Adam necə siçovul olur

Adam necə siçovul olur
13 yanvar 2014
# 11:40

Şərif Ağayar yazır

Atasının ölümünü həyatında ən böyük xoşbəxtlik sayan amansız Sartr gözünü burjuy babasının evində dövrü üçün ən unikal kitabların arasında açır. Lap uşaq yaşlarından əlifbanı da dərsliklərdən deyil, bu qalın kitablardan öyrənir. Onun 10 yaşında oxuduğu əsərlərin adına baxanda adamı dəhşət bürüyür.

Açıq deyirəm, uzun zaman nə Motsartın, nə Sartrın, nə Puşkinin, nə Lermantovun, nə də Cəfər Cabbarlının yaşına inanmışam. Mənə elə gəlib ki, onları sənəddə balaca yazıblar. Çünki, bu adamların gördüyü işləri o yaşa sığışdırmaq imkansızdır. Ancaq, sən demə dahilik elə mümkünsüzü mümkün edəndə meydana çıxır.

İnsan fitrətən istedadlı varlıqdır. Dünyada hər hansı bir sahədə istedadı olmayan, hətta bəlkə dahiliyi olmayan adam tapmaq çətindir. Sadəcə o adamlar uğur qazanır ki, özünü vaxtında kəşf edə bilir, hansı sahədə bacarıqlı olduğunu dəqiq müəyyən edir. Amma bu hələ azdır! Müəyyən edəndən sonra məhz həmin sənətdə fəaliyyət göstərmək imkanı çox vacibdir. Söhbət istedadlı olduğun sahənin səni yaşada bilməsindən gedir. Əgər yaşatmırsa, məsələ xeyli qəlizləşir.

Bir müddət öncə Kulis.az saytı yazarların mətbəxi barədə maraqlı bir sorğu keçirmişdi. Sorğuda Əkrəm Əylislinin dediyi sözlər mənə çox ilginc göründü. Çünki bu fikirlər mənim söylədiklərimlə çox ciddi şəkildə səsləşirdi.

Gəlin keçmiş xalq yazıçısının günün hansı hissəsində daha aktiv yaradıcılıqla məşğul olması barədə verilən suala cavabına baxaq:

“Mən harada işləmişəmsə, orda darıxmışam. Çalışmışam iş yerimə günün birinci yarısı getməyim. Və əksər vaxtlarda da bu mənə qismət olub. Mən günün birinci yarısını, ta saat ikiyəcən nə bir qəzet oxumuşam, nə bir informasiya. Bu heç vaxt olmayıb. Hətta gəzməyə çıxanda çalışmışam ki, heç kəsə rast gəlməyim. Çünki içəridə yazını yaşaya-yaşaya gəzirəm. Saat ikiyə kimi nə yazdım yazmışam...”

İndi bəndənizin cavabına oxuyun lütfən:

“Mən adətən səhərlər aktiv oluram. Məhsuldarlığım beş qat çox olur. Təxminən saat yeddidən on ikiyədək. Təəssüf ki, iş və dolanışıq dərdi bu məhsuldar vaxtlarımı ədəbiyyata həsr etməyə imkan vermir.”

Bilmirəm anlada bildimmi?!

Sevdiyi və bacardığı işlə məşğul olanlara, bu işlə normal dolanışığını (halallıq vacibdir) təmin edənlərə həmişə həsəd aparmışam.

Ömrümün işıq saça biləcək anlarını bir loxma çörək üçün “qara fəhləliyə” sərf eləməyim həmişə üzüb məni. Təəssüfləndirib, kövrəldib, qəzəbləndirib.

Hətta buna görə özümü siçovula da bənzətmişəm. Bəli düz oxudunuz – siçovula! Onlar da yemək və yaşamaq üçün mübarizə aparırlar, nəsil artırırlar, yuva qururlar. İnsan ruhani varlığını unudanda siçovula çevrilir. Ruhun qidası mədəni həyatdandır. Mədəni həyat isə kitabla başlayır!

Məgərsə yaradıcılığın ən çətin yanı bu imiş - yazmaq və oxumaq imkanı qazanmaq! Həyatını elə qurmaq ki, yaşayışın, həmin o “siçovul arzuların” bu sahəylə təmin olunsun.

Gerisi asandır, inanın!

Şəxsən mənim üçün, çox asandır!

# 3359 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #