Şərifin insanları

Şərifin insanları
1 avqust 2013
# 13:52

Bir ev, bir yuva, ad-san sahibi olmaq üçün kənddən qaçıb sığındığım bu cansıxıcı və düzənsiz şəhərdə Şərif adlı yazıçı yaşayır... Aramızda 7-8 yaş fərq var və o artıq “ömrünün yırtılmış təkərini 40-a doğru həvəssizcə yomalamaqdadır.” Yazıları ilə 10 ildən çoxdur tanışam. Amma şəxsi tanışlığımız 4-5 öncə başlayıb. II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yeri qazanmışdım və bu münasibətlə Gəncədən Bakıya gəlmişdim. Diplomu mənə Şərif Ağayar təqdim elədi və sonradan bildim ki, qaliblər sırasında olduğum yeganə müsabiqədə mənə ən yüksək balı da Şərif veribmiş...

O gündən Şəriflə tanışlığımızın və mehriban münasibətlərimizin təməli qoyuldu. Bu qısa vaxt ərzində çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Şəxsən tanıyanlar təsdiq edə bilər ki, Şərifin çox pozitiv aurası var. Əzbər şeir deməyi, söhbətləri doyumsuzdur. Ədəbiyyatı çözələməyə başlayanda “ilişmir”, həm klassikanı, aşıq şeirini, folkloru, sazı həm də müasir ədəbiyyatı, postmodernizmi, müasir romançılığı çox gözəl bilir Şərif. Gec tanıdığım üçün təəssüfləndiyim insanlardandır. Mən ona “ustad” deyirəm. Onun da mənə “Mirzə Cəlil” deyə müraciət eləməyi mənə ləzzət edir.

O gün xəbər saytlarının birində oxudum ki, yeni kitabı çapdan çıxıb. Facebookda təbrik elədim, bir az söhbətləşdik. Sonra da qərar verdik ki, görüşək. “Xanım T.”ni Şərifin digər əsərləri kimi səbirsizliklə gözləyirdim. Etiraf edim ki, Şərifin nəsrini acgözlüklə oxuyuram. “Aftafalı antrakt”ı, “Haramı” romanını, müxtəlif saytlarda çap olunan yazılarını, hekayələrini sevə-sevə oxumuşam. Deyəsən Ahmet Altanın sözüdür, qəzet, sayt yazıları fanidir. Kitaba toxunmaq, siqaret tüstülədə-tüstülədə ağırbaşlı mütaliə eləmək başqa zövqdür. Bütün qələm dostlarımın sadiq oxucusu olmağımla hər zaman öyünürəm.

“Xanım T.”ni oxuyub başa çatanda gördüm ki, “Adamlar” silsiləsindən 39 hekayətin 30-nu kitabdan əvvəl oxumuşam. Eyni zamanda başa düşdüm ki, bu yazıları kitabdan oxumaq tamam başqa zövqdür.

Şərifin dili, üslubu, yazıya münasibəti peşəkardır. Nə yazdığını, yazını hansı çevrəyə hədəflədiyini, mövzu içində hansı mesajı verdiyini yaxşı bilir Şərif. Hekayətlər ruhən bir-birinə o qədər bağlıdır ki, “Xanım T.” romanı xatırladır. Şərif bu günümüzü, itirdiklərimizi, ağrılarımızı içindən keçirərək, yaşaya-yaşaya yazır. Yəqin onun nəsrinin doğmalığının, doyumsuzluğunun səbəbi budur. Şərifin mütəvazicəsinə “hekayətlər” adlandırdığı mətnlərin çoxusu bitkin hekayədir. Ümumilikdə isə kitab roman dadında, roman havasındadır. Kitab boyu müəllifin nə demək istədiyi çox aydın və anlaşılandır. Hətta alt qatında fəlsəfi fikir gizlədiyi hekayətlər də çox asan “həzm olunur”. Bir sözlə “Xanım T.” oxunaqlı və maraqlıdır. Şəxsən mən “Xanım T.” ilə keçirdiyim iki saatdan böyük zövq aldım. Bu arada deyim ki, kitabın redaktoru olsaydım kitaba “Şərifin insanları” adını verərdim. (Şərif kimi duyğusal olan Türkiyəli rejissor Çağan Irmakın məşhur filmlərindən biri “Dedemin insanları” adlanır.)

Tanıdığımız, faciəsinə şahidlik etdiyimiz, ağrısını içimizdən keçirdiyimiz, uzun müddət ünsiyyətdə olduğumuz, adamlar bizim həyatımızın bir parçasına çevrilir. Yaşın bir dönəmində bu adamların xatirələri qurğuşun kimi üstümüzə çöküb bizə mane olmağa, yuxumuzu qaçırmağa başlayır. Bu ağrıdan bir xilas var. Yazmaq! Amma bəzən biz bu yükdən, ağrıdan yazmaqla da xilas ola bilmirik. Şərifin gözlərinə baxanda bunu hiss eləmək çətin deyil. Adam sanki bütün ağrı-acını, bütün dərd-səri gözlərinə hopdurub. Onun nəhəng cüssəsində gizlənən uşaq məsumluğu və hüznü anlamaq üçün yazdıqlarından mütləq xəbərdar olmaq lazımdır. Şərifin yazıları onun içinin güzgüsüdür. Şərif olmağın bütün sirri onun yazılarında gizlənib.

“Xanım T.” Sizi yormayacaq, yıpratmayacaq, çətinə salmayacaq kitabdır. Amma kövrəksinizsə təsirlənəcəyiniz, ağlayacağınız istisna deyil. Sona çatanda hekayətini oxuduğunuz insanlarla taleyinizi qarşılaşdırıb, içməyə də qərar verə bilərsiniz. Bəlkə də Şərifin insanları(qəhrəmanları) təbiiliyi ilə sizi özünüzdən çıxaracaq, zövqünüzə bağlı bir durumdur.

Yazını başlayanda bilirdim ki, Şərifi çox tərifləyəcəm. Özümdən asılı deyil, sevdiyim, saydığım adamları oxucularımın tanımasını, mənim qədər sevməsini arzulayıram.

Ona qarşı haqsızlıq ediləndə, çox təsirlənmişdim. Mənə qəribə gəlmişdi qoca-qoca yazıçıların, şairlərin onu linç etməyə çalışması. Sonra düşünmüşdüm ki, “yəqin Şərifi tanımırlar”.

Bəli, Şərifi tanımaq üçün onu oxumaq, onun insana, dərdə, itkiyə, yurdsuzluğa münasibətinə bələd olmaq lazımdır. Kənardan bir az kobud, bir az zəhmli görünən bu adam əslində Ahmet Kayanın “Şu dağlarda kar olsaydım” türküsünə göz yaşı tökəcək qədər kövrək və duyğusaldır.

“Xanım T.” Haqqında yazanda kitabın üz qabığındakı rəsmin müəllifini, Pəri Miniatürü (Pərinisə Əsgərovanı) unutmaq insafsızlıq olar. Kitabın ümumi ruhunu əks etdirən rəsmə görə dostum Pəriyə də böyük təşəkkür düşür.

***

Xülasə, “Xanım T.”ni oxumağınız məsləhətdir. Peşman olmayacaqsınız.

# 1802 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #