Dünya səviyyəli 8 Mart yazım

Dünya səviyyəli 8 Mart yazım
8 mart 2015
# 21:41

Şəhriyar del Gerani

Kim nə deyir desin, “8 mart” deyəndə yaddaşımın uzaqlarında zaman-zaman özünə həmsöhbət axtaran bu sadə və sevgili sözcüklər ... Deyirəm ki, hər dəfə “8 mart” deyəndə yaddaşımın intəhasız uzaqlarında zaman-zaman özünə həmsöhbət axtaran bu sadə və sevgili sözcüklər pıçıldaşır:

“səkkiz martdır, anacan,
gəl öpüm üz-gözündən”...


Bu, körpə təbəssümü qədər ilıq və məzmunsuz ahəngdarlıqdan nə qədər sevgi duyulur. Elə, sevginin özü də sadə deyilmi? Sevirsən, vəssəlam. Yəni, sadəcə sevirsən. Başqa heç nə.

Kim nə deyir desin, həyatın özü də çox sadədir əslində. Sadə dediyim iki üstə gəl iki yox, hətta bu xırda riyazi hesablama belə qəliz görünür o sadədillikdə. Sadəcə toplananların bir tərəfi - iki. Düz sözümdü, eləcə iki kimi sadədir həyat – bir, iki...

Demək istəyirəm ki, həyat dediyiniz o “nədirsə” həddindən ziyadə üzdə olan bir şeydi. Dərinliklərdə heç nə yoxdu. Adamlar ona görə dərinliklərə baş vurur ki, darıxırlar. Özlərindən labirinitlər uydururlar. Bilirəm, çox danışdım. Heç bilmirəm bu uzunçuluq kimə lazım idi. Nə isə, keçək mövzumuza.


Elə qadınlar var ki, onları balıq yaddaşıyla sevmək istəyirsən. Yəni, ən böyük yaddaşsızlıqla. Unudub bir də sevmək. Dönə-dönə sevmək. Sevə-sevə unutmaq. Unudaraq sevmək. Gözəldi, deyilmi? Hər gün eyni qadına vurulmaq. Hər gün eyni qadından ayrılmaq. Lənətə gəlmiş romantika. Görün gəlib harda biabır elədi məni. Özü də bu əziz gündə.

Kim nə deyir desin, qadını xoşbəxt etmək mümkün deyil. Onlar, yalnız özləri istədiyi vaxt xoşbəxt ola bilirlər.


Mən, Freydi xatırlayıram. Freydin uzun-uzadı illərdən sonra əfkari-ümumiyyəyə məlum gəldiyi qənaət beləydi: “30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq bu böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir”?

Oskar Uayld (yeri gəlmişkən, bu yaxınlarda mənə feysbukda dostluq təklifi də etmişdi. İstədim girib inboxuna yazım ki, - müəllim, burda özünüzsüz?) isə sanki Freydə cavab verirmiş kimi - Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb – deyir.

Əminəm, bu gözəl və mübarək əsrimizin dahisi isə onlara belə cavab verəcək nə vaxtsa: “bir kişi gərək o qədər səfeh olmasın ki, qadını ancaq anlamaq istəsin. O qədər də kütbeyin olmasın ki, ancaq sevsin. Vəssəlam”...

Sevən qadınlar isə bir başqa olurlar. Zarafatsız deyirəm. Sevən qadın qədər möhtəşəm varlıq tanımıram. Təsəvvür elə, sən ona - əzizim, mən, il uzunu, 365 gün yalnız və yalnız səni düşünürəm – deyirsən. O isə gözlərini qıyıb soruşur – bəs, yerdə qalan 5 saat 46 dəqiqədə neynirsən?

Bunu lap çoxdan yazmışdım. Sonra götürüb hansısa şairin adına çıxdılar.

Onlara inanmayın. İşləri gücləri mənim mətnlərimi onun-bunun adına çıxmaqdı. Təki qanqaraçılıq olsun...


Xatirimdə müdhiş bir hadisə silkələnməkdə. Baxın, yazının ən gözəl yeri burasıdı. Götürün sosial şəbəkələrdə paylaşın öz adınıza. Ciddi sözümdü.

Günlərdən “8 mart” idi. Yerli televiziya kanallarından birində “Xocalı kadrları” göstərilirdi. Beş yaşlı bacım oğlu toppuş əllərinin hər ikisini ekrana uzadaraq, donmamaqçün ayaqlarını şərflə bürmələyib axsaya-axsaya üzü bəri gələn orta yaşlı qadını göstərib soruşdu - dayı, o xalanın da səkkiz martıdı? Beş yaşlı uşağın qarşısında fürsət bulunca dərsdən yayınan üzüqara şagird misali – yox, qaqoni, o xala ömründəki bütün “8 mart”lara on gün gecikmiş birisidi – deyə şairanə cavab verdim. Əlbəttə, uşaq heç nə başa düşmədi. Bilirəm. Heç özümə də tam olaraq aydın olmayan cavabım hələ də məni düşündürməkdə.

Dünya səviyyəli təbrik yazıma Sokrat babamızla xitam verirəm. "Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof". Sonra da deyirsiz Azərbaycanda niyə filosof yetişmir.

Nə isə. Bayramınız mübarək əzizi-möhtərəmlər. Kökəlməkdən qorxmayın. Arıq qadınlar tez unudulur. Dedim xəbəriniz olsun...))

# 2120 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #