Anarın sərbəst şeir yazmağına inanmaq

Anarın sərbəst şeir yazmağına inanmaq
9 yanvar 2015
# 17:33

Yaxınlarda Anar Aminin “Adnalıdan Ağdabana” adlı kitabı çıxıb. Şeirlər və poemalar. Deyir və yazırlar ki, Anar ənənəvi üslubda yazır, məncə düz demirlər. Ənənə məsələnin zahiri tərəfidir. Anar sərbəst şeirlər də yazır. Mən buna da inanmıram. Anar şeir yazır. Bütün komponentləri yerində olan şeir. Elə bir şey ki, onun başqalarından seçilməyə var gücü ilə cəhd edən nəfəsi açıqca hiss edilsin. Edilir də.

Müəlliflə forma arasında münasibətlər bildiyimiz kimi sadə deyil, qəliz və mürəkkəbdir, ora qədər ki, ona baş qoşmamaq lazım. Əsas məsələ bu münasibətlərdə məna savaşının hansı vəziyyətdə olmasıdır. Şair formanı onu “dağıtmaq”, dağıdıb da yeni mənalar bulmaq üçün qəbul edir, şair formanın içinə gecələmək üçün girmir. Anarın bu münasibətlər qovşağından çıxardığı, daha doğrusu hasil etdiyi mənalar gözlənilməzliyi ilə deyil, çoxdan, lap çoxdan axtardığımız bir şey olmağıyla diqqəti çəkir. Bayatılarda ilk iki misra “hazırlıq üçündür”, əsas məna son iki misrada peyda olur. Su gələr arxa haray / tökülər çarxa haray / İgid qürbətə düşsə, çağırar arxa, haray. Belə bir bayatı da var: Əzizinəm nar gətir/ Ağ dəsmala sar gətir/ Əkilməyən ağacdan /dərilməyən nar gətir. Yaxud necə ki Abbas Tufarqanlı deyirdi: Duman gəl, get bu dağlardan/ dağlar təzə bar eyləsin/ nə gözlərim səni görsün/ nə könlüm qubar eyləsin. Bu sxemi, bu üsulu yamsılayanlar “getdiyi” yoldan əliboş qayıdır, bu sistemə sualla yanaşanlar, onu vasitəli sual altına qoyanlar isə (R.Bart) yeni mənalar yaradır, bu kələ-kötür dünyanı bir az da ideal halına yaxınlaşdıra bilirlər. Şeirdə qurulan sistemin, istifadə edilən metodun vasitəsi ilə dünya irəliyə zənn etmədiyimiz yol kimi genişlənir, bunu yuxuda görürmüş kimi, əlimizi üstünə qoyur, yeni mənaların doğurduğu assosiasiya selinə qərq oluruq. Anarın dediyi kimi:

Alma da var, heyva da var,

Narnan narın arasında.

O kimdi sığınıb, yatıb,

Barnan barın arasında.

Anarın talantının, təbinin coşqusu şeirin havasından, intonasiyanın gurluğundan bilinir, Anarda şeir, məncə hal məsələsidir. Bizdə indiyə qədər sevdiyimiz nümunələrlə bağlı ən fərqli baxışlar formalaşıb. Musa Yaqubda şeir daha çox deyim olması, deyimlər, mənalar qovşağı yaratması ilə yadda qalır. Ramiz Rövşəndə əsas məqam bəstədir, o mənada ki, tutulan hava, “ovlanmış” məna sadəcə misralara düzülmür, bu hava, bu məna qonşu havalarla assosiasiyalar yaradır, öz çərçivəsində həmin hava və mənaları kapsayan sistemə dönmək cəhdləri hiss edilir. Əli Kərim neyləyirdi? – “Aut” şeirinə diqqət yetirin. Burada yol həmişə zənn edilməyən istiqamətə dönürdü. Səlim Babullaoğlunun şeirləri yeni və mürəkkəb sistemdir. Bu şeirlərdə mənayaradıcı sistem adət etdiyimiz ladlar üstündə deyil. Anar Amin yaxşı ki, bu çətin yolda hər şeyi, bütün problemləri yalnız “güc sərf etməklə” həll etmək istəmir və bunun perspektivsiz olduğunu gözəl bilir. Anar bizim yüz illər boyu bildiyimiz şeylərə təzə naxış, original nöqtələr salır. Beləliklə Anar hamının tanıdığı yoldan özünə sarı dönür.

Diriləcək ölən quşlar

Quş dilini bilən quşlar

Yazda qonaq gələn quşlar

Dimdiyində yuva gedir…

Anarın baxdığı şeylər, Anarın gördüyü şeylər … bizim bir az da bilmədiyimiz nəsnələrdir. Onun mətnləri həm də buna görə maraqlıdır, sözü bu şəkildə dəf etmək də olarmış. Bizdə sözdən çox danışırlar, sözlə bağlı bənzətmə, epitet və metaforalar nə qədər desən. Söz istifadə edilən materialdır, vasitədir, onun məqsədə çevrilməsi, ondan bu qədər bəhs edilməsi, yuxarıda hallandırdığımız mənaya çata bilməmək dərdinin bəlirtisidir.

…. Nə döngəymiş, nə tin imiş

Sevən kəslər mətin imiş

Yar olmaq da çətin imiş

Yarnan yarın arasında

Səsim gedər sözüm qalar

Gördüyümdə gözüm qalar

Qar qarlayar izim qalar

Qarnan qarın arasında

# 1280 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #