Maykl K.-nın müdrikliyi

Maykl K.-nın müdrikliyi
24 fevral 2014
# 14:32

“Bu dünyada hər şey üçün vaxt var”. Bu cümlə ilk baxışdan sadə, lap çoxdan aydın olan məsələ kimi görünə bilər. Amma o, bunu bilmək üçün heç də asan həyat yaşamamışdı. Bəs bu cümlənin sirri, sehri nədədi? Bunu bilmək üçün gərək “Maykl K.-nın həyatı və zəmanəsi” ilə tanış olaq.

Maykl K. doğulandan hamının diqqətini özünə cəlb edə bildi. O, dovşandodaq idi. Körpəsini qucağına alan Anna K. oğlunun bu halından heç xoşu gəlmir, neçə ay bətnində nə böyütdüyünü düşünəndə əti ürpəşir, oğluna görə çox utanırdı. Eybərcərliyinə və ağlı ləng işlədiyinə görə Mayklı məktəbdən xaric edirlər. O, on beş yaşından üçüncüdərəcəli bağban kimi işləyir. Həyatının ən çətin anları anası xəstə olandan sonra başlayır. Anna K. keçmiş tirkotaj fabrikinin sahibinin evində xidmətçilik edir və elə həmin evin havatəmizləyən cihaz üçün nəzərdə tutulan otağında qalır. Artıq uzun müddətdir ki, onun əlləri, ayaqları və qarnı şişməyə başlamışdı. Mayklın işdən aparılan ixtisarlar barədə danışması Annanın ürəyində saxladığı sözü deməyə bir qığılcım olur. Annanın planı isə belədir: Maykl nə qədər ki, ixtisara düşməyib özü işdən çıxsın və onu Prins Albertə – doğma yurduna – aparsın. Maykl fermaların birində iş tapar, Anna da ev işlərini görərdi. K. anasının fikri ilə razılaşır. Prins Albertə bilet almağa gedir. Amma Prins Albertə getmək üçün təkcə bilet yox, həm də polis bölgəsi elan edilən Keyp yarımadasını tərk etmək üçün icazə vərəqi alınmalıdır. K. lazım olan blankları doldurur, bircə qalır Prins Albert polisinin icazə sənədlərini göndərməsi.

...Prins Albert polisi icazə vərəqini göndərənə qədər sizə romanın müəllifi haqqında danışmaq istəyirəm. Yazıçı Con Maksvel Kutzeenin həyatı da elə Maykl K.-nın həyatı kimi maraqlı məqamlarla doludur. O, 1940-cı ildə Cənubi Afrika Respublikasında doğulub. Bir neçə dəfə Nobel mükafatına təqdim olunan yazıçı, nəhayət 2003-cü ildə “əsərləri gözəl kompozisiya, dərin təhlil və gərgin dialoqlarla zəngin olduğu üçün” bu mükafata layiq görülmüşdür.

Kutzee mükafatın təqdimetmə mərasimində iştirak edənləri ənənəvi məruzə əvəzinə gələcək romanından bir fəslə “qonaq edib”. Nobel mükafatına qədər isə o, bir çox nüfuzlu mükafatlar qazanıb. Con Maksvel Kutzee 1998-ci ildə “Maykl K.-nın həyatı və zəmanəsi”, 1999-cu ildə isə “Rüsvayçılıq” romanına görə ard-arda Buker mükfatına layiq görülən ilk yazıçıdır. Bəzi tənqidçilər onun yaradıcılığı ilə Afrikaya postmodernizmin gəldiyini deyirlər. Kutzeenin romanlarını indinin gözü ilə oxumaq çox asandır, amma.... Amması budur ki, irqçiliyə, insan üzərində zorakılığa qarşı yazılmış Kutzeenin romanları irqçiliyin tüğyan etdiyi bir vaxtda qələmə alınmışdır. Bununla da yazıçı təkcə necə sənətkar olduğunu deyil, həm də nə qədər cəsarətli olduğunu göstərmişdi.

...Tez-tez poçt qutusunu yoxlayan K. başa düşür ki, icazə vərəqi heç vaxt gəlib çıxmayacaq. O, anasını düzəltdiyi arabaya mindirib Prins Albertə yola düşür. Ancaq onlara edilən ilk xəbərdarlıq belə olur: “Yoldan əlli metr uzaqda dayanmalısınız. Yoxsa, sorğu-sualsız, xəbərdarlıqsız vurula bilərsiniz”. Bəli, qayda belə idi. Hər tərəfdən əlli metr. Yoxsa, onları güllələyərdilər. Lap it kimi!...

İlk cəhdləri uğursuz alınsa da, K. ruhdan düşmür. Birdə ki, onlar Prins Albertə qanuni yolla gedə bilməyəcəklərini anlayırlar. İkinci dəfə dolayı yolla getmək qərarına gəlirlər. Ancaq hər şey K.-nın düşündüyü kimi asan olmur.

Onlar qorxa-qorxa, oğrun-oğrun az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, amma Prins Albertə yetişmədilər: Anna K.-nın vəziyyəti ağırlaşdı və xəstəxanada dünyasını dəyişdi. Tibb bacısı K.-ya balaca bir qutu verdi. Güclə, çətinliklə arabada daşıdığı, yorğunluğunu bildirməmək üçün gülümsədiyi anası indi balaca bir qutunun içinə sığışmışdı...

Əslində, Anna K.-nın balaca qutudakı külünü daşımaq K. üçün əvvəlkindən daha ağır idi. Çünki o, dünyada yeganə doğmasını itirmişdi. K. hara getdiyini bilmədən günlərcə addımlayır, bəzən reallıqda, ya yuxuda yeridiyini aydınlaşdıra bilmirdi. Nəhayət, o, Prins Albertdə anasının doğulduğu yerə – Visagilərin fermasına gəlib çıxır. Lakin burada heç kimi tapmır. O, gözdən uzaq, könüldən iraq bu fermada yaşamağa başlayır, ta ki bir gün Visagilərin əsgərlikdən qaçmış nəvəsi ilə rastlaşanacan.

...Əlbəttə, əgər biz Kutzeenin yaradıcılığı ilə Afrikaya postmodernizmin qədəm qoyduğunu demişiksə, demək, yazıçının romanında bir çox köhnə mətnlərə edilən işarələrdən, postmodernist fəndlərdən də danışmalıyıq. Yəqin ki, diqqətli oxucu artıq Con Maksvel Kutzeenin eyhamını və məqalənin bir yerində mənim işarəmdən (Lap it kimi!) bu mətndə yazıçının Kafka ilə dialoq qurduğunu anladı. Özünə qədərki mətnlər haqqında isə yazıçının fikri belədir: “Qələmə alına biləcək süjetlər o qədər də çox deyil. Köhnə rəvayətlərdən istifadə etmək qadağan olunsa, gənclər həmişəlik susmalı olarlar”.

Romanın qəhrəmanın adı Kafkanı nə qədər xatırladırsa, həyatı da bir o qədər Kafkanın və onun obrazlarını yada salır. Kafkanın personajları cəmiyyətdən təcrid olunmuş, daim çətinliklə üzləşən, əzab çəkən və tənha insanlardır. Maykl K. da eybəcərliyinə görə cəmiyyətdən təcrid olunmuş, yeganə doğmasını itirən bir obrazdır. K. bəzən də “Səfillər” romanında Jan Valjanı xatırladır. O, Prins Albertə doğru gedəndə gecələr hasarları aşıb evlərin həyətində gecələyir. Lakin səhər tezdən ev sahibləri tərəfindən qovulur. Adamlar cinayətkar Jan Valjana necə etibar edirdilərsə, K.-ya da eyni münasibət göstərilir. İnsanlar bir-birinə kömək etməlidirlər, – deyə onu evinə dəvət edən gənc isə “Səfillər”dəki yepiskop Miriel obrazı ilə eyniləşir.

Əsərin ən ağır səhnələrindən biri K.-nın düşərgə həyatı ilə bağlıdır. Zabitlərin, keşikçilərin düşərgədəki adamlara heyvan kimi davranışı, onların əməyinin istismarı dövlətin insan həyatına verdiyi qiyməti göstərir. Hadisəni daha dəqiq təsvir etmək üçün əsərdən sitatı nəzərdən keçirək: “Qoy sənə deyim, düşərgə təzə açılanda nə baş vermişdi. Bütün evsiz-eşiksizlər, küçədəki dilənçilər, işsizlər, dağlarda yatan avaralar üçün “yeni ev” tikib başa çatdırdılar. Bir ay keçməmiş darvazını aralayıb gördülər ki, hamı xəstədir. Heyvan kimi qəfəsə salındıqlarından hamı dizenteriyaya, qızılcaya, ya da qripə yoluxmuşdu. Bir qadın həkim gəldi və bilirsən neylədi? Düşərgənin düz ortasında dayanıb ağlamağa başladı. O, sümükləri çıxmış uşağa baxdı, bilmədi neyləsin, dayandı və ağladı. Bundan sonra suya dərman atmağa, çəlləklə şorba gətirməyə başladılar. Elə bilirsən, bütün bunları mərhəmətlərindən edirlər? Heç də yox. Biz arıqlayıb əvvəl kağıza, sonra külə çevrilsəydik, bizim üçün heç barmaqlarını da tərpətməzdilər. Dilxor olmaq istəmirlər. İstəyirlər, gecələr rahat yatsınlar”.

K. xəstəxanaya düşəndə biz daha bir maraqlı ədəbi fəndlə qarşılaşırıq. Bu hissəyə qədər roman üçüncü şəxsin dilindən yazılıb. K.-nın xəstəxana həyatı isə birinci şəxsin dilindən nəql olunur. Biz onun xəstəxanada keçirdiyi günlər haqqında həkimin qeydlərindən xəbər tuturuq. Qeydlərdən məlum olur ki, xəstəxanaya tez-tez müstəntiq gəlir və K.-nın dövlət əleyhinə olan adamlarla münasibəti haqqında suallar verir. K.-nın isə heç nədən xəbəri yoxdur. Onun haqsız yerə günahlandırırlar. Xəstəxanada olduğu müddətdə K. heç nə yemir və günü gündən zəifləyir. Həkim K.-ya əlindən gələn köməkliyi edir. O, K.-nı sorğu-suallardan qurtarmaq üçün onun öldüyünə dair saxta sənəd hazırlayır. Bir gün K. yoxa çıxır. Həkim belə onun hara getdiyindən xəbərsizdir. K.-nın xəstəxanadan qaçması ilə həkimin təhkiyəsi bitir. K.-nın sonrakı taleyi yenə üçüncü şəxsin dilindən nəql olunur. K. keçmişə ilişib qalmır, o, yeni həyatı, fermada nələr əkəcəyi, onları necə suvaracağı haqqında düşünür: “Ən azı, mən heç vaxt biclik eləməmişəm, Si-Pointə maşa kimi arıqlayana və ağlım zədələnədək mənə necə işgəncə verdikləri barədə hekayətlər danışmaq üçün qayıtmamışam. Həyatın bağlanğıncında lal və axmaq idim, sonunda da lal və axmaq olacağam. Ağıldan kasad olmaq eyib deyil”.

...Yəqin, əksəriyyətiniz bu romanı oxumamısınız. Bəlkə də, işlərinizin çoxluğunu, vaxtınızın azlığını bəhanə gətirib özünüzə bəraət də qazandırmısınız. Ancaq Maykl K.-nın bütün həyatı boyu yaşadıqlarının müqabilində öyrəndiyi müdrikliyi yadınıza salın: “Bu dünyada hər şey üçün vaxt var”.

525.az

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #