışdılar. Gündüzlər haradasa gizlənən İsaq – Musaq quşunun yanıqlı, ahəngdar səsi o qollu – budaqlı çinarın sehrli dünyasından bu gecə də bütün kəndə yayılacaqdı. Orxan ətrafı dinşədi, Həsən kişinin evdə olmadığından arxayın düşüb özünü vurdu çəpərə, bir təhər həyətə keçib evin dal pəncərəsini basdı. Lap nağıl qəhrəmanları kimi bəxti gətirdi: pəncərə açıqıydı. Əlhavasına şəkillər olan siyirtməni tapdı, albomu götürüb necə usufca gəlmişdisə, eləcə də aradan çıxdı. Aha, deməli, qalırdı... qalırdı, yaylıq. Bunun da çarəsi vardı. Özünü verdi kəndin küllük deyilən səmtindəki mağazaya, özdöşündən bir yalan uydurdu, gəl görəsən. Beləcə: anam dedi, qonaq gedirəm, əlimdə pulum yoxdu, bir yaylıq versin, pulunu göndərəcəm.

Bu da Aytənin çinarı... Orxan albomda nə ki şəkil vardı, hamısını ağacın yan-yörəsinə dağıtdı, hərəsinin üstünə də bir çay daşı qoydu. Yaylığın iki ucuna daş bağlayıb atdı göyə. Kaş yaylıq həmin budağa ilişəydi...

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
# # #