Sən ey əsmər bənizli

Sən ey əsmər bənizli
5 iyun 2015
# 19:24

Müşfiq günüdür bu gün.

Dünyaya gəldiyi gün, dünyanın bu üzünə göndərildiyi gün, anadan olduğu, gözlərini açdığı... nə desək, necə desək, fərqi varmı?

Azərbaycan poeziyasının çox nadir incilərindəndir Müşfiq şeiri.

Rahat, şirin, doğma, içində sevgi, saflıq daşıyan nəfəsdir Müşfiq ruhu.

Bu qədər gözəl olmalıydı ki, qurban seçilə bilsin, düzdü?

Axı çirkin, istedadsız, varlığı ilə yoxluğu ədəbiyyatın heç bir küncündən-bucağından bilinməyən saysız-hesabsız şeir yazanları neynirdi ki, dövrün repressiya kabusu?

Dəyərsiz, xəstəhal qoçu belə qurbanlıq etmir insanlar.

O da ki insan ola, şair ola, Müşfiq ola!

Mən əminəm, harda bir tamaşa varsa, orda mütləq rejissor, ssenari müəllifi, aktyorlar var.

Və ən dəhşətli səbəbkarlar da mütləq var – tamaşaçılar!

Bütün tamaşalar bütün dövrlərdə tamaşaçılar üçün hazırlanır, göstərilir.

Lənətəgəlmiş alqışları üçün...

Bu günlərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında premyerasına dəvət aldığım “Cəhənnəm sakinləri” tamaşası da repressiya dövrünə həsr olunmuşdu.

Səhnədə baş verənlərin hamısı Stalinin qızılı çərçivədəki şəkli qarşısında görünürdü.

Şeytan vardı insanların arasında, evlərinə girirdi, münasibətlərinə qarışırdı, bir-birini satmağa, bəxş etməyə, qurban verməyə vadar edirdi hamını.

Və hamı onun hardan gəlməsi, necə peyda olması barədə düşünürdü, osa, insanların köks qəfəslərinin sol tərəfinə toxunurdu ərklə və görünməz-bilinməz nəyisə ordan ovcuna yığıb, sonra əlini onların gözləri qarşısında açırdı qəfil, “bax, mən burdan gəlmişəm!” deyirdi...

Ürəklərindən yəni.

Öz içlərindən.

Tamaşa başlayandan ta bitənə qədər mən repressiya dövrünün qurbanları olmuş ədəbiyyat adamlarımızı düşündüm. Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı...

Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytında verilən siyahıda kimləri görürük?

Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist.

Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas.

Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas.

Talıblı Böyükağa Mirqasım oğlu – şair.

Əhmədov Əmin Mütəllib oğlu (Əmin Abid) əbiyyatşünas, şair.

Əhmədov Əliabbas Mütəllib oğlu (Əliabbas Müznib) şair, ədəbiyyatşünas.

Mahmudzadə Ələkbər Mahmud oğlu (Əli Nazim) tənqidçi, ədəbiyyatşünas.

Şamçızadə Əli Məşədi Yəhya oğlu (Əli Razi) – şair, publisist.

Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) – şair, tərcüməçi.

Nəzərli Nacıbaba Hacı Ələsgər oğlu – nasir.

Sanıyev Hacıkərim Hüseyn oğlu (Hacıkərim Sanılı) – şair, pedaqoq.

Zeynallı Hənəfi Baba oğlu – ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas.

Rasizadə Hüseyn Abdulla oğlu (Hüseyn Cavid) – şair.

Zeynalov İsmayıl Novruz oğlu (İsmayıl Katib) – şair.

Ələkbərzadə Məmmədkazım (Məmmədkazım Ələkbərli) – tənqidçi.

İsmayılzadə Mikayıl Əbdülqədir oğlu (Mikayıl Müşfiq) – şair

Quluyev Mustafa Zəkəriyyə oğlu — tənqidçi, ədəbiyyatşünas, publisist.

Nemanzadə Ömər Faiq — publisist.

Axundov Ruhulla Əli oğlu — tərcüməçi, ədəbiyyatşünas, publicist.

Əsgərov Salman Məmmədəmin oğlu (Salman Mümtaz) — şair, ədəbiyyatşünas, mətnşünas, kitabşünas.

Sadıxzadə Seyid Hüseyn Mirkazım oğlu — nasir, tənqidçi.

Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi.

Qənizadə Soltanməсid Haсı Murtuzəli oğlu – maarif xadimi, yazıçı.

Şahbazi Tağı ( Simurq ) — nasir, publicist.

Xuluflu Vəli Məmmədhüseyn oğlu — ədəbiyyatşünas, publicist.

Vəzirov Yusif Mirbala oğlu ( Yusif Vəzir Çəmənzəminli ) — nasir, publisist, ədəbiyyatşünas.

***

Müşfiq günüdür bu gün.

Müşfiqin ruhu xətrinə onunla eyni qurbangaha təqdim edilən bütün ədəbiyyat adamlarımızın ruhu qarşısında baş əymək gərək bu gün.

Başlarını dik tutduqları üçün qazanıblar başlarımızın ruhları qarşısında əyilməsini.

Ən gözəl ədəbiyyatı yaradıblar, ən gözəl söz bünövrəsi var hər birimizin yazı aləminə, ədəbiyyat dünyasına ilk addımlarımızı atdığımız zaman səntirləməməyimiz üçün.

Ən gözəl olanlarımızı bir daha qurbangahlara itələməmək üçün ən gözəl ağrıları yaşayıb həkk ediblər ədəbiyyatımızın siyasət çirkabına bulaşmış divarlarına, qanlarıyla ödəyiblər bundan sonra da min il bir-birimizi qurban verməməyimizin möhlət haqqını...

Bizə sadəcə yazmaq qalır, o ən çətin yolun ağına-qarasına düşən ömrümüzü söz-söz, sətir-sətir, misra-misra sərf edərək.

Ədəbiyyatımızın Müşfiq günü mübarək!

# 2636 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #