Nağıllarımızdakı səhv

Nağıllarımızdakı səhv
9 oktyabr 2014
# 12:04

Biri var idi, biri yox idi… Bu ifadəni nə vaxt eşitdiyimizi yəqin ki, xatırlaya bilmərik. Təxminən, elə bu ifadəyə birgə doğulmuşuq. Bəlkə də bizi gözləyib bu ifadə. Bizim üçün bizdən əvvəl doğulub. Bətnindəki körpəylə danışan, ona layla deyən, nağıl söyləyən azmı ana görmüşük?

Ağlım kəsəndən bir çox ifadələri qafamda çək-çevir eləmişəm. Bunlardan biri də “Biri vardı, biri yoxdu...” ifadəsidir. Necə yəni, biri vardı, biri yoxdu! Yəni, biri həmişə olur, biri yox? Salyanlılar demiş, olsun dənə! Bunu bilməyən var? Lap ustad şairimiz Ramiz Rövşənən “Göy üzü daş saxlamaz” şeiri yada düşdü. Göy üzü, məsələn, qamqalaq, qoz, qum dənəsi, çamur, yemiş qabığı və s. saxlayır ki, daş da saxlasın? Göy üzü heç nə saxlamır! Bunu da atalar deyib və məncə daha məntiqi deyib.

Hərgah rəhmətlik Nüsrət Kəsəmənli də “Biri vardı, biri yox”-dan şeir düzəltmişdi. Açığını deyək ki, bu bir az maraqlı idi:

Atalıydı-analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

“Biri var idi, biri yox idi...” ifadəsini cütlüyü vacib olan nəsnələrin yanına qoysan, bir məna kəsb edə bilər. Ən azı, xam oxucular üçün Vahabzadəsayaq təzad yaradarsan. Bu ifadənin ayrıca elə də ciddi anlamı yoxdur. “Biri var idi, biri yox idi...” – axı nə vardı, nə yoxdu? Biri var idi, biri yox idi, bir qoca var idi... Məntiqsiz deyilmi sizcə?

Ruslara baxaq: “Jıla-bıla...” Biz bu ifadəni həmişə “Biri var idi, biri yox idi...” kimi tərcümə edirik. Ancaq diqqət edək: burda “yox idi” ifadəsi yoxdur. “Vardı və yaşayırdı” – hərfi tərcüməsi belədir.

İndi türk variantına baxaq və ifadənin sirrini çözək.

Bir varmış, bir yokmuş...” Doğrudur, “Biri varmış, biriləri yokmuş” ifadəsi də var türklərdə. Amma nağılların-masalların mütləq əksəriyyəti “Bir varmış, bir yokmuş...” ifadəsi ilə başlayır. Burda maraqlı bir məqam da üzə çıxır. Azərbaycan dilində şühudi keçmiş və nəqli keçmiş zaman anlayışları var. Şühudi keçmiş -dı, -di, -du, -dü, nəqli keçmiş -mış, miş, -muş, -müş şəkilçilri ilə düzəlir. Amma nağıllarımız nəqli (nağıl bu sözdəndir) keçmiş zaman şəkilçiləri ilə yazılmayıb. Halbuki, danışıq dilində “Biri varmış, biri yoxmuş...” deyirlər. Və qəribədir ki, mətn estetikasına görə -mış, -miş şəkilçisi özündən sonra yalnız indiki zaman (-ır, -ir) şəkilçisini tələb edir. Sadə bir örnək:

“Biri varmış, biri yoxmuş, Kərəm adında yoxsul bir kişi varmış... Bir gün Kərəm gəlib görür ki, həyətlərində qəribə bir ağac bitib

Bu variant (nəsrdə də belədir) yanlışdır:

“Biri varmış, biri yoxmuş, Kərəm adında yoxsul bir kişi varmış... Bir gün Kərəm gəlib gör ki, həyətlərində qəribə bir ağac bitib

Daha maraqlısı...

Türklərin işlətdiyi “Bir varmış, bir yokmuş...” ifadəsi olduqca poetik və dərindir. Təxminən, “Bir gördün var, bir gördün yox”, “Gah var, gah yox”, “Bu gün var, bir gün yox” mənalarını verir və dünyanın faniliyinə zərif bir eyham vurur. Uşaqların duymayacağı, duysa da narahat olmayacağı dozada. Eyni zamanda, böyüklərə müdrikcəsinə köks ötdürəcək qədər...

Diqqətinizə görə sağ olun.

# 2950 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #