Tolstoyla alver edənlər

Tolstoyla alver edənlər
21 iyul 2017
# 15:24

Üç-dörd ayın söhbətidir, əyalətdə yaşayan aktrisadan bəhs edən bir filmin təqdimatında idik. Film bu aktrisanın-qadının həyat eşqindən bəhs edirdi. Ədəbiyyatçı dostlardan biri müzakirə vaxtı belə bir sual səsləndirdi: Bu necə aktrisadır ki, Şekspirin əsərlərinin adını bilmir?

Əlbəttə, dostum haqlı idi. Amma bu sual başqa bir sual yaradırdı: O qadın Şekspiri tanımaya-tanımaya bu qədər bütöv, öz dəyərlərinə sadiq və güclüdür, nəinki Şekspiri, hətta Tolstoyu, Servantesi, Çexovu, Hüqonu tanıyıb oxuyan biz onun qədər güclü deyilik – niyə?

Axı Tolstoy, Dostoyevski, Hüqo onları güclü etməli idi?

Necə olur ki, adam Tolstoya, Servantesə, Hüqoya yox, onların yanından keçib öz kiçik həqiqətlərinə sığınır? Həm də yaradıcılıq kimi azadlıq tanıyandan sonra?

Necə olur ki, insan bu qədər dahilərin əsrlərdən əsrlərə keçən kitablarını görüb, iş şkafına düzür, amma məsələn, öz kürsüsündə, bir az da davam etsə 50 il sürəcək vəzifəsindən bərk-bərk yapışır?

Sual həmişə dəqiq olur, cavabsa xırdalanıb qum kimi əlimizin arasından tökülür.

Böyük dəyərləri tanıyıb kiçik həqiqətlərə - daha düzü, cavablara sığınmağın izahı cümləlik olmayacaq.

Qayda belədir; sual bir cümlə, cavab azı iki cümlədir. Amma məsələ bu deyildi. Bizim sualımıza onlarla sosial-psixoloji səbəblər çıxacaq ortaya.

Hətta “guya sən özün...”lə başlayan və sualımızın saxta çalarlarını ifşa edən sual da olacaq arada. Olsun, eybi yox. Ən səmimi yazı ilk növbədə özünə yazılandır.

Elə ona görədir ki, məni məlum cavablar yox, ən yeniləri maraqlandırır: Bəlkə ona görə ki, biz ədəbiyyatı, sənəti cansız kitablar kimi ölü sayırıq? Ətrafımızda Don Kixotları görməməyimiz də bundandır?

Məsələn, pir kimi adam tanıyıram, desəm inanmazsınız, amma haqqında balaca bir təbrik yazısı yazmağa qorxuram. Onu cansızlaşdırmaqdan qorxuram. Halbuki, biz cansıza daha çox inanırıq. Daşa, dəmirə, Dostoyevskinin qələminə, Tolstoyun yastığına, peyğəmbərin əbasına, İsanın xaçına.

Dində olduğu qədər ədəbiyyat da fetişizmdə boğulur. Hətta məsələ cansız əşyalara inanmaqda da deyil, məsələ dəyərlərin cansız olduğuna inanmaqdadır.

Sən deməyəsən ki, bu boyda kitab, kino, sənət, musiqi dəyərlərin diri olduğuna inandırmaq üçün imiş.

Belə çıxır ki, o Şekspiri tanımayan aktrisa Şekspiri bizdən yaxşı tanıyır. Sadəcə bundan xəbəri yoxdur.

Yaxşı da ki, yoxdur!

Şekspiri vasitəyə çevirmədiyinə görə, bir ayrıca borcluyuq ona. Tolstoyu tanımayan, məqalə yazmayan, kitab oxumayan, kino çəkməyən hər bir adam məhz buna görə çox qiymətlidir!

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #