Molla və erməni qızı

Molla və erməni qızı
16 iyun 2015
# 12:02

Molla Davud əlində tutduğu armudu stəkanı sözlərinin ahənginə uydurub elə şövqlə sağa-sola hərləyirdi ki, uzaqdan baxan olsa mollanın sağlıq dediyini zənn eləyəcəkdi. Amma Molla Davud moizə eləyib xalqa yalan danışmağın nə qədər pis və Allah qatında bəyənilməyən hərəkət olduğunu başa salmağa çalışırdı. Sözlərini “yalan danışanın bu dünyada hörməti, o biri dünyada izzəti olmaz” kəlamıyla bitirib bayaqdan əlində tutduğu stəkanı qoydu nəlbəkiyə. Məclisin başında əyləşmiş yardımçı mollalar cəhənnəm odundan olmasa da, həmkarlarının bayaqdan əlində tutduğu isti çaydan amandaydılar artıq.

Davudu uşaqlıqdan tanıyıram. Uzaqdan-uzağa qohumluğumuz da çatır. Məndən bir-iki bayram balacadı. İlk dəfə əmim oğlunun toyunda bilmişəm ki, bu adda, bu nişanda qohumumuz var. Davud mənə ilk yalanını da bu toyda danışıb. Dəqiq yadımdadı. Yanımda bir qədər səssiz dayanandan sonra üzünü mənə tutub alçaq səslə dedi: “Əmioğlu, xəbərin var başıma gələnlərdən?” Dedim, yox. Davud səsini sahmana salıb başladı danışmağa: “Dünən atamla şəhərə getmişdim. Atamın işinin yanında qadın salonu var. Kişinin gözündən yayınıb verdim özümü salonun qabağına. Başladım tamaşa eləməyə. Bir də gördüm qadın bərbərxanasından bir qız çıxıb yaxınlaşdı mənə. Dedi, burda niyə durmusan? Dedim, atamı gözləyirəm. Qız güldü. Adımı soruşdu. Tanış olduq. Erməniymiş. Qəribə də adı var idi: Mirzonna. Hava dünən də belə istiydi axı... Mirzonnaya dedim, gəl gedək marojna yeyək. Razılaşdı. Əlimizdə dondurma verdik özümüzü bağın bir küncünə. Elə yenicə dondurmamızı bitirib öpüşməyə başlamışdıq ki, atamın səsini eşitdim. Ayağa qalxdım ki, atamın səsinə sarı yol alam, Mirzonna başladı ağlamağa. Dedim, ağlama, yenə gələciyəm.” Davud rəvayətini bitirib məni bütün müqəddəslərə and verdi ki, danışdıqları aramızda qalsın. Eşitdiklərimi həqiqət bilib həsəddən qızarmışdım. Davudun qürurlu milçəklərin özlərinə sığışdırıb qonmadıqları üzünə baxdım və susdum. Yadıma məktəbimizdəki erməni qızı Karina düşdü. Karina mənə heç nə, hətta salam belə vermirdi...

Bir-neçə ildən sonra Davudun dini təhsil aldığını eşidəndə dedim, bundan sonra yəqin yalan danışmağı tərkin qılar. Çünki yalanlarıyla bezdirmişdi məni. Bir gün dedilər ki, Davud ziyarətdən gəlib. Getdim görüşünə. Xoş-beşdən sonra dedi, əmioğlu, ziyarətdə bilirsən kimi gördüm? Dedim, kimi görmüsən? Dedi, Məhəmmədəlini. Dedim Gülbalanın atasını? Bir xeyli mənim avamlığıma güləndən sonra dedi: “Alə, yox e, məşhur boksyor Məhəmmədəlini görmüşəm.” Sözlərinin məclisdəkilərin marağına səbəb olduğunu hiss eləyib səsini qaldırdı: “Ziyarətin ən qızğın məqamında gördüm kimsə qolumdan dartır. Görən kimi tanıdım. Məhəmmədəli məndən soruşdu ki, Davud, atam, bu insanlar niyə bir-birini itələyir? Ziyarətin qayda-qanununu başa saldım, bir az toxtadı.” Məclis əhli xorla Davudun atasına rəhmət oxudu bu əməlinə görə. Amma heç kəs soruşmadı ki, ay Davud, əfsanəvi boksçu Azərbaycan dilini hardan bilir ki, sənin adını çəkib səndən söz də soruşa. Məclisdə dinən olmadı. Mən də susdum.

Yas çadırı adamla doluydu. Kəndə tülkü dadanmışdı. Hamı bu barədə danışırdı. Davudun səsini eşidən kimi məclisdəkilər səsini uddu: “Beş-on gün bundan qabaq səhər-səhər hindən əcaib səslər eşitdim. Əlimə yaba alıb yaxınlaşdım hinin qapısına. Gördüm tülkü toyuqlara meydan açıb. Qışqırdım ki, ay namərd, neyniyirsən? Səsimi eşidib qaçmaq istəyəndə yabanı atdım, getdi girdi tülkünün qarnına. Yaba qarnında qaçır, çata bilmirəm. Hardasa 150-200 metr belə qaçdıq. Gördü əl çəkmirəm, uje əhədini kəsmişəm, dırmaşıb qalxdı hasarın başına. Yaba da qarnında yellənir. Çıxartdım yabanı qarnından. Qaçdı getdi”. Yerbəyerdən hamı başladı Davudun tülküylə amansız mübarizəsinə “əhsən” deməyə. Davudla tülkünün cəngi-cidalını gözlərimin qabağında canlandıranda gic gülmək tutdu məni. Gülüb özümü urvatdan salmayım deyə cəld çıxdım çölə.

Bir azdan ehsan veriləcəkdi...

# 1571 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #