Güzəranımızın belə çətin, insanlarımızın sevgidən yoxsulluq çəkən bir vaxtında yazıma bu cür bədbin və kədərli sözlərə başlamaq istəməzdim. Amma fikirləşəndə ki, yazının sonu nikbin notlarla tamamlanacaq. Onda bu sözləri ürəkdən silkələməyə dəyər..
Göz yaşları, ağlamaq, hönkürmək bütün bu sadaladıqlarım qadınlara anadan olandan bəxş edilmiş ən nisgilli və əzablı istedaddır. Hər qadının özünəməxsus kədəri və göz yaşları vardır. Kimisi bir filmdən, kimisi bir kitabdan, kimisi də bir mahnıdan qəmlənib ağlamağı bacarar.
Məsələn mən, ağlamağı çox yaxşı bacaran qadınlardanam. Hələ 16-17 yaşlarımdan baxdığım filmlər, oxuduğum kitablar məni ağladırdı.
Zaman keçdikcə, ağlayacağım əhvalatlar daha da dərinləşib müdrükləşdi və mənim göz yaşlarım hər zaman mənim ən sadiq dostlarımdan biri oldu.
Əsəbləşəndə, kədərlənəndə, birisi qəlbimə toxunanda göz yaşlarım heç bir dəvət və xahiş gözləmədən gözlərimdə yuvarlanırlar.. Mən hər göz yaşlarımdan sonra ayılıram, özümü duyğularımı daha dərindən anlamağa çalışıram.
O da var ki, kişilər qadınların göz yaşlarına tab gətirə bilmirlər. Elə xanımlar var ki, onlar ağladıqları zaman ərlərinin də onlarla birgə ağladıqlarının şahidi olmuşam. Lakin, ağlamağı bacarmayan kişilər də var, bəlkə də ağlamaq istəməyən kişilər...
Maraqlıdı kişilər niyə ağlamaq istəmir?
Ağlım kəsəndən həmişə bu sözü eşitmişəm: “Kişi ağlamaz”. Görəsən bu sözü kim icad edib? Axı kişi niyə ağlamamlıdı? Üstəlik dövrün belə çətin, kişilərin belə əziyyətli imtahanlarla üz-üzə qaldığı dönəmlərdə.
Axı bizim hamımızın acılı-şirinli günlərimiz var. Və bu acılı günlərin birində kişi niyə hönkürtü ilə lap elə insanların gözü qarşısında ağlamasın?
Çox çətin və yolagəlməz bir mövzu seçdiyimi bilirəm.. Amma mümkünsüz heç nə yoxdur deyiblər. Lakin bu sözləri deyərkən ölümü yaddan çıxarıblar.
Anası rəhmətə gedərkən onun tabutunu çiyinləri üzərinə alıb aparan oğlanlar görmüşəm ki, dişlərini bir-birinə sıxaraq ağlamamq üçün min-bir əzab çəkiblər. “Ana kimi yar olmaz” deyib şair.
Buyurun, tamaşa edin və həzz alın!... Ana kimi yardan ayrılan oğullar anaları ilə son dəfə vidalaşarkən göz yaşı axıtmaq istəsələr də bunu etmirlər...
Qınağa, töhmətə tuş gələcəklərindən qorxduqları üçün heç bir kişi nə olur-olsun ağlamaq istəmir. Nəticədə isə bunun əziyyətini çəkən yenə də onlar özləri və onlarla birgə həyatı paylaşanlar olurlar. İnsanın qəlbi onun hissləri ilə nəfəs alır.
Nəfəs aldıqca qəlbimiz qarşısı alınmaz çlrklənmələrə, zəhərlənmələrə məruz qalır. Bu çirklənmələrdən, zəhərlənmələrdən qəlbimizi təmizləməyimizin bir yolu var, o da mərhəmət hissi ilə ürəkdən göz yaşları axıtmaq. Kişilər isə bu cür gözəl duyğulardan məhrum acılarını, zəhərlərini içlərinə axıtmaqla yaşamağa məhkum olunublar...
...Təxminən 8-9 yaşım olanda belə bir hadisənin şahidi olmuşdum. Atamın Qərib adlı bir müəllim yoldaşı var idi. Atam onunla uzunmüddətli dostluq münasibəti saxlayırdı. Qərib müəllim çox ciddi, iradəsi güclü olan bir insan idi.
Onun Sərvinaz adlı bir arvadı vardı. On beş il bir yerdə yaşamaqlarına baxmayaraq onların uşaqları olmurdu. Bir dəfə gecə saat 12 olardı qapımız möhkəm döyüldü. Atam paltarını geyinib bayıra çıxdı, sonra Qərib müəllimlə geri qayıtdı.
Mən yatdığım otağın qapısını aralayıb otaqda olanları müşahidə edirdim. Qərib müəllim bərk sərxoş olmuşdu. Mən onu heç vaxt sərxoş vəziyyətdə görmədiyimdən təəccüb və maraq qarışıq bir hisslə Qərib müəllimi izləyirdim.
O bir az oturdu, süzülmüş olan tünd rəngli çaydan içməyə bir neçə dəfə cəhd göstərsə də bacarmadı. Sonra qalxıb getmək istədi. Amma onun qalxmağa da taqəti yox idi. Ayağa qalxan kimi səntirləyib yırğalanırdı. Sonra mən Qərib müəllimin möhkəm hönkürtü ilə ağladığını gördüm.
Onun hönkürtüsü bu günə qədər mənim xatirimdə dərin iz buraxıb. Mən bu vaxtacan onun kimi ağlayan ikinci bir insana rast gəlməmişəm. O hönkürtünün səbəbini çox sonralar anlamışdım. Bu 15 ildən çox övlad həsrəti çəkən bir kişi nisgili idi. Bu qədər zaman ərzində zəhərini, acısısnı içinə axıdan Qərib müəllim həmin gecə içkinin köməyi ilə olsa belə ürəkən ağlamışdı.
Sonra da hamımız deyirik ki, kişilər niyə içki içir, kişilər niyə siqaret çəkirlər? Bəs nə etsinlər bu kişilər? Ağlamağı bacarmayan hər bir kişi, siqaret çəkməyə, içki içməyə məcburdur. Məqamında ağlamağı bacaran kişi isə mərhəmətdən, anlayışdan və sevgidən yoxsul ola bilməz. Qəlb sındırmağı, dosta namərd olmağı, doğmalarına üz çevirməyi bacarmaz!
Əksinə onlar hər zaman sevdiklərinin yanında cəsarətlə dayanıb onları qorumağın öhdəsindən gəlməyi bir çoxlarından yaxşı bacararlar. O zaman yazımı tamamlayaraq sonda bunu deyərdim ki, siz kişilər heç nədən, heç kimdən çəkinmədən ruhunuzdakı zəhərləri, pislikləri təmizləmək üçün ağlayın.
Bunu infarkdan qorunmaq üçün etməyin. Bunu mükəmməl ata, mükəmməl oğul və nəhayət mükəmməl kişi olmaqdan ötrü edin.
Kişilər ağlasınlar!
13 aprel 2011
14:20
2974 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024