Yaradıcılığın üç mərhələsi

Yaradıcılığın üç mərhələsi
2 noyabr 2017
# 16:03

Qırx yaşdan sonra adamda bir çox oturuşmuş qənaətlər formalaşır. Əslində sən anadan olandan bu düşüncələrə yol gəlirsən. Çayın harasa varıb durub-toxtaması, genişlənməsi, dərinləşməsi kimi.

Buna mütaliə, həyat və sənət təcrübəsi kömək edir. Kömək də yox, səni buna vadar edir. Qeyd olunanın əksi çiy qalmaq, bişməmək, oturuşmamaq deməkdir.

Bu qənaətim həm də müasir yazıçıları, xüsusilə Orxan Pamuk, Vargas Lyosa, Milan Kundera, Pol Oster və builin nobelçisi Kazuo İşiquronu oxuyandan sonra daha da möhkəmlənib.

Dediklərimi aşağı-yuxarı siz də oxumusunuz. Mən sadəcə ümumiləşdirmə aparmışam və fikrimin əhəmiyyətli olduğunu nəzərə alıb bölüşürəm.

Mənə görə yaradıcılığın üç mərhələsi var.

1.

Şahidi olduqlarını yazmaq – söhbət iştirakçısı və şahidi olduğunuz hadisələri ədəbiyyat faktına çevirə bilməkdən gedir. Bu, yaradıcılığın ilkin, lakin ən vacib mərhələsidir. Öz başına gələn hadisələrdən ədəbiyyat – nəsr, şeir, hekayə, novella düzəldə bilməyən adam əsla və əsla mərhələnin ikincisinə və üçüncüsünə adlaya bilməz. Misal kimi İsa Muğannanı götürək. Onun müharibə dövrü povestləri və ilk hekayələri bu qəbildəndir. İsa Muğanna sonralar yaradıcılığının ilkin mərhələsindən imtina etdi. Bu nə demək idi? Yəni mən artıq növbəti mərhələyə, daha dərin, daha geniş qatılara adlamışam. Və burda da başarılı olduğuma o qədər əminəm ki, məni mən edən yazılardan imtina edirəm.

2.

Eşitdiyin, bildiyin, oxuduğun əhvalat və hadisələri ədəbiyyata çevirmək – bu ilk mərhələyə nisbətən daha çətindir. Bir var sən yayın istisində Kürdəmirdən keçirsən və sonra oranın yayını təsvir edirsən. Bir də var bu barədə eşdirsən, yaxud video-süjetə baxırsan və yazmağa başlayırsan. İkinci halda mövzu səndən daha uzaqdır, onu içindən keçirməkdə, duymaqda və duydurmaqda çətinliyin olur.

3.

Uydurduğun əhvalat və hadisələri ədəbiyyata çevirmək – bu artıq yaradıcılığın ən mükəmməl mərhələsidir. Bu mərhələyə gələnlər əsl sənətkarlardır və onların tükənmək qorxusu olmur. Məncə, İsa Hüseynov “Məhşər” romanında qismən, “İdeal” romanlarında tamamilə bu mərhələyə keçmişdi. Ancaq o, elə bil gecikmişdi. Bu mərhələdə doya-doya yazıb yaratmağa yaşı və səhhəti müsaidə etmədi.

Dünyada elə yazıçılar var ki, birbaşa üçüncü mərhələdə yazıblar. Misal üçün, Kafka... Ancaq elə yazıçılar da var ki, üç mərhələnin üçündə də unikal əsərlər yaradıblar və yaradıcılıqları ilə İbtidai İcma Quruluşundan Kommunizmə qədər (əski bölgüylə - red.) bütün yaradıcılıq formasiyalarını özündə ehtiva etməklə ayrıca planeti xatırladırlar. Misal üçün, Nizami, Tolstoy...

Elə yazanlar da var ki, istər iştirakçısı və şahidi olduğu, istər eşidib-bildiyi, istərsə də uydurduğu yazılarda “bir bok”a yaramırlar.

İstənilən halda ədəbiyyatın əzəli-ədəbi qaydası dəyişmir: gözəl yaza bilmək!

Bütün bölgülər də, bütün hoqqalar da bunun üçündür, əslində.

# 1375 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #