Rəngli “Arşın mal alan”

Rəngli “Arşın mal alan”
16 dekabr 2013
# 08:45

Şuşa. XX əsrin əvvəli. Gənc tacir Əsgər evlənmək fikrinə düşür və s.

Bakı. XXI əsrin əvvəli. Heydər Əliyev Mərkəzində işıqlar sönür, doğma musiqi səslənir və ağ pərdənin üzərində gözümüzü açandan gördüyümüz həmin kadrlar, amma bu dəfə rəngli. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi Hollivudda rənglənib, bərpa olunub. Özü də elə bir vaxtda ki, biz öz şəkillərimizi müxtəlif proqramlarla o filmdəki kadrlara bənzədirik, guya keçmişdən qalmışıq…

Sözdə keçmişi bəyənməsək də, bir gözümüz həmişə arxadadır…

Yanımda hardasa 10-11 yaşlarında bir oğlan usağı oturub və bütün diqqəti ilə filmə köklənib. Deyəsən ilk dəfədir baxır. Elə ki, Gülçöhrə “Aşıq oldum” deyərək oxumağa başlayır, uşaq dərindən nəfəs alaraq yanındakı qadına: “Axır ki, bildim nə istəyirmişlər” deyir.

Bu yeni nəsildir! Başqa Üzeyirin musiqisini dinləyən, Şuşa adını işğal günlərində eşidən, fərqli adətlərlə böyüyən nəsil!

Məsələn, filmin səsini alsan belə, mənim nəslimdən olan insanlar bir nəfərin sevincli xəbər verdiyi halda o birilərin dəstə ilə ağlaşmasından həmən anlayacaqdı: Çox yaxında toy var!

Gözlərimlə görmüşəm. Qohumda, tanışda, qonşuda biri evlənmək qərarına gələn kimi bütün nəslin yol – yataq bilən ağbirçəkləri əvvəlcə toplaşıb yaxşıca bir ağlaşma məclisi qurardılar. Ağlaya – ağlaya yüz ilin ölülərinin adını çəkərdilər ki, “Kaş o ölməyib bu günü görəydi…”

Amma bir nəfər də deməzdi ki, o rəhmətlik heç özü bir gün görmədən öldü… Bir toy görməklə həyatında nə dəyişəcəkdi ki? Sonunda bir nəfər öz təkliyinə son qoymaq və nəslini artırmaq üçün ailə qurur. Lap məsələyə onların dili ilə yanaşsaq, evə ailənin paltarını yuyan, yeməyini bişirən, hətta yeri gələndə bütün nəslin nazını çəkməyə məhkum olan bir nəfər gəlir. Yəni o ölü bunu görsə nə olacaq, görməsə nə olacaq? Yeni nəsil bunu anlamaz.

Onlar üçün toy xəbərində atılan ilk addım başqadır: Hansı şadlıq evi, stol neçəyədir və kim oxuyacaq?

Üzeyir bəyin ruhunu özünə doğma bilən bir nəslin nümayəndəsi kimi gözüm zalda onun qəhrəmanlarını axtarır. Axı hardasa buralarda bir dəstə arvad oturub əlində dəsmal ağlamalıydı: “Kaş o sağ olub “Arşın mal alan”ı rəngli görəydi”…

Film davam edir… O film ki, bütün səhnələrini əzbər bilirik, o film ki, sitatları dilimizə atalar sözlərindən çox düşüb, o film ki, hamımızın uşaqlıq xatirələrinin bir küncündə bir səhnəsi canlanır – sinifdəki ən şən oğlanla ən diribaş qız tənəffüsdə oxuyub – oynayıb:

- Pulun var?

- Var, var!

- Pulun var, gələrəm…

Diqqət! Heç vaxt bu səhnəciklər olduğu kimi başlamazdı. Çünki heç bir qız oğlana “Mənidəcə sən alarsan” deməzdi. Heç indi də deməz. Amma o vaxtlardakı kimi, indi də bütün qızlar oğlanlardan çox rahatlıqla soruşa bilir: “Pulun var?”

Bu sualı vermək nə o vaxt ayıb sayılıb, nə də ki, indi. Hətta filmin yaradıcı heyəti də danışanda deyir ki, bizə “Arşın mal alan”ı rəngləyib bərpa eləmək təklifi gələndə filmdəki məşhur sualı verdik: “Pulun var?”

Film davam edir…

Doğma kadrlarda təsvirin təmizliyi, aydınlığı, rəngləri – dodaqların qızarmasından tutmuş yarpaqların yaşıllaşmasına qədər hər şey, hər şey məni ötən əsrə aparır. XX əsrin sonlarına… O illərə, o xatirələrə ki, indi beynimdə köhnə kadrlar kimi qırıq – qırıqdır. Xatırlanmaqdan cızılıb, yıpranıb, rəngini yavaş – yavaş itirir…

Filmi izlədikcə mən də öz xatirələrimi rəngləməyə çalışıram…

…Qarabağdakı yelləncək asılan o ağacın çiçəkləri nə rəng açardı?

Yelləncəyin özü də axı rəngli idi deyəsən…

Bərk yellənəndə ağacdan adamın üstünə boz kərtənkələ də düşə bilərdi… Hə, hə… Amma deyəsən axı kərtənkələnin rəngi bir az yaşıla çalırdı… Ya əsasən boz rəngdə olurdu? Bəlkə də elə yaşıl olurdu, sadəcə mənim xatirələrim zamana uduzub rəngini itirir… Onları toplayıb Amerikaya yollamaq lazımdır ki, bərpa olunsun… Sirr deyil ki, Qarabağdakı xatirələri canlandırmaq üçün yollar oralardan keçir…

Film davam edir… Hadisələr Şuşada baş verir. Zaman o zamandır ki, insanlar ancaq sevgi arzusundadırlar. Daha dəqiqi, sevməkdən çox sevişmək arzusunda. İnsanların başqa bir dərdi, istəyi yoxdur…

Bir əsr keçib, başımıza gəlməyən qalmayıb və hədəflərimizdə hələ də heç nə dəyişməyib…

Film bitir. Artıq rəngli “Arşın mal alan”ımız var. Necə deyərlər, gün o gün olsun ki, Şuşamız da bərpa olunub rənglənsin!

P.S. Heydər Əliyev Fondunun təşəbbüsü olan layihəni AtaHolding özünün 10, Atabankın isə 20 illik yubileyi münasibəti ilə maliyyələşdirib. Doqquz aya başa gələn bu işin üzərində üç qitədən – Asiya, Avropa və Amerikadan olan 157 nəfər çalışıb. Onların içində "Oskar"lı amerikalılar da var, “Oskar”sız azərbaycanlılar da. Filmi ingilis, rus və fransız dillərində subtitrlarla da izləmək mümkündür.

Əlbəttə ki, əgər diski əldə edə bilsəz. Çünki satışı nəzərdə tutulmayıb, adam heç bilmir layihədən xəbər tutar – tutmaz DVD istəyən xaricdəki dostlara nə desin. Amma dekabrın 16-dan filmi şəhərimizin kinoteatrlarında izləmək mümkün olacaq. Fürsəti qaçırmayın, gözünüzün alışdığı kadrların rənglənməsi sizi həyatınızı rəngləməyə vadar edə bilər. Bomboz kadrlar həyəcanlandırmır…

# 3215 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #