Bazar olsun! 

Bazar olsun! 
8 noyabr 2013
# 11:41

«Siz Panikovskini tanımırsınız! Panikoski hamınızı satacaq, sonra alacaq və yenə satacaq, amma bu dəfə bir az da baha satacaq».

İlf və Petrov «Qızıl buzov»

Bu yaxınlarda «Gəl, istədiyin qədər pul apar, imkanın olanda qaytararsan» tipli plakatlardan birinə uyub, yaxınlıqdakı bank şöbəsinə yollandım.

Bank işçisi təhər-tövrümü, əyin-başımı rentgen baxışlarıyla ciddi tədqiq etdikdən sonra məni sorğu-sual etməyə başladı. Mənə verilən sualların məğzi barədə danışmayacağam, onsuz da indilərdə banklara borcu olmayan yoxdur və bu alçaldıcı 40 dəqiqəlik prosedurdan hamının xəbəri var.

Nəhayət bank işçisinə başa sala bildim ki, mən ayağımı yerə sağlam basan adamam və əslində onların mənə verəcəyi min manat olmadan da keçinə bilərəm… Vəziyyətin absurd nöqtəyə çatdığını hiss edən müsahibim «Bağışlayın, - dedi, - mən burada sadəcə araçıyam, bizə verilən təlimat üzrə söhbət aparıram».

O abırlı gənc oğlanın xəcalətli üz ifadəsini xatırlayınca onun təmsil etdiyi zümrə haqqında düşünməyə bilmirsən…

«Azərbaycanda ən populyar peşə hansıdır?» deyə sorğu aparılsa, heç şübhəniz olmasın, «makler»lik ön sıralarda yer alacaq.

Makler hər şeyin əmtəəyə çevrildiyi zəmanənin ən fəsahətli atributudur.

Bizim araçı-maklerlər sizi bütün arzu-niyyətinizə qovuşdurmağa qadirdirlər. Əlin cibində olsun, yetər.

Ev, maşın, ən qədim peşə sahibləri ilə görüş, vəzifə, prestijli diplom, qəzetdə kimisə vurmaq və ya qılığına girmək, elmi ad, məhkəmə hökmü, qəbiristanlıqda yer, emiqrasiya kağızları, toy tədarükü, mükafat, Ayda torpaq sahəsi, quş iliyi, can dərmanı… Maklerlərin bazarında könlün istəyən hər şeyə rast gəlmək olar.

Bu sənətkarlar Oksfordun iqtisadiyyat fakültəsini bitirməsələr də, «On iki stul» və «Qızıl buzov»dakı Ostap İbrahimoviç Süleyman Berta-Mariya Bender bəyi suya aparıb susuz gətirərlər.

Amma universitet bitirməməyin də öz bədəli var. Maklerlərimiz ali təhsilli olsaydılar (insafən onların sırasında belələri də az deyil), bəzi tarixi personajların təcrübəsindən bəhrələnər, öz fəaliyyət sferalarını bir az da genişləndirərdilər.

Məsələn, Orta əsrlərdə Almaniyada İohann Tetsel adlı bir ruhani, Dominikan monastrının baş keşişi camaata cənnətə düşmək üçün «vəsiqə» - günahların bağışlanmasını təsdiqləyən indulgensiya satırmış. O, hər yerdə böyük hörmət-izzətlə qarşılanırmış, insanlar əlində-ovcunda nə varsa verib, ruhlarını arındırırmışlar. Testel hər cinayət üçün ayrıca məbləğ müəyyənləşdirmişdi: adam öldürmüsənsə – 7 qızıl, valideynlərini ötəki dünyaya vasil etmisənsə – 10 qızıl, münkirliyə görə – 9 qızıl və s.

Doğrudur, sonralar almanlar Tetselin burnunu ovdular.

Bizdə isə aksiologiya elmi hələlik dincəlir.

Bazarlanmayan dəyər qalmayıbsa, aksiologiyanın bu yerlərdə nə iti azıb?

«- Ən çox kimlərin imzası tələb olunub?

- Çingiz Abdullayev və Elxan Qaraqan…

- Bunu nə ilə izah edirsiniz?

- Onların əsərləri yaxşıdır. Kitabları da ona görə satılır. Onların kitabları barədə daim resenziyalar yazılır deyə, kitabları ən yaxşı satılanlar sırasında yüksək mövqedə qərarlaşır».

Hörmətli Nigar Köçərlinin bu cavablarından bəlli olur ki, o kitabların «yaxşı» və «pis» olmasını yalnız onların satış koefisienti ilə müəyyənləşdirir. Tam zamanın ruhunda bir cavabdır. Həm də orijinal cavabdır – dünyanın heç bir bukinistindən belə dəyərləndirmə eşitməzsiniz. Qoy zövqlü insanların oxuduğu «ciddi ədəbiyyat»la mistika, detektiv, macəra ədəbiyyatı – kütlələrə hesablanmış «yüngül ədəbiyyat», yəni pop-mədəniyyət arasındakı fərqlər barədə qərblilər danışsınlar. Bizdə əsas olanı kitabların satılmasıdır, satılmırsa, get başqa işin qulpundan yapış, mağazanın rəflərini məşğul etmə!

İş adamlarımıza bazar arzulayıram!

# 4949 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #