Qızların ərə getməkdən başqa arzusu və xəyalı olmadığı bir kənd, 5-ci sinifdə barmağına üzük taxılan məktəbli, 16 yaşında toyu çalınan gəlin düşünün.
Qadın bədəni hələ tam formalaşmamış qızcığazlara ən kiçik ölçülü gəlinliklər seçilir. Yenə də dərzi libasa düzəliş etməli olur. Uşaq ölçülərinə böyük gəlir gəlinliklər. Amma paltarın sağından-solundan daraltmaqla bir təhər geyindirə bilirlər. Elə ki, qaşını da aldılar, iş tamamdır. Sanki qaşdan qopan bir neçə tüklə qadınlığa vəsiqə qazanırlar. 15-16 yaşlı qızların qaşalma mərasimi əzablı olur. Salondakı xala barmaqlarına sapı keçirib hər dəfə qaşına şığıyanda ağrıdan rəngləri dəyişir. Dözməyib ağlayanları da olur. Amma xalanın sapından və ətrafdakıların məzəmmətindən xilas ola bilmir: “Az, bə ərə getməyi nə bilmişdin? Kiri, ayıbdır”.
Yazıq məktəbli! Başqa çarəsi varmı? Əlbəttə ki, susacaq, tabe olacaq və qadın olmaq üçün dözəcək. Amma bir əmması var ki, qızların heç də hamısını zorla ərə vermirlər. Könüllü olanları da az deyil. Mühit o qədər cahilləşib ki, azyaşlılara toy çalınması artıq normal qarşılanır. Erkən nikah ənənəyə, həyat tərzinə çevrilir. Tək-tük vəziyyətlə razılaşmayanlar varsa da, onlar da etiraz etmir. Axına qoşulub, balasının başına fata keçirir.
...Vağzalı səslənir, bəylə gəlin məclisə daxil olub kürsüdə əyləşir. Toyda başqa məktəbli qızlar da var: başları bəzəkli, üzləri kirşanlı, əyinlərində də zərli ziyafət paltarları. Öyrənəndə məlum olur ki, bu qızcığazların da 11-13 yaşları var. Amma 4-cü sinifdən məktəbə getmirlər. Səbəbini analarından soruşdum. Dedilər ki, biz tərəfdə qızların oxumasına pis baxırlar. Ona görə 5-ci sinfə qədər təhsil alırlar. 4-cü sinfi bitirməklə gəlin namizədlərin sırasına qatılırlar. Məktəbdən çıxarılan qızların ərə getməkdən başqa arzuları olmur. İstəsələr də olmur.
Anaları ev işlərini öyrədir, məhləyə tək çıxmırlar. Amma heç bir toydan da qalmırlar. Toyların qızların həyatına önəmli təsiri var, burada bəxtləri “açılır”. Ayrı vaxt küçəyə başını çıxarmayan qızlar toy günü tam bəzənib məclisə qatılırlar. Ana-ata 11 yaşlı övladının kosmetikadan bol istifadə etməsinə qarşı çıxmır, əksinə özləri salona aparırlar. Yaxud da qonşu xala gəlib evdə bəzəyir. Atalar da başa düşür ki, toyda qızlarını kimsə bəyənə bilər. Toylar ərə getmələri üçün əsas fürsət, subay qızların təqdimatıdır. Məhz toyda qızları bəyənir və seçirlər. Bütün kənd camaatı bunun fərqindədir. Ona görə oğluna qız axtaran analar da toyda mütləq iştirak edirlər.
Oğlanın özü də seçə bilər. 12 yaşında adaxlanan qızlar adətən 3-4 il nişanlı qalır. Bu müddət qızın böyüməsi üçün nəzərdə tutulub. Hər halda belə izah edirlər: “Qadın geyimi uşaq bədənlərinə gen olur. Gəlinliyin içində itib-batırlar. Gözləyirik ki, heç olmasa bir az böyüsünlər”.
Ginekoloqların dediyinə görə, qızların orqanizmi 17-18 yaşdan sonra cinsi həyata hazır olur. Erkən yaşda ailə həyatı onların tək sağlamlığını deyil, psixologiyasını da zədələyir. Həkimlər 15-16 yaşında ərə gedən qızların çox zaman ərləri tərəfindən cinsi zorakılığa məruz qaldığını da bildirirlər.
16 yaşında hamilə qalan zavallı qızcığazın qayğıları gündən-günə çoxalır. Yaşının az olması qaynananın fironluğunu daha da artırır. Narazılıqlar elə ilk günlərdən başlayır. Kiçik gəlinin bişirdiyi çörək, yuduğu paltar qaynananı qane etmir. Qızcığaz böyüklərin razılığını qazanmaq üçün dəridən-qabıqdan çıxsa da böyüklərin qaş-qabağı açılmır. Balaca əlləri ilə yuduğu xalçalarda bir qüsur tapılır. Yaşının azlığı, orqanizminin kiçik olması yetkin qadınlar üçün nəzərdə tutulan ailə yükünü daşımağa imkan vermir. Hadisələrə, problemlərə təzə gəlinin uşaq reaksiyası da hamını qıcıqlandırır. Ağılsızlıqda və düşüncəsizliklə suçlayırlar. 15 yaşlı balacadan 30 yaşlı gəlinlər kimi düşünmək tələb olunur. Həm fiziki, həm də psixoloji cəhətdən basqıya məruz qalan kiçik gəlinə əfəl, iş görməyi bacarmayan, ağılsız deyə-deyə şəxsiyyətini sındırırlar.
Söz haqqı olmayan, buyruq qulu kimi evdəki hər kəsin sözünə tabe olan kiçik gəlin kötək də “yeyir”. Tək əri deyil, qaynanası, baldızları da onu döyə bilir. Dözməyib dədəsi evinə qayıdanlar da olur. Amma ata evində “ərdən çıxmış” qıza sığınacaq vermək istəmir. Dediklərinə görə, “qayıdan” qız söz-söhbətə səbəb ola bilər, adına söz çıxar-filan. Ona görə nəsil-kökdəki ağbirçəklər yığışıb qıza ağıl verir: “Bir adını iki eləmə. Gedibsənsə, gərək arvad olub oturasan. Cavan gəlinsən, qucağında bir uşaqla nə qədər dədən evində qalacaqsan? Özünü bədbəxt etmə”.
Yazıq kiçik gəlin... Uşağını da qucağına verib ər evinə göndərirlər. Kimisi dözüb yaşayır. Kimisi ya evdən qaçır, ya da intihar edir.
Toyda bəxti açılan qızların çox zaman eyni aqibəti olur: bir tikə çörəyə möhtac, ər təpiyi, qaynana kötəyi, söyüş-qarğış da yerində. Heç birinin də rəsmi nikahı olmur. Yalnız uşaqlar məktəbə gedəndə “metrika” üçün “zaqs” kəsdirirlər. Qaragünlü bir gəlinə bu qədər əziyyətə niyə dözdüyünü soruşdum. Dedi ki, boşana bilmərəm, dədəm başımı kəsər. Lap boşansam da harda yaşayım? Uşaqlarımı necə dolandırım?
3-4 sinif oxuyan, gözü açılmamış, həyatın, ailənin nə olduğunu anlamadan ərin və qaynananın istismarına verilən qızlar o qədər çarəsiz, aciz və müti olurlar ki! Ərə getməklə bəxtləri açılmır, əksinə bağlanır. Təhsildən, uşaqlıqdan ayırıb kiməsə ömürlük nökər göndərirlər.
Soruşacaqsınız ki, bu kənd hardadır? Yaxud da ölkəmizdə belə kənd var? Bəli, var. Öyrəndiyimə görə, qonşu kəndlərdə də eyni vəziyyətdir. Uzaq yer deyil, Bakının cəmi 180 kilometrliyində yerləşir. İnanılası deyil, amma həqiqətdir. Cahillik ildən-ilə dərinləşir. Bu gedişlə bəlkə də qızları heç məktəbə qoymayacaqlar. Cəhalətdə boğulan isə tək qızlar olmayacaq...