Kirayələrdən ata evinə dönüş

Kirayələrdən ata evinə dönüş
8 iyun 2015
# 11:05

Bunu etiraf etmək nə qədər çətin olsa da deyim ki, son gücümü toplayıb getdim Bakıdan. Daha doğrusu qaçdım. Məhrumiyyətlərlə, min bir əziyyətlə qurduğum hər şeyin gözlərimin qarşısında gurultuyla uçub dağılmasını müşahidə etmək o qədər də asan deyildi. Sarsıldım. Amma dözürəm. Nikbin olmaq üçün çoxlu səbəblərim, ruhdan düşməmək üçün dostlarım var. Həm də qurub-yaratdığım nə vardı ki? Ev yox, mal-mülk yox, var-dövlət yox... Kirayə evlərin xatirələri də kirayədir. Müvəqqəti, başqalarına məxsus, üzüntü dolu xatirələr. Uçub-dağılan yalnız mənəvi “mülkiyyətim”dir. Onu da nə zamansa yenidən qurub-yaratmaq, ya da bərpa etmək olar.

...16 il əvvəl tərk etdiyim kəndə, o kənddə doğulub-böyüdüyüm evə geri dönmüşəm. Hər künc-bucağından uşaqlığım boylanan həyətdə, bir vaxtlar əkib qulluğunda dayandığım meyvə ağaclarının arası ilə dolaşıb sıradan kənd işləri ilə məşğul oluram. Arı pətəklərinə baxıram, ot biçirəm, qurumuş otu lazımı yerə daşıyıram. Boş vaxt tapan kimi kitab oxuyuram, anamla söhbətləşirəm, atamın suallarına cavab verirəm.

Yay Böyük Qafqazın cənub yamaclarına bir az gec gəlir. Meyvələr gec yetişir. Məsələn, hələlik ancaq alça yetişib. Alçanı budaqdan dərmək, yamyaşıl otların arasından çiyələk tapmaq, otlara toxunmaq, sərin bulaq suyu içmək başqa zövqdür. İndi oturub bu yazını yazmağa çalışdığım çiy kərpicdən tikilmə otağın kərpicini özüm kəsmişəm. Hətta suvaq palçığını əlimlə qarışdırıb qardaşımla birgə suvamışam. Cəmi bir çarpayı və bir masa sığışan kiçicik otaqdır. Ya da indi mənə kiçik görünür. O vaxt ali məktəbə imtahan verməyə hazırlaşanda bu otaq mənə saray kimi görünürdü. Bu otaqda oturub yüzlərlə xəyal qurmuşam. İndi oturub düşünəndə o yaşda qurduğum xəyallar mənə gülməli görünür. Olsun, ən azından o zaman xəyal qura bilirdim...

...Valideynlərim həm də müəllimlərimdir. Orta məktəbdə hər ikisi mənə dərs deyib, oxumağı onların sayəsində sevmişəm. Uşaqkən mənə kitabı sevdirən, oxumağa həvəsləndirən, hər uğuruma sevinən və mənəvi güc aldığım adamlardır. İllər keçib və Sovet tərbiyəsi ilə böyüyən valideynlərim kitabdan uzaqlaşıb. Atamın təsərrüfat, anamın isə nəvələr başını qatıb. Atam qəzetlərə, anam melanxolik türk seriallarına meyllənib. Kitabları mənə sevdirən valideynlərim indi ümumiyyətlə kitabla maraqlanmır. Mən kitabları sevməyi də, kitabları qorumağı da onlardan öyrənmişdim. Hətta bir yaşım tamam olanda anamla-atam mənim üçün Nizami Gəncəvinin aforizm və hikmətli sözlərinin toplandığı bir kitab alıb. Oxumaq-yazmaq öyrənib kitaba yazdıqları ürək sözlərini sevinə-sevinə oxumuşdum. İllərlə o kitabı totem kimi özümlə gəzdirmişdim. Onlarla şəhər, onlarla ev görmüşdü o kitab...

...Əşyalarımı, xüsusən sevib-qoruduğum, hərəsi bir xatirə olan kitablarımı kəndə dönməmişdən bir həftə öncə göndərmişdim. Evimiz darısqal olsa da, onlara bir yer tapılacağını düşünmüşdüm. Heyf ki, elə deyilmiş... Valideynlərimin mənim kitablarımla maraqlanmağa zamanı yoxmuş. Səliqə ilə bağlanmış karton qutuları toz-torpağın içində görüb pərt oldum. Qutuların yanında çöküb dəfələrlə məkan dəyişdirmiş zavallı kitablarla danışmağa, dərdləşməyə başladım. Bir anlıq ürəyimdən keçdi ki, bu “artıq yükü” bir yerə yığıb od vurum. Əlim gəlmədi. Bacardığım kimi silib, səliqəyə saldım qutuları. Daha təmiz, nəmişlik olmayan, gün tutmayan yerə yığdım. Sonra başımı götürüb meşənin yolunu tutdum. Adamlardan qaçdıqca qaçdım, uzaqlaşdım. Bir palıd ağacına söykənib səsim gəldikcə bağırdım, sakitləşəndən sonra gözlərimi yumub təbiəti dinləməyə, otlarla, ağaclarla, quşlarla dərdləşməyə başladım. Burdan o tərəfə qaça bilməzdim...

...Nəhayət, bir vaxtlar özümün tikib-qurduğum bu otaqda oturub düşünürəm. Düşünürəm ki, nə qədər ağır olsa da, ömrün yarıdan çoxunu xərcləsəm də bir yerdən başlamaq lazımdır. Yenidən başlamaq lazımdır, yenidən...

Buna gücüm yetəcəkmi, ömür vəfa edəcəkmi? Bilmirəm. Amma dünən gecə bayırdakı tufanı, leysanın şırıltısını dinləyib pəncərədən gecəni bir anda işıqlandıran ildırımlara baxıb qalın yorğana bürünəndə nələrəsə ümidim yarandı...

Necə deyərlər, xeyirlisi...

# 1086 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #