Gedək ötürüm səni

Gedək ötürüm səni
15 mart 2013
# 12:24

Qan TURALI

Dünən ANS-də “Doğruya doğru” verilişində qonaq olduq. Zəminə xanım maraqlı bir sual qoymuşdu: Ədəbiyyatı kim tənqid edə bilər?” Biz, yəni Seyfəddin Hüseynli, Yaşar, Rüstəm Kamal və mən bu sual ətrafında müzakirələr apardıq, mübahisələr etdik. Verilişin anonsu artıq yayılıb, özü isə 26 martda 23.00-da efirə gedəcək.

Mövzu o qədər uzundur ki, biz bunu efirdə də danışdıq, efirdən sonra da danışdıq, hələ də danışırıq, indi yazmağa başlayıram, yazıb qurtarandan sonra da mövzu qurtarmayacaq, bəlkə də yeni-yeni məsələlər ortaya çıxarılacaq.

Azərbaycan tənqidinin ümumi vəziyyətini mən ideyanın sıfır vəziyyəti adlandırardım, sovet zamanında ancaq bir tənqid növü vardı, o da sosialist realizmi idi, indikilər onu qədər kiçiltməyə çalışsalar da bu tənqid indiki tənqid adlandırdığımız şeydən çox-çox yaxşıydı. Çünki sovet sistemi tərəfindən hər nə qədər təhrif edilsə də bu tənqid Marksın ədəbiyyata münasibətini ifadə edirdi, bu mənada səviyyəli idi. Söz yox ki, Marksdan sonra yeni nəzəriyyələr ortaya çıxdı, Marks da öz dövrünün estetik prinsiplərini müəyyən etmişdi, lakin dövran dəyişdi, Marksın da bəzi ədəbi mülahizələri köhnəldi. Bəs hardadı bu yeni nəzəriyyələr? Bax, bizim tənqiddə çatışmayan da bu yeni nəzəriyyələrdir. Köhnəni dağıdaq, bəs təzəsi? Onu sonra taparıq. Tapana qədər isə başımızı girləyirik, indi də məhz o başgirləmə dövrüdür.

Hərçənd bizim çox gözəl tənqidçilərimiz var, adlar da çəkmək olar, lakin ümumi vəziyyət yaxşı deyil və çox təəssüf ki, ayrı-ayrı fərdlərin də vəziyyəti dəyişmək imkanları məhduddur.

Mən bu ağır durumu pulsuzluqla əlaqələndirirəm, hərgah tənqidi məqalələrə qonorar verən mətbu orqanların sayı çox olsaydı vəziyyət indikindən çox-çox yaxşı olardı. Bayaq qeyd etdiyim kimi sovet vaxtında tənqidin durumu indikindən çox-çox yaxşıydı, amma o zaman nə köşə yazarlığı vardı, nə də köşə yazarı. Söz yox ki, publisistika mövcud idi, amma nə yazmaq üçün azadlıq vardı, nə də hər gün yazmaq üçün yer. Amma müstəqillik illərində köşə yazarlığı bir institut kimi formalaşa bildi, bəs ədəbi tənqidçilik niyə bir institut olmasın? Niyə qəzetlər köşə yazarlığı üçün vuruşduqları kimi ədəbi tənqidçilər üstündə də rəqabətə girməsinlər? Rəqabət istənilən halda işin xeyrinədi.

Amma unutmaq olmaz ki, ədəbiyyatın populyar olmadığı bir ölkədə ədəbi tənqid heç zaman populyar ola bilməz, buna görə də qəzetlərin ədəbi tənqidi məqalələrə qarşı soyuqluğunu elə ədəbiyyata soyuqluq kimi qavramaq lazımdır.

İndi biz müzakirə edirik, ədəbi tənqid haqqında danışırıq, amma gəlin görək kino tənqidi, yoxsa teatr tənqidi nə vəziyyətdədir, bu sahələrdə əsl sükut hökm sürür, misal üçün biz tənqidin yoxluğundan danışırıq, orda isə heç yoxluqdan da danışan yoxdur. Yenə də ədəbi tənqid o biri sahələrə baxanda yaxşı vəziyyətdədir, çünki ədəbiyyat digər incəsənət sahələrinə baxanda daha parlaqdır.

Amma tənqidçilərin durumu deyəsən tənqidçiləri az düşündürür. Özünün bir nömrəli tənqidçi olduğunu deyən Əsəd Cahangir gənc ədiblərlə görüşdə “Biz bütün hallarda yaddan çıxarmamalıyıq ki, azərbaycanlıyıq” kimi dərin fəlsəfi fikirlər irəli sürürsə, ardınca gənc bir şairin şeirlərində maraqlı tapıntılardan danışır, onun şeirini ədəbiyyatımızın böyük uğuru adlandırırsa, ardınca da həmin gənc şair Əsədin “Kim yatmış, kim oyaq” kitabını “Son illərdə oxuduğum ən yaxşı kitab” adlandırır və gəncləri Əsədin yazılarından öyrənməyə çağırırsa, deməli alan razı, verən razıdır və ŞAİR-TƏNQİDÇi dialoqu ən yüksək bədii həddə çatmışdır.

Ölkədə tənqidin vəziyyətini ifadə edən ən gözəl jest də elə adını çəkdiyim yeniyetmələrin tənqidçisindən gəlib. Onun bu günlərdə bəstələdiyi (!) “Gedək ötürüm səni” adlı mahnıya müxtəlif şərhlər verilsə də və bu şərhlərin içində mahnının sevgi mahnısı olduğunu deyənlər üstünlük təşkil etsə də mən bu mahnının əsas qəhrəmanının TƏNQİDin özü olduğunu düşünürəm və belə hesab edirəm ki, tənqidçi Əsəd Cahangir tənqidi ötürüb arxaya qayıtmasa yaxşıdır, çünki qayıtdıqdan sonra “biz unutmamalıyıq ki, mənim adım Əsəddir” deyəcəyini təxmin edirəm.

# 4365 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #