İnsan necə dəyişir?

İnsan necə dəyişir?
18 mart 2014
# 13:04

SEYMUR BAYCAN

Yeniyetməlik və ilkin gənclik dövrümdə romanlarda intim səhnələr oxuyarkən hərarətim qalxar, qanımın qaynadığını, bədənimin canlandığını hiss edirdim. Xüsusən də fransız yazıçılarının əsərlərini oxuyarkən bu hal tez - tez baş verirdi. Fransızlar belə oğraş - oğraş söhbətlərin ustalarıdırlar. Ola bilərdi ki, bu həm də əsərləri çox diqqətlə oxumağımla, bu kimi mövzulara həssas olmağımla əlaqəli idi. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bəzi cümlələr, təsvirlər, səhnələr hələ də dəqiq yaddaşımdadı. Sonralar hər iki proseslə - həm yazı, həm də yataq - yaxından tanış olandan sonra daha heç bir səhnə, təsvir qanımı qaynatmadı. Bu zövqdən məhrum oldum. Sonuncu dəfə Oxran Pamukun “Mənim adım qırmızı” əsərini oxuyarkən qanımın qaynadığını hiss etmişəm. Orxan abinin erotikası çox güclüdü. Onu da deyim ki, ən ehtiraslı cümlələrə, qadının əsl kişi ehtirasıyla təsvirinə Şoloxovun “Sakit Don” əsərində, Henri Millerin “Yunanıstan gündəliyi”ndə rast gəlmişəm.

Zəruri haşiyə - Dəfələrlə yazılarımda, müsahibələrimdə qeyd etmişəm. Fürsətdən istifadə edib bir daha təkrar edirəm. Onsuz da təkrarçılıq etmək mənə ən çox tutulan iraddır. Faydalı təkrarçılıqdan əsla qorxmaq lazım deyil. Henri Millerin “Yunanıstan gündəliyi” hər bir üçüncü ölkə yazarının masaüstü kitabı olmalıdı.

Yeniyetməlik və ilkin gənclik dövrümdə əsərlərdə bir oğlanın bir qızdan imtina etməsini, qızın təklifinə oğlanın rədd cavabı verməsini əsla başa düşə bilmirdim. Başa düşə bilmirdim demək yumşaq səslənir, heç cürə həzm edə bilmirdim. Necə yəni, bir qız bir oğlanı qucaqlamaq istəyir, qız oğlanı öpmək istəyir, oğlan isə onu rədd edir, özündən kənara itələyir? Nə qədər düşünürdümsə, belə bir halın baş verə biləcəyi mənə inandırıcı görünmürdü. Qızı nə qədər eybəcər təsəvvür etsəm də, yenə heç nə alınmırdı. Razılaşa bilmirdim. Axı necə ola bilər ki, bir qız bir oğlanı öpmək istəsin, yatmaq təklif etsin oğlan isə razılaşmasın. Əsəbiləşirdim, az qala romanın içinə girib oğlanı təpiyin altına salmaq istəyirdim. Axı necə inana bilərdim? Biz harada qız gördük? Yenə heç olmasa gücüm ona çatdı ki, başqa uşaqlar kimi heyvanlarla cinsi əlaqəyə girmədim. Bəzən yanlış olaraq bizim ölkədə heyvanlarla cinsi əlaqəyə girənləri zoofil adlandırırlar. Kökündən yanlış fikirdi. Zoofil odur ki, qadınla yatmaq imkanı var, amma heyvanlarla münasibət qurur. Bizdə bu proses könüllü deyil, məcburidi, zəruriyyətdən doğur. Heyvanla yaxınlıq edən adamlar sonradan qadın əldə etdikdə normal insan kimi yaşayırlar. Heyvanlar yaddan çıxır. Əslində isə unudulanlar unudanları əsla unutmazlar. Biz heyvanları unutsaq da, heyvanlar bizi unutmurlar. Bu bədnam əlaqənin, münasibətin nəticələri sonralar hər yerdə özünü göstərir. Ədəbiyyatda, musiqidə, küçədə, avtobusda, metroda, bazarda. Bir vaxtlar münasibətdə olduqları heyvanların xüsusiyyətləri onların hərəkətlərində özünü büruzə verir. Deməli, onlar zoofil deyillər, sadəcə məcburiyyət qarşısında qalıb heyvanla cinsi əlaqəyə girirlər. Hansımız yeniyetmə zamanda qızla kinoya getdik. Çəmənlikdə öpüşdük. Əl-ələ tutub dağda, dərədə, meşədə, dəniz kənarında gəzdik, öpüşdük, mazaqlaşdıq... Gənclik dövrümüzdə o qədər aclıq oldu ki, o vaxt qızların hansı alt paltarı geyinməsindən xəbərsiz qaldıq. Heç nə görmədik. Elə bir balaca həyatdan xəbər tutmağa başlayırdıq ki, müharibə girdi ortaya. Aləm qarışdı. 90-larda da nələr baş verdi, onu bir qurban olduğum, bir də bizim nəslin nümayəndələri yaxşı bilirlər. O dövrü görməyən adama nələr baş verdiyini çatdırmaq mümkün deyil. Bircə onu deyə bilərəm ki, 90-larda nə erotika vardı, nə də pornoqrafiya. Nə idisə başqa şey idi. Art desək daha doğru ad qoymuş olarıq.

O vaxt biz yeniyetmə olanda əsgərlikdən gələnlər yalan-gerçək müxtəlif əhvalatlar danışırdılar. Biz də qulaqlarımızı şəkləyib qulaq asırdıq. Gələnlərin hamısı bir ağızdan deyirdilər ki, ruslar yata bilmirlər, ruslar ancaq öpüşürlər. Bu söhbəti də başa düşməkdə çətinlik çəkirdim. Niyə ruslar yata bilmirlər? Rus kino çəkdi, inqilab etdi, roman yazdı, amma yata bilmədi? Sonradan başa düşdüm ki, öpüşməyin öz yeri var, yatmağın öz yeri. İsa Məsih demişkən, ruh ayrı, bədən ayrı. Sadəcə bizimkilər o qədər yanıq olurdular ki, öpüşməyə, sığala-zada vaxt itirmək istəmirlər. Qorxurlar ki, birdən qarşı tərəf, zəif cinsin nümayəndəsi qəflətən fikrini dəyişər, proses yarımçıq qalar. Bir nəfər, xalqımızın bir nümayəndəsi ilk dəfə məlum prosesi yaşayanda (Azərbaycanlılar seksə çoxlu ad qoyublar. Adlardan biri də yaşamaqdı) gecədən səhərə qədər insan kimi deyil, mexanizm kimi o qədər irəli-geri, sağa-sola hərəkət edib ki, dizlərinin gözü ora-bura sürtülməkdən qanayıb. Adam üç gün yerindən tərpənə bilməyib. Qarşı tərəf isə heç nə olmamış kimi çox xoşbəxtcəsinə səhər rahat qalxıb işə gedib, həyatını yaşamağa davam edib. Lap son zamanlara qədər bu qorxu mənim də içimdə qalmışdı. Paltarımı ildırım sürətilə soyunurdum. Hərbi məktəbdə oxumağım köməyimə çatırdı. Qorxurdum ki, adam fikrin dəyişər, travma alaram. O qədər sürətlə soyunurdum ki, prosesdən sonra corabımın bir tayını tapa bilmirdim. Bundan sonra biz nə qədər görsək də, nə qədər yaşasaq da həmişə yanıq olaraq qalacayıq. Bu yanıqlıq bir balaca kənara çıxanda üzə çıxır. Ən özünə arxayın adamların kənara çıxanda özünü buraxdığının şahidi olmuşam. Sadəcə yanıqlığın da dərəcəsi var. Biri aşırı dərəcədə yanıqdı, o birisi bir az yanıqdı. Biz şükürlüyük. Hələ türklər var. Onların yanıqlığının yanında bizim yanıqlığımız toy – bayrama getməlidi. İstər Nobel mükafatı almış olsun, istər Kann film festivalında Qran - pri mükafatı alsın, istər solçu olsun, istərsə də sağçı, lap elə qoy devrimci olsun, bir türk vagina gördüyü zaman özünü, Osmanlının tarixini, partiyasını, yolunu unudur. Bu başqa söhbətin mövzusudu. Türklərin iyrənc yanıqlığı haqda yaxınlarda geniş bir yazı yazmaq niyyətim var. İstərdim ki, bu cümlələrdən qarşı tərəf sui-istifadə etməsin. Problem varsa hamımızın problemidi. Bir çox Şərq ölkələrində qadınlar nəinki şəxsiyyət ikiləşməsini yaşayırlar, hətta şəxsiyyət üçləşməsini, dördləşməsini yaşamağa məcbur olurlar. Onlar evdə bir cür, küçədə başqa cür, işdə tamam başqa cür, kinoda, liftdə və digər münasib yerlərdə bir ayrı cür yaşamağa məhkumdurlar. Ona görə başların itirirlər, əsəbləri tamam pozulur, bir balaca hallarından xəbərdar olan adama istər-istəməz nifrət edirlər, özlərini qorumaq üçün hallarından xəbərdar olan adama böhtanlar atırlar, lənətlər yağdırırlar. Belə bir mühitdə böyüyən adam romanlarda oğlanın qıza rədd cavabı verməsini, oğlanın qızın təklifini rədd etməsini necə başa düşə bilərdi? Necə buna inana bilərdi? Çətindi. Üstəlik, lap balacalıqdan eşitmişdik ki, əgər qızın sifəti xoşuna gəlmirsə başına yastıq keçirmək olar. Bu qədər qəddar və asan bir çıxış yolu. Onu da nəzərə alaq ki, nədənsə sifətdən gözəl olanların çox vaxt pis fiqurası olur. Yaxşı fiqurası olanların isə sifət sarıdan bəxti gətirmir. Üstəlik, ruslar demişkən qadının gözəli və eybəcəri yoxdu, arağın azı-çoxu var.

Zaman keçdi. Yavaş – yavaş dəyişdiyimi hiss etdim. Bu dəyişikliyi bir il əvvəl kəskin hiss etməyə başladım. Şərtilik reallığa çevrildi. Romanlarda oxuyub başa düşmədiyim, həzm edə bilmədiyim səhnələr indi öz başıma gəlməkdədi. Nə oldu? Doydum? Yox. Əsla doymamışam. Sadəcə heç kimin məsuliyyətini daşımaq, heç kimin minnətini götürmək, boş və mənasız yerə enerji sərf etmək istəmirəm. Təpələrinə dəysin. Gətirdikləri su tökdükləri zibili yuyub aparmır. Üstəlik, əllərindən bir iş də gəlmir. Özlərindən razı halda kotlet kimi uzanırlar. Gərək aşpaz kimi ora-bura çevirəsən ki, yanmasınlar. Təşəbbüs yox, fədakarlıq yox, ideya yox. Seksual inqilab olmayan ölkədə məhsul həmişə baha olur. Tutaq ki, mən bazara kartof satmağa çıxmışam. Görürəm ki, kartofun qiyməti bir manat iyirmi qəpikdi. Başım xarabdı bu kartofu havayı paylayım adamlara. Təxminən belə bir vəziyyət. Hələ bunun şantajı, dava - dalaşı, nə bilim gecələr içib ağlamağı-zadı var. Çətin yerdə yaşayırıq. Qız tapanda ev tapılmır. Ev də tapanda qız tapılmır. Hər ikisini tapanda da bir qardaş çıxır və əlində yaba deyir ki, qaqaş, mənim burda anam, bacım yaşayır. İndi bu əli yabalı qardaşa necə başa salasan ki, mənim də anam, bacım var. Kim binaya kimi gətirirsə öz işidi. Anamın, bacımın gözünün qabağında cinsi əlaqəyə girmirəm ki... Bəs divarlar nə üçündü? Dünən bir xoruzun bir fərənin belinə qalxıb düşdüyünü gördüm. Hər şey çox asan baş verdi. Xoruz nə mesaj yazdı, nə roman yazdı, nə də yalan danışdı. Heç fəlsəfədən, ədəbiyyatdan da danışmağa ehtiyac yaranmadı. Milli dildə desəm, yaşadı, sonra da qanadlarını çırpdı. Doymamışam. Tam tərsinə, bir kişi kimi həyatımın ən çiçəklənən dövrünü yaşamaqdayam. İndi-indi qadın bədənini tanımaqdayam. Başa düşürəm ki, gücdən əlavə, həm də təcrübə lazım imiş. Az hərəkət edib çox həzz almağın yolların indi-indi tanımaqdayam. Sadəcə və sadəcə heç kimin xahiş, minnətini götürmək istəmirəm. Bu qədər sadə. Lap qoy haqqımda şayiələr yaransın. Heç nə vecimə deyil. Rahatlığımı heç nəyə dəyişmək istəmirəm. Yalnız pulla olmaq istəyirəm. Alan razı, satan razı. Olacaqsa olsun. Olmayacaqsa olmasın. Həkim dərman deməyib. Ən böyük arzum odur ki, 15-20 min pulum olsun. Həştərxandan başlayaraq hər şəhərdə bir ay qala-qala Volqaboyu şəhərləri, o qorxulu cənnətləri (Opasniy ray. Rusiyaya qoyulmuş ən dəqiq addır) doyunca gəzim. Rusiya Moskva deyil, Rusiya heç Peterburq da deyil. Ən yaxşı Rusiya Volqaboyu şəhərlərdi.

Bir yaşlı dostum var. Söyüşlə danışan adamdı. Həmişə deyir ki, ilk dəfə əcnəbi qadınla yaşayandan sonra başa düşdüm ki, bu vaxta qədər qadınla deyil, atamın goru ilə cinsi əlaqədə olurmuşam.

P.S. Güman edirəm ki, kifayət qədər mədəni və anlaşılan dildə yazdım.

Seymur Baycan

Yazıçı, publisist, maarifçi, ictimai-siyasi xadim, mütəfəkkir, Nyu-York Elmlər Akademiyasının üzvü.

# 10753 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #