Qərbi Azərbaycan aşıq mühiti - Gülxani Pənah

Qərbi Azərbaycan aşıq mühiti - Gülxani Pənah
22 sentyabr 2025
# 12:09

Kulis.az filologiya elmləri doktoru, dosent Gülxani Pənahın "Qərbi Azərbaycan aşıq mühiti - Göyçə aşıq mühiti, təşəkkülü və inkişaf yolları" adlı yazının birinci hissəsini təqdim edir.


Azərbaycan mədəniyyətinin, folklorunun inkişafında müstəsna rolu ilə seçilən, sənəti, sözü, musiqini, poeziyanı özündə mükəmməl şəkildə birləşdirən aşıq sənəti böyük bir inkişaf yolu keçib, forma və məzmun baxımından kamilləşib, öz xalqının ədəbi-estetik ehtiyacını ödəmək funksiyasını uğurla yerinə yetirir və tədqiqatçıların fikrincə, Göyçə aşıq mühiti öz inkişafında aşıq sənətinin təşəkkülü və intibahı mərhələlərinin hər üçünü bütün dolğunluğu ilə əks etdirir: «xüsusi etnik-mədəni arealın mərkəzdən və siyasi nüfuzdan kənar periferik məkanında, bizim milli mədəniyyətimiz tarixində tərəkəmə-elat adıyla keçən, əski xalq ənənələrini mühafizəkar şəkildə qoruyan toplumlarda aşığın statusu, rolu və funksiyası həm kəmiyyətcə, həm keyfiyyətcə daha böyük, daha miqyaslı və daha dolğun olub.

Qeyd etdiyimiz kimi lokal xarakterli, spesifika, ilk öncə həmin keyfiyyətləri tam dolğunluğu ilə özündə ehtiva edən Göyçə mühitinə aiddir (1.6).

Aşıq yaradıcılığının, ümumiyyətlə, XXI əsr Azərbaycan folklorşünaslıq elminin ən məhsuldar tədqiqatçılarından biri, etnik-mədəni düşüncəmizin kökünə, mədəni tariximizə dair öz nəzəri baxışları, konsepsiyaları ilə ədəbi-bədii, elmi təfəkkürümüzü zənginləşdirən, milli folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan Hüseyn İsmayılovun tədqiqatlarında «Göyçə aşıq mühiti, təşəkkülü və inkişaf yolları» əsəri mühüm yer tutur. Bu monoqrafiyada Göyçə aşıq mühitinin tarixi inkişaf yolu, aşıq sənətinin kökləri, formalaşması, XX əsrdə daha yüksək zirvəyə çatması araşdırılır, zəngin elmi-nəzəri qaynaqlarla təhlil və tədqiqini tapır. Onun aşıq sənətinin inkişafı ilə bağlı fikirləri elmi nöqteyi nəzərindən əhəmiyyətlidir.

Azərbaycanda mövcud olan aşıq mühitləri regional, lokal, elmi-mədəni sistemli vahid bir aşıq sənətinə məxsusdur. Bir-biri ilə bağlı, bir-birinə təsiri olan, əlaqəli şəkildə inkişaf edən, ayrı-ayrı keyfiyyət göstəriciləri olan, «tipoloji ümumilik xarakteri daşıyan sənət fenomeni»dir.

Hüseyn İsmayılov bununla belə mövcud aşıq mühitlərinin lokal-etnik-mədəni spesifikasının onların yalnız coğrafi mühit, sənət subyektinin yaşayış tərzi, gerçək aləmə münasibətindəki «fəlsəfi, ictimai baxışların özəllikləri» ilə şərtlənən formal sənət elementlərinin (repertuar, rəqs, musiqi və s.) variantlığı ilə məhdudlaşmadığını bildirir: «Mövcud aşıq mühitlərinin qarşılıqlı dialekt münasibətində törənən və törədici, genetik bazis və üstqurum münasibətləri»nin də mövcudluğunu və mühitlərə bu səpgidən yanaşmanın elmi baxımdan olduqca böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırır: «Belə ki, mühit differensiyasından əvvəlki mərhələdə aşıq sənəti lokal coğrafi məkanda və deməli, lokal sənət çevrəsində özünün təşəkkül və təkamül mərhələlərindən keçməli, sənət bütün estetik göstəriciləri ilə bitkinləşməli, yalnız bundan sonra onda differensiasiya baş verməlidir. Aşıq sənətinin inkişafında mərhələ və tip təsnifatının bu şəkildə modelləşdirilməsini bizə bu sənətin öz təbii inkişaf dialektikası diqtə edir» (1.4).

Bu baxımdan aşıq sənətinin mövcud mühitləri içərisində Göyçə aşıq mühitini digər mühitlərin “genetik bazası-törədicisi” statusunda görür.

Yaşar Qarayev yazır: “Tarixdə hər şey bizim üçün folklordan, folklor isə... Göyçədən başlayır. Rübabın (Füzuli qəlbinin telinin) vətəni Dəclə və Fərat arası, lirikanınkı Egey dənizinin sahili, qopuzun vətəni isə Göyçənin bətninin, bağrının başı olub. Hər halda qopuzdan ilk ilahi şifahi simfonik səda Qafqaza Göyçədən yayılır.” (2)

H.İsmayılov aşıq sənətinin ümumtürk kontekstində öyrənilməsi kimi regional və lokal elementlərin müəyyənləşdirilməsinin də böyük əhəmiyyət kəsb etdiyini qeyd edir. Azərbaycan sovet folklorşünaslığından fərqli olaraq son dövrün bəzi tədqiqatlarında aşıq sənətinin genezisi və inkişaf mərhələləri ilə bağlı tədqiqatlarda “konseptuallığa meyl”in artıq olduğunu, bununla belə, bu meylin və cəhdlərin aşıq sənətinin təşəkkül və təkamül dinamikasını, təxmini də olsa “sistemli elmi eskizini” cıza bilmədiyindən təəssüflənir.

Göyçəni ədəbi-mədəni mühit kimi səciyyələndirən başlıca göstərici kimi onun türk xalq ənənələrinə maksimum bağlılığını, türk özgürlüyünü görür. Göyçə mahalını Azərbaycan aşıq sənətinin saz və el şairlərinin «beşiyi» bilir: «Saz da, havacat da, aşıq şeiri də ağır məclislər aparan sənətkar da Göyçədə formalaşıb, mükəməlləşib, yaxın və uzaq ərazilərə buradan yayılıb» (1.7)-deyən tədqiqatçı əfsanəvi Oğuz xanın da, Qorqudun da bu yurdda yaşadığını bildirir.

Qeyd etmək istərdik ki, bildiyimiz kimi, oğuz yurdu geniş və möhtəşəmdir. Qorqudun ayaq izləri böyük Qafqazın daş qalalarına həkk olunub. Şəki qəzasının indiki Oğuz rayonunun ərazisində 1000 illik tarixə malik Qazan qalası görəsən hansı tarixi izlərdən xəbər verir? O yerə yaxın ərazidə oğuz ellərinin ağılları var. İç oğuz, Daş oğuz (Daşüz) adlı torpaqlar bu gün də bu ərazilərdə var, adını da qoruyub saxlayır. Bütövlükdə saz, söz sənəti qədim türk məskənləri, xüsusilə aşıq, ozan bu yurdun hər qarışında doğma, əzizdirsə, kökə, genə arxalanmaq, əraziyə arxalanmaqdan daha məqbuldur. Oğuz elləri üzü ermənilərin yağmaladığı türk torpaqlarından, Dərbənd ellərindən, qərbdə, şərqdə tikib izini qoyub getdiyi tarixi abidələr kimi, sözünün hörgüsündə, musiqisinin özəyindədir. Bütöv ellərimizin hər qarışında araşdırılsa aşıq sənətinin kökləri yaşayır.

Yunus Əmrəyə məxsus olduğu iddia edilən Şəkidəki qəbir, böyük el şairini bu yerlərə çəkib gətirən elə saz, söz olduğunu kim inkar edə bilər. İntəhası Göyçə aşıq mühitinin mühafizəkarlığının güclü olduğunu, bu ellərdə sazın qorunub saxlandığı, inkişaf etdirildiyi ola bilsin ki, müəyyən səbəblərlə bağlıdır. İctimai, siyasi hadisələr, müharibələr böyük ipək yolunun üstündə olan oğuz elləri müəyyən zamanlarda çox şeylər itirib. İtirdiklərini Göyçə kimi ellər qoruyub saxlamışdır ki, körpəlikdən beşiyinin başında ana laylası ilə saz laylası çalınan tədqiqatçının sonradan bu mühitdə böyüməsi, eşitdikləri, gördüklərindəndir ki, onu belə ötkəm, sərtliklə, bir qanun kimi aşıq sənətinin Göyçədən yayılmasında israrlı olmağa sövq edir.

Ozandan aşığa keçiddən sonra Aşıq sənətinin ilk nümayəndəsi Miskin Abdalla başlayan bu sənət yolunun XVII əsrin Dərdli Nəsib, onun şagirdi Şımırlı Qul Mahmud kimi sənətkarların yaradıcılığı ilə inkişaf edərək Məmmədhüseyn, Musa, Alı, Ələsgər və XIX əsrdə yaşayıb-yaratmış onlarla sənətkarın timsalında yüksək zirvəyə çatdığı, bu şəxsiyyətlərin adı, ünvanı ilə Göyçə mahalının xalqımızın «saz-söz sənətini müqəddəs məbədgahına» çevrildiyini, XIX əsrdə Göyçə aşıq şeiri ilə yanaşı, klassik poeziyamızın da müxtəlif forma və şəkillərində gözəl sənət əsərləri (el şairləri Zodlu Usta Abdulla, Mirzə Bəylər, Nağı Əmin ağa, Əziz, Şair Aydın və s.) yaradanların klassik poeziya ilə aşıq şeiri ənənələrini qovuşdurub, ona yeni ruh, təravət gətirdiyini, bu coşqun yaradıcılıq mühitinin yeni qüdrətli söz-saz ustadlarının, el şairlərinin yetişməsi üçün zəmin yaratdığını qeyd edir.

Göyçə aşıq poeziyasının tədqiqi tarixinə diqqət yetirərkən tədqiqatçı Hüseyn İsmayılov bu araşdırmaları aşağıdakı kimi ümumiləşdirir:

I.Azərbaycan folklor araşdırmaları. Folklorumuzun ilk araşdırmaları kimi «Azərbaycan folklorşünaslığı: Təşəkkülü və inkişaf mərhələləri» (İsrafil Abbaslı), «Azərbaycanı öyrənmə yolu» məcmuəsi, «Azərbaycan şifahi xalq ədəbiyyatı», «Azərbaycan folklorşünaslığı tarixi» (P.Əfəndiyev), «Göyçə folkloru», Cavad Heyətin «Azərbaycan şifahi xalq ədəbiyyatı», H.Əlizadənin «El ədəbiyyatı və inqilab, Azərbaycan aşıqları», «Xalqın söz xəzinəsi», «Xalqımızın deyimləri və duyumları», S.Paşayevin «Azərbaycan folkloru və aşıq yaradıcılığı», M.Quliyevin «Azərbaycan musiqi kulturasının inkişafı», F.Köçərlinin «Seçilmiş əsərləri»ni, Q.Umudovun «Folklorşünaslığımızın tarixindən (1920-1941-ci illər)», V.Vəliyevin «Azərbaycan folklorunda», rusdilli araşdırmalarda («Antoloqiə azerbaydcanskoy poezii», Farzaliev T.A.Abbasov İ.İ.O razvitii azerbaydcanskoy folkğloristiki) və bu kimi tədqiqatlarda müəyyən qədər Göyçə aşıq poeziyası haqda fikirlər var.

II. Tədqiqatçı Azərbaycan aşıq sənəti ilə bağlı araşdırmaları götürür. Bu sahədə də Məmməd Arifin «Ədəbi tənqidi məqalələr»i, «Aşıqlar», «Aşığın səsi», C.Bağırzadənin «Aşıqlar», «El şairləri», Bülbülün «Azərbaycan aşıq yaradıcılığı», Seçilmiş məqalə və məruzələrini, C.Cahanbaxışın «Aşıq poeziyası»nı, H.Əfəndiyevin «Aşıq Ələsgərin naşiri haqqında», H.Əlizadənin «El aşıqları və mollalar», Ü.Hacıbəyovun «Aşıq sənəti», Ə.Eldarovanın «Azərbaycan aşıq sənəti», M.Qasımlının «Aşıq sənəti», Mehdi Hüseynin «Böyük aşıq», Z.Məhərrəmovun «Sənəm», Q.Namazovun «Azərbaycan aşıq sənəti», Ə.Soltanzadənin «Nizami və xalq aşıqları», A.Şaiqin «Bir neçə söz», «Azərbaycan aşıqları», Y. Şirvanın «Aşıq yaradıcılığı haqqında bir neçə söz» və s. kimi mənbələrinə diqqəti çəkir.

III. Aşıq şeiri ilə bağlı araşdırmalara (Ə.Abbas. Aşıq poeziyası, H.Araslı. Aşıq poeziyası və klassikləri; Aşıq yaradıcılığı; Aşıq Alı; Aşıq Ələsgər (toplayanı H.Əlizadə); Aşıq Ələsgər (toplayanı İ.Ələsgərov, I kitab); Aşıq Ələsgər (tərtib edəni İ.Ələsgər); Aşıq Əsəd. Seçilmiş əsərləri (toplayıb tərtib edəni B.Abdulla); Aşıqlar (tərtib edəni. S.Axundov); Aşıqlar (toplayanı H.Əlizadə); Aşıq qoşmaları (toplayanı H.Əlizadə); Aşıq şeirindən seçmələr (tərtib edənlər. H.Arif və M. Həkimov); Azərbaycan aşıqları (toplayanı H.Əlizadə); Azərbaycan aşıqları və el şairləri (tərtib edəni. Ə.Axundov). 2 cilddə, I c. II c. 1984); Azərbaycan el ədəbiyyatı (toplayanı. H.Əlizadə. I hissə); Cəfərzadə Ə. Aşıq şeiri tərzində ictimai motivlər; El şairləri (toplayanı V.Xuluflu); El şairləri (toplayanı S.Mümtaz. I və II hissələr); Göyçə dastanları və aşıq rəvayətləri (toplayanı və tərtib edəni H.İsmayılov, redaktoru Y.Qarayev); Həkimov M. Azərbaycan aşıq ədəbiyyatı (qədim və orta əsrlər); M.Həkimov. Azərbaycan aşıq şeir şəkilləri və qaynaqları; Əlimərdanlı Aşıq Nəcəf (toplayanı R. Rüstəmzadə); M.İbrahimov. Aşıq poeziyasında realizm; Miskin Abdal (toplayanı və tərtib edəni. H.İsmayılov); S. Mümtaz. Azərbaycan ədəbiyyatı., Azərbaycan ədəbiyyatının qaynaqları., El şairləri. (I və II cildlər); M.Təhmasib. Aşıq poeziyasının tədqiqi; Ustad aşıqlar (tərtib edənləri P. Əfəndiyev, M.Həkimov, N.Məmmədova); Zodlu Usta Abdulla (tərtib edəni Rəşid Mehdiyev) diqqət yetirir.

IV. Göyçə aşıqları ilə bağlı araşdırmalara (Ə.Axundov. “Aşıq Ələsgərin yaradıcılığı” (Namizədlik dis.sı); H. Arif. “Aşıq Alını axtarıram”; “Aşıq Alı”; “Aşıq Alı. Şeirlər”; Babayev U. “Miskin Abdalın söz gülüstanından”; H.Əhmədov. “Qocaman el sənətkarı”; “Koroğlu aşığı”; İ.Ələsgərov. “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları” (nam. dis.sı); “Göyçə dastanları və aşıq rəvayətləri” (toplayanı və tərtib edəni H.İsmayılov); “Göyçəli Aşıq Nəcəf” (toplayanı və tərtib edəni İ.Ələsgər; M.Göyçəli “Miskin Mehdi”; Hüseynzadə T. “Miskin Abdal və onunla bağlı həqiqətlər”; H.İsmayılov. “Qüdrətli sənətkar” (Şair Aydın haqqında); H.İsmayılov “Miskin Abdal haralıdır?” (folklorşünas S.Paşayevə açıq məktub), H.İsmayılov “Könüllərdə gəzən şair” (Xəstə Bayraməli haqqında); H.İsmayılov. “Şair Aqil”; “Şişqayalı Şair Aydın”; “Söz incisi-Göyçə”; “Ustad sənətkarların poetik yadigarları”, Ozan Heydər; “Ozan İbrahim”; K.Kələntərli. “El şairi”; Məhərrəmov Z. “Yaddaşların yadigarı”; “Sənəm”; “Miskin Abdal (toplayanı və tərtib edəni H.İsmayılov), Süleymanov Q. “Şair Kazım”; Şamilov Ə. “Bir daha Ağ Aşıq haqqında”; Təhmasib M.H. “Nəcib, gözəl nəticə” və s.) diqqət yetirir.

V. Aşıq Ələsgərlə bağlı (Abdullayev C. «Aşıq Ələsgərə qayıtmamaq şərtilə»; Ə.Axundov. «Aşıq Ələsgərin həyat və yaradıcılığı» (nam. dis.sı); «Aşıq Ələsgər» (toplayanı H.Əlizadə); «Aşıq Ələsgər» (toplayanı İ.Ələsgərov. I kitab); «Aşıq Ələsgər» (tərtib edəni, İ.Ələsgər); Aşıq Ələsgər. «Gözüm bir alagöz xanıma düşdü». Say-seçmə şeirləri (tərtib edəni M.Qaradaşlı, toplayanı İ.Ələsgərov); Aşıq Ələsgər. «Şeirlər»; Aşıq Ələsgər. «Hikmət dünyası» (tərtib edəni E.İsmayıl); «Aşıq Ələsgər» (toplayanı və tərtib edəni İ.Ələsgər); Mehdi Hüseyn «Böyük aşıq»; O.Sarıvəlli. «Qüdrətli şair, Ustad sənətkar»; «Sazlı-sözlü Göyçə» (toplayanı və tərtib edəni İ.Ələsgər); Şəmsil-cədid M. «El ədəbiyyatı nümunələri; Necat B. Aşik Aliasker (Elesker) Türk Folkloru Araşdırmaları; Onk. N.Göyçeli Aşık Elesker və b.) araşdırmalardır. Eləcə də M.Arifin «Ədəbi-tənqidi məqalələr»i; C.Bağırzadənin «Aşıqlar, El şairləri»i; P.Əfəndiyevin «Azərbaycan folklorşünaslığının tarixi»; H.Əlizadənin «El aşıqları və mollaları»; Y.Ramazanovun «XIX əsr erməni nəsrində Azərbaycan folkloru motivləri»; K.Tarıverdiyevanın «Azərbaycan mədəniyyəti erməni dövrü mətbuatında» (1850-1920); H.Vəliyevin Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində (XIX əsrin sonu XX əsrin əvvəlləri); Antoloqiə Azerbaydcanskoy poezii; Vinoqradov V.Aşuqi Azerbaydcana, Pesni aşuqov Azerbaydcana və s. tədqiqatlar da götürülür.
Gördüyümüz kimi tədqiqatçılar aşıq ədəbiyyatının, aşıq sənətinin tədqiqi sahəsində apardıqları uğurlu tədqiqatlarında aşıq mühitlərinin öyrənilməsinə xüsusi diqqət yetirirlər. Azərbaycan aşıq sənətinin Göyçə qolunun tədqiqi zamanı aparılan tədqiqatları H.İsmayılov çox dəqiq, əhatəli şəkildə araşdırır, bir çox qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışır, dərin elmi faktlarla çıxış edir.

Hüseyn İsmayılov Göyçə aşıq mühitinin öyrənilməsi sahəsində tədqiqatçıların fəaliyyətini iki istiqamətdə qruplaşdırır:

1.Göyçə aşıq poeziyası nümunələrinin toplanması və nəşri.

2.Göyçə aşıq poeziyasının təqdimi və tədqiqi.

Göyçə aşıq yaradıcılığının toplanması XX əsrdən başlanıb və bu sahədə H.Əlizadə, S.Mümtaz, H.Zeynallı, Ə. Axundov, H.Araslı, H.Arif, M.İbrahimov, S.Vurğun, O.Sarıvəlli, İ.Abbasov, M.Seyidov, M.H.Təhmasib, İ.Ələsgər, Q. Namazov, M.Həkimovun xidmətləri var. Bununla belə Göyçə aşıq poeziyasının toplanması, nəşrinin «passiv» şəkildə getməsini H.İsmayılov ictimai-siyasi, regionda gedən geosiyasi proseslərlə bağlayır, çünki Qərbi Azərbaycan qoparılaraq Ermənistana verilmişdi, onu Azərbaycandan təcrid etmişdilər. Tədqiqatçı qeyd edir ki, Azərbaycan ərazisində yaradılmış qondarma Ermənistan Respublikası Azərbaycan folklorunun öyrənilməsində maraqlı deyildi, ona görə də bu iş həmin respublikanın müvafiq qurumları tərəfindən təşkil edilmirdi... Azərbaycanda bu işin pis təşkil edildiyindən fərdi təşəbbüslərin ümidində qaldığını, buna görə də bu böyük aşıq mühitinin mənəvi sərvətlərinin toplanması, yazıya alınması Göyçənin işğalına qədər (1988) baş tutmadığını bildirən tədqiqatçı, bununla belə, məhdud şəkildə olsa da Göyçə aşıq yaradıcılığı örnəklərinin XX əsrin 20-ci illərindən toplandığını («El aşıqları» (toplayanı V.Xuluflu. Bakı. Azərbaycanı Öyrənən Cəmiyyət. 1927), «Azərbaycan ədəbiyyatı» (S.Mümtaz. Bakı. Yazıçı, 1986), «El şairləri» (I və II cildlər. Bakı. Azərnəşr. 1927-1928), «Azərbaycan el ədəbiyyatı» (toplayanı H.Əlizadə. I hissə, Bakı. Azərnəşr. 1929), «Azərbaycan aşıqları» (toplayanı. H.Əlizadə. II c. Bakı. Azərnəşr. 1930) bildirir.

Folklorşünas Q.Umudov «Azərbaycan aşıq poeziyası»nı tədqiq edir və onun 1920-1940-cı illər dövrünü ümumiləşdirir, o dövrdə qəzet və jurnal səhifələrində aşıq yaradıcılığı haqqında dərc edilmiş məqalələri

3 qismə ayırır:

I.«Ayrı-ayrı aşıqlar haqqında;

II.Ümumən aşıq poeziyası, onun bədii xüsusiyyətləri haqqında.

III.Aşıq ətrafında mübahisələr münasibətilə yazılmış məqalələr» (3.86).

Hüseyn İsmayılov Göyçə aşıq mühitinin bu dövrlərinə (1920-1940-ci illər) diqqəti cəlb edir. Göyçə aşıq poeziyasının tədqiqini bu dövr üçün iki qismə ayırır:

1. Aşıq poeziyasının toplanması, tərtibi və nəşrində Göyçə aşıqlarının şeirləri və onlarla bağlı məlumatlar: sənətkar tərcümeyi-halının və mətnlərin təsviri problemi;

2.Aşıq Ələsgərlə bağlı müxtəlif səviyyəli fikir və mülahizələr, o cümlədən tədqiqlər. Ələsgərşünaslıq (1.25).

H.Əlizadə 1934, 1935, 1937-ci il «Aşıq Ələsgər» kitabının nəşrində Aşıq Ələsgərin tərcümeyi-halını tədqiq edir: «Aşıq Ələsgərin yaradıcılığı haqqında» (1935-ci il nəşrində) olan müqəddimə «Ədəbiyyat» qəzetinin (12 aprel 1935-ci il nəşri) səhifələrində dərc olunmuşdu.

Mehdi Hüseyn «Böyük aşıq» məqaləsində Aşıq Ələsgərin yaradıcılığını, onun sənətkarlıq keyfiyyətlərini, sonrakı aşıqların yetişməsində onun rolunu dəyərləndirir (4). Aşıq Ələsgərin yaratdığı ustadnamələrdə aşıq sənətinin inkişafına xidmət edən sənətkarların qarşısına qoyduğu vəzifəni Mehdi Hüseyn gözdən qaçırmır: «Dünya filosoflarının estetik görüşlərindən xəbərsiz olan bu böyük sənətkarın özünəməxsus müəyyən ədəbi kodeksləri vardır. Görün, o aşıqdan nə tələb edir:

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürüb, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir

deyə Ələsgər aşıqdan hər cəhətdən nümunə, yüksək bir şəxsiyyət olmağı tələb edir» (4).

Bütövlükdə H.Əlizadə, Ə.Abbasov, C.Cahanbəxş, H. Araslı, U.Şirvan, Bülbül, H.Əfəndiyev, O.Sarıvəlli və başqaları bir sıra fikirlər, mülahizələr söyləmiş, müxtəlif həcmli əsərlər yazmışlar.

H. İsmayılov Cahanbaxışın 30 səhifəlik məqaləsində (5) Aşıq Ələsgərin adını çəkmədiyini, Bülbül (6) məqaləsində XIX əsrin görkəmli aşığı kimi Aşıq Ələsgəri xatırladığını qeyd edir.

Folklorşünas H.Əlizadə Göyçə aşıqlarının əsərlərini nəşr etdirən («Aşıq Ələsgər», «Aşıq Əsəd» ayrılıqda kitab kimi, Musa, Növrəs, İman və başqalarından) ilk tədqiqatçıdır. Aşıq Ələs-gərin, eləcə də bir sıra Göyçə aşıqlarının irsinin nəşrində İ. Ələsgər, Ə.Axundov, M.H.Təhmasib mühüm rol oynayıb. Ə.Axundov və M.H.Təhmasib Aşıq Ələsgərin şeirlər kitabını (1936, 1972) tərtib edib, nəşr etdirmişdir.

Ə.Axundov «Azərbaycan folkloru antologiyası» (I və II kitablar. B. 1968), 2 cildlik «Azərbaycan aşıqları və el şairləri» (1983, 1984) kitablarını nəşr etdirib. İ.Abbaslı bu topluların (7.26) Türkiyədə və İranda çap olunduğunu qeyd edir.

Ə.Axundov aşıq yaradıcılığı ilə bağlı tədqiqat işi aparmış, «Aşıq Ələsgərin həyat və yaradıcılığı» (1946) mövzusunda namizədlik dissertasiyası yazmışdır. Tədqiqatçılar «mükəmməl» olmasa da, bu işi Aşıq Ələsgər haqqında iri həcmli tədqiqat işi kimi dəyərləndirir.

Ə.Axundovun tərtib edib nəşr etdirdiyi «Aşıqlar» (1960) kitabında Göyçə aşıqlarından Aşıq Ələsgər, Aşıq Əsəd və Aşıq İslam Yusifovun şeirlərindən nümunələr verilmişdir. Aşıq Ələsgərin (1826-1929) bir sıra aşıqların ustadı olub, özündən sonra gələn aşıqlara qüvvətli təsir etdiyi bildirilir. Aşıq Əsəd Rzayevin (1875-1950) Basarkeçər rayonunun Qaraqoyunlu kəndində doğulduğu, sonralar Tovuz rayonuna gəlib, orada yaşadığı, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdiyi, «Şərəf» nişanı ordeni ilə təltif olunduğu, Aşıq İslam Yusifovun 1892-ci ildə Basarkeçərin Nərimanlı kəndində doğulduğu, 12 yaşından aşıqlıq etdiyi, Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görüldüyü haqqında məlumat verdiyi bildirilir (1.126).

H.İsmayılov bu məlumatları araşdırır, «bəsit, natamam və qeyri-dəqiq» bilir və Aşıq Ələsgərin doğum və ölüm tarixlərinin dəqiq göstərilmədiyini söyləyir.

«Azərbaycan aşıqları və el şairləri» (8; 9) kitablarını nisbətən «mükəmməl nəşr» kimi dəyərləndirən H.İsmayılov İ.Abbaslının buna geniş və dərin məzmunlu müqəddimə yazdığını qeyd edir (8). İ.Abbaslı aşığın ozan yaradıcılığından qaynaqlandığını, bu irs üzərində inkişaf etdiyini deyir. H.İsmayılov tədqiqatçıların bu məsələyə yanaşmasını kifayət qədər «professional» saysa da, «aşıq-ozan münasibətləri» kifayət qədər mürəkkəb bir tarixi mədəni hadisə olduğundan bu proses haqda elmi şəkildə, ciddi arqumentlərə əsaslanaraq, mükəmməl tezis irəli sürülmədiyini qeyd edir.

Bu problemlə bağlı mülahizələri «bir qədər fərqli redaksiyada» təqdim etdiyini, «Aşıq sənətinin, aşıq poeziyasının kökləri, formalaşması, təkamülü və yüksək təşəkkülü sənət səviyyəsinə yüksəlməsi ilə bağlı mərhələvi təsnifatlar birtərəfli aparılsa da, konkret mərhələdən və imkandan bəhs olunarkən tamamilə ciddi mülahizələr irəli sürüldüyünü bildirir: «XIX əsrdən etibarən aşıq poeziyası öz üfüqlərini genişləndirərək yeni istiqamətdə inkişaf etməyə başlamışdır.

Ötən əsrdə də ustad, peşəkar ifaçı aşıqlardan savayı saz çalmağı, məclis keçirməyi bacarmayan el şairləri də yazıb yaratmış, aşıq şeirinin, aşıq sənətinin zənginləşməsinə yaxın kömək göstərmişlər.

Ötən əsrdə yazıb-yaradan aşıqlar içərisində Göyçənin saz ustalarının fəaliyyəti xüsusi diqqətəlayiqdir. Aşıq Əlişin sənəti ilə rövnəqlənən bu yaradıcılıq aləmi Aşıq Ələsgər poeziyası ilə elə bir zirvəyə yüksəlmişdir ki, bu yüksəliş Azərbaycan aşıq şeiri tarixində xüsusi bir mərhələ təşkil etmişdir. Göyçə aşıq ədəbi mühiti Alməmməd (1795-1875) (Aşıq Ələsgərin atasıdır), Şair Məmmədhüseyn (1800-1884), Aşıq Məhərrəm (1825-1910), Aşıq Musa, Mirzə Bəylər (1837-1919), Şair Aydın (1825-1915), Aşıq Əziz, Şair Məhəmməd (1853-1943), Bəşir (Aşıq Ələsgərin böyük oğludur), Şair Əbüləzim (1873-1943) və onlarca digər sənətkarlar yetişdirmişdir ki, onların yaradıcılıqları sakin olduqları ərazinin təbiətindən, iqlimindən, tarixi keçmişindən, etnoqrafiyasından, adət-ənənəsindən doğan özünəməxsus incəliklərlə zəngindir (8.11-12).

Prof. Q.Namazov şəhər mühitinə yaxınlaşan aşıq sənətinin, incəsənətin müxtəlif növləri ilə qarşılaşdığını, bir-birindən bəhrələndiyini, «xallar, şəkillər» əxz etdiyini, hətta bəzən «rəqabətə» girdiyini yazır, “aşıq şeiri yazılı şeirə təsir göstərdiyi kimi, yazılı şeir də aşıq şeirində özünə yer tapır, bir-birinin ən yaxşı cəhətlərini öz sənətinin ruhuna hopdurur və getdikcə mənimsəyir, beləliklə də, öz məzmun və mündəricəsini zənginləşdirirdi. XVII-XVIII əsrlərdə aşıq yaradıcılığı elə bir vüsət aldı ki, hətta cəmiyyətin özündə olduğu kimi, aşıqlar arasında da «təbəqələşmə» əmələ gəldi: Onlara «şəhər aşığı» və «tərəkəmə, el aşığı» kimi adlar verildi» (10. 70).

H.İsmayılov sosial-mədəni mühitə görə bu tipli diferensiallaşmasını nəzərə alıb, Göyçə aşıqlarını bu təsnifatın «tərəkəmə, el aşığı» tipinə uyğun olduğunu görür və Q.Namazovun bu fikrini təsdiqləyir ki, «Şəhər aşıqları istər-istəməz şəhər incəsənətini, divan ədəbiyyatı və ümumiyyətlə, şəhər mədəniyyətini öyrənir, mənimsəyir. Onun poetik qaynaqlarından qidalanırdılar, bu qidalanma və faydalanma ədəbiyyat və incəsənətin üç sahəsində şeirdə, musiqidə və dastan ifaçılığında nisbətən aydın hiss olunurdu (10.70) və əlavə edir ki, «digər tərəfi isə etnik-mədəni arealda (türk arealında) baş verən mədəni inteqrasiya prosesləri ədəbi yaradıcılıq sahəsində də intensiv əlaqələrin mövcudluğunu şərtləndirir. Hətta müxtəlif poetik janrların və şeir şəkillərinin yaranmasında yazılı və şifahi ənənənin qarşılıqlı əlaqələrinin nəticələri aydın şəkildə müşahidə olunur» (1.31-32).

Göyçə əhalisinin bütövlükdə həyat tərzini «əski türk ənənələrinin daha mühafizəkar şəkildə qorunduğu, tərəkəmə-elat yaşam tipinin davamı» bilən tədqiqatçı H.İsmayılov sosial-siyasi hadisələrlə bağlı olaraq həyat tərzində dəyişikliklər baş vermiş olsa da, «etno-psixoloji davranış və etnik-mədəni sistemin» əsaslarının deformasiyaya uğramadığını bildirir.

Göyçə sənətinin, ədəbiyyatının etnik milli-ənənə üzərində inkişaf etdiyini deyir. Göyçənin hələ Miskin Abdalın dövründən şəhərlə daima əlaqə saxladığı, Göyçə aşıqlarının türk ellərini gəzdiyini, ağır məclislər apardığını (Miskin Abdal, Ağ Aşıq, Alı, Ələsgər, Musa, Mirzə Bəylər), yaxın-uzaq səfərlərini yada salır, Göyçə aşıqlarının yaradıcılığında divan ədəbiyyatının janrlarının da az işlənmədiyini göstərməklə yanaşı, «amma bununla belə, Göyçə aşıqları tərəkəmə-elat mədəniyyəti spesifikasını saxlamışdır. Bu da onunla şərtlənir ki, Göyçənin zəngin folklor mühiti daim bu sənətin ədəbi ehtiyacını mükəmməl şəkildə təmin etmək iqtidarında olmuş, Göyçə auditoriyasında (Göyçəli dinləyici, məclis iştirakçısı) daha çox xalq şeirini türk milli poeziyasını sifariş vermişdir. Məhz bu tipli sosial sifariş Göyçədə sənətin spesifikasını müəyyənləşdirən başlıca faktor kimi çıxış etmişdir» (1.33).

(ardı var)

Ədəbiyyat

1. H.İsmayılov. Göyçə aşıq mühiti; təşəkkülü və inkişaf yolları. Bakı. Elm. 2002.
2. Azərbaycan folkloru antologiyası. Gəncəbasar folkloru. IX Səda nəşriyyatı. Bakı. 2004. 522 s.
3. Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı (II hissə). Bakı. «Elm». 2006.
4. Mehdi Hüseyn. Böyük aşıq. «Ədəbiyyat» qəzeti. 5 aprel. 1938.
5. Cahanbaxış. Cənubi Azərbaycan aşıq poeziyası. (Moskvada Azərbaycan ədəbiyyatı dekadası). Bakı. 1940.
6. Bülbül. Aşıq yaradıcılığı. Ədəbiyyat qəzeti. 24 mart. 1938.
7. AŞXƏDT. XV kitab. Səda. Bakı. 2009.
8. Azərbaycan aşıqları və el şairləri (tərtib edəni. Ə.Axundov). 2 cilddə. I cild. Elm. Bakı. 1983.
9. Azərbaycan aşıqları və el şairləri (tərtib edəni. Ə.Axundov). 2 cilddə. II cild. Elm. Bakı. 1984.
10. . Qara Namazov. Azərbaycan aşıq sənəti. Yazıçı. Bakı. 1984.

# 66 dəfə oxunub

Oxşar xəbərlər

“Avroviziya” təmsilçisinə cinsi zorakılıq ittihamı

“Avroviziya” təmsilçisinə cinsi zorakılıq ittihamı

13:15 22 sentyabr 2025
Rusiyalı müğənninin zinət əşyaları İstanbulda oğurlanıb

Rusiyalı müğənninin zinət əşyaları İstanbulda oğurlanıb

13:03 22 sentyabr 2025
SSRİ-nin mahnı müsabiqəsi  geri qayıdır?

SSRİ-nin mahnı müsabiqəsi geri qayıdır?

12:35 22 sentyabr 2025
İtalyan arxeoloqlar  16-cı dəfə Türkiyədə

İtalyan arxeoloqlar 16-cı dəfə Türkiyədə

12:15 22 sentyabr 2025
“Azərbaycanfilm”  “Kinostudiya sakinləri” ni  ekranlaşdırır

“Azərbaycanfilm” “Kinostudiya sakinləri”ni ekranlaşdırır

12:05 22 sentyabr 2025
O, Qarabağın ermənilərə verilməsinin qarşısını necə aldı? - Nəriman Nərimanovun ev muzeyindən reportaj

O, Qarabağın ermənilərə verilməsinin qarşısını necə aldı? - Nəriman Nərimanovun ev muzeyindən reportaj

12:00 22 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər