Virtual heyrət...

Virtual heyrət...
27 may 2016
# 12:10

Həyati hekayət: e-dostlarıma...

Tələsik özümü avtobusa dürtdüm, menitalitetə uyğun olaraq toyuq yuvası kimi hər zaman hərarətli olan arxa oturacağa əyləşdim, sürücünün insafına, yolun uzunluğuna etibar etməyib məmləkətimizdə kişilərin özlərinə "sığışdırmamalarına" rəğmən, qəhvəyi rəngli çiyindənasma çantamdan dizüstü bilgisayarı çıxartdım, elə o dəqiqə də feyslənməyə başladım...

Yandakıoturacaqda bir yeniyetmə oturmuşdu: qəribə görünüşü ilə ətrafdakılara sanki meydan oxuyurdu: rəngbərəng paltarlar - güllü yaşıl köynək, sarı dizicırıq şalvar, qırmızı idman ayaqqabıları, başında şalabənzər papaqcıq, qəhvəyi rənlənmiş saçları, ucundan alınmış qaşları, nazik dəbli saqqalı, qulaqlıqlarla tıxanmış qulağında və burnundakı dəmir-dümürdən də sezilirdi ki, qaqaşın bu dünya, yumşaq ifadə etsək, əyri-uyru burununa da deyil: insafən, çox yaraşıqlı gədə idi...

Məxsüsi Feysbuk siqnalı səsinə sanki diksindim:

- Salam, Ustad...

Diqqət verdim, yandakı oğlan da smartfondan Feysbuka daxil olmuşdu, çatda mənə yazanın profilinə daxil olub fotolarını ələk-vələk edəndə yanılmadığımı anladım: indicə mənə yazan qaqaş minlərlə virtual e-dostlarımdan biridir...

- Salam, manıs...

- Ustad, həyatdan yaman yorulmuşam...

- Əvvəlcə düşündüm ki, yeniyetmə məni görüb, indi də mırtlaşmağa çalışır, sonra xatırladım, e-dostlarımın hamısına bildirmişəm: ünsiyyətimdən sui-istifadə edəni o andaca virtual cəhənnəmin qara blokuna yollayıram...

- Sənin nə yaşın var ki, həyatdan doyub yorulasan, lom?!

- Eee, ustad, mənə lom deməyin də, xoşum gəlmir belə sözlərdən...

- Atılarsan ha boşluğa...

- ))) Yaxşı, sizcə, həyatın mənası nədir?

- Məncə, sənə hələ tezdir belə fəlsəfi problemlərlə baş-beynini silkələmək...

- Siz böyüklər beləsiz də, heç vaxt biz gəncləri dinləmək istəmirsiz...

- Qaqaş, əgər biz böyüklər pisiksə, elə gedin öz həmyaşıdlarınızla sevgidən, idmandan danışın...

- Yooox, onlar heç vaxt sizin yerinizi verə bilməzlər. Mən sizin bütün paylaşdıqlarınızı, yazdıqlarınızı, hətta kimlərinsə materialları altında qeyd etdiyiniz şərhlərin belə surətini çıxarıb kompumda saxlayıram...

- Təşəkkür, canlı arxivim...

- Hətta bir-iki dəfə sizlə dini və milli məsələlərdə mübahisə də eləmişəm. Siz də hirslənib məni atmısız dostluqdan qırağa... Bağışlayın da, onda uşaq olmuşam, amma indi sizin fikirlərinizin əsl mahiyyətini dərk edirəm...

- Manıs, görürəm kifayət qədər kreativ və intellektualsan, bəs nədir səni narahat edən...

- Heç özüm də bilmirəm, Ustad. Belə baxanda, hər şeyim var, hətta atam mənə bahalı maşın da alıb, tələbəyəm, amm nəsə sanki çatışmır həyatımda...

- Sevgi?

- O da olub...

- Neçə yaşın var? Daşamı dəydi eşq oxun?!

- 18, aha...

- Əslində sən hələ keçid dövrünü başa vurmamısan. Daxili aləmindəki bu mənəvi-ruhi gərginliklər normaldır...

- Bəs nədəndir onlar?

- Sev, lom, intim gərginlik səni filosof edib...

- Hmm... Ustad bircə sizinlə həyatda rastlaşsaydım, bir doyunca sualları yağdırıb dinləsəydim sizi...

- İstə, çox arzulayanda, ürəyindən keçən hər şeyi əldə edəcəksən...

Gəncin başı yazışmağa elə qarışmışdı ki, heç ətrafına da diqqət ayırmırdı...

Hardan biləydi ki, virtual həyatda o qədər uzaq idik, amma reallıqda yapyaxın... İnternetdə isə əksinə...

Mənzil başına çatmışdım, mentalitet nənə qulağıma pıçıldadı ki, virtual qonşunun gediş haqqını ödə və onu heyrətləndir. Elə də elədim, qabaq qapıdan düşəndə bərkdən dilləndim:

- Ey, arxada oturan virtual dostum, düşərsən, bilet götürmüşəm sənin üçün...

Yeniyetmənin gözləri az qala bərəli qaldı, avtobus onu məndən və reallıqdan alıb virtuallığa - uzaqlıqlara apardı...

# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
#
#
# # #