Anaların pensiya kartı

Anaların pensiya kartı
25 mart 2015
# 13:35

Bəli, sizə kimlərdən danışım, nələrdən bəhs edim, analardan və onların pensiya kartlarından.

Öncə bir məşhur teletamaşanı yadımıza salaq.

“Gəlinlər” adlı o məşhur teletamaşada bir ananın, üç oğulun və üç gəlinin həyatından bir dövr əks etdirilir. Bu həmin dövrdür ki, üç fərsiz oğulun üç fərasətli arvadı bir ananı yaxına buraxmaq istəmir, onun qayğısına qalmağı özünə yaraşdırmır, hərəsi bir bəhanə ilə bu ananı digərinin üzərinə atmağa çalışır. Barmağını dişləyən ana da köhnə, qıfıllı, içindən kimsənin xəbəri olmayan sandığının üstündə oturaraq onu əzizləməyə başlayır. Bu sandıqda çox qiymətli var-dövlətin olduğunu gəlin və oğullarına eşitdirməklə birdən-birə özü də qiymətli var-dövlətə dönmüş olur.

Əsl mərəkə və məzhəkə də bundan sonra başlayır.

Gəlinlər də, oğullar da bir-bir bu ananın başına dolanırlar, qulluq edirlər, hərə öz evinə dəvət edir, hərə öz həyatının bir parçasına çevirməyə cəhd edir.

Hətta bir-birləri ilə saçyoldusuna belə çıxırlar bu anaya görə.

Əslində isə sandığa görə.

Çox qarışıq zamanlara gəlib çıxmışıq, arxadaşlar.

Araq içib ana haqqında muğamatı ağlaya-ağlaya dinləyənlərin, uşaqlarının gözü qabağında analarının qol-qıçını qırıb, toylarda ana haqqında mahnılara qol qaldırıb oynayanların, 8 Martda ana cibinə girib məşuqə ətri üçün pul qoparanların və sairələrin və ilaxırların cəmindən ibarət toplum buketinin içində qurumuş kəklikotu kimi görünməz və susqun olmaqdayıq getdikcə, təsəvvür edirsinizmi?

Məsəl üçün, səhər-səhər mənimlə birlikdə taksidə gedən yaşlı bir qadının qayğılı üzünə rast gəlmişdim bir dəfə. O qayğılı üzdə nələr oxumamışdım mən! Ağlıma min fikir gəlmişdi. Bəlkə qəfil hüzr düşüb, ora gedir, bəlkə övladlarının başında bir qəza var, bəlkə xəstədir, bəlkə kiminisə həbs ediblər, bəlkə, bəlkə, bəlkə...

“Bir az tez sür, təzyiqim pis qalxıb deyəsən, ürəyim bulanır”, - demişdi qadın.

“Qoy müəlliməni aparaq, gedirik indi”, - demişdi çəlimsiz, cavan, əsəbi görkəmli sürücü.

“Əvvəl xalanı aparaq, ya da saxlayın mən düşüm, onu həkimə çatdırın”, - demişdim tələsik və qadının rəngi boğulmuş üzünə acizanə baxmışdım.

“Yox, qızım, əvvəl sən düşməlisən, biz banka gedirik, oğlumdu bu mənim, kredit götürməliyik, orda növbə olacaq bir azdan, ona görə...”

“Mən düşürəm, burda saxlayın!”- demişdim və pulumu ödəyib düşmüş, qalan yolu piyada getmişdim.

Yolumun üstündə isə bir-birinin ardınca düşüzlmüş banklar vardı. Bu bankların qapıları ağzında bir-birindən yaşlı analar düzülmüşdü növbəyə. Bu anaların üzləri qayğılı idi, rəngləri boğulmuşdu, təzyiqləri neçə idi, kim bilir...

Və oğullar dolaşırdılar leş üstünə doluşan qara qarğalar kimi ətrafda, süqaret tüstülədə-tüstülədə.

Dərdləri vardı, neyləsinlər.

Dindirsən, doxsan faizi ya telefon, ya maşın aldığı üçün, borca düşdüyünü anladacaqdı bəlkə. On faizi də cərrahiyyə əməliyyatı və ya hansısa xəstəlik müalicəsi üçün pul götürdüyünü deyəcək yəqin.

Misal üçün, çox olub, avtobuslarda, ya da gənc qadınların çox toplaşdığı digər yerlərdə qaynanalardan söhbət düşsə, zarafata salıb lağlağıyla dediklərini eşitməyim: “İndi hansı zamanadı? Heç indi də qaynanaya pis baxarlar? Kimin ağlı var, qaynanasını göz bəbəyi kimi saxlasın, pensiya kartı var e ortalıqda, kredit götürmək var, yoxsa bizə kimdi pul verən?”

# 2309 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #