Ax, Axundov! 

Ax, Axundov! 
3 dekabr 2012
# 11:30

“Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi gərək dustaq alaçığın içində oturasan. Dövlət dəxi haradan olsun, pul haradan olsun!? Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur! Nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxarsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. Hanı qızılbaş və osmanlı döyüşü ki tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır.

Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri osmanlıda kəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərəm ki, Rüstəmi-dastan da göstərməmiş ola!

Mənim işim budur! Nə ki, naçalnik məni çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! Peşman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaş-qabaqlı üzün çevirib atın sürdü”.

***

Hər film insan kafasında bir-neçə kadrla assosiasiya olunur. Məsələn, “O olmasın bu olsun” ilk olaraq mərhum Əliağa Ağayevin sifəti və Üzeyir bəyin ironik musiqisi ilə, “Şərikli çörək” bir dəstə kövrək uşaqla, “Axırıncı aşırım” at ayaqlarının səsi, bığ-saqqal və zəhmli baxışlarla yada düşür. Hər filmin öz rəngi, səsi və əhval-ruhiyyəsi olur. Bu bir neçə detal birləşərək saat yarımlıq, iki saatlıq filmin bütün enerjisini insan beynində inikas etdirir, ümumi əhval yaradır.

“Sübhün səfiri” ölüm döşəyində uzanalı qalmış Axundovla assosiasiya olundu!

Böyük mübarizələrin adamı zəlil günündə, yorğan-döşəkdə ağlaya-ağlaya gəldi görüşümüzə!

Zaman-zaman təsəvvürümüzdə qəzəbli, zəhmli, qorxmaz obrazı yaranmış böyük ədibi belə görmək üzdü məni! Həm də iki saatdan artıq!

Arada özümü saxlaya bilməyib pıçıldadım: “Madam ki, ölürsən, tez elə, çıxıb gedək, xarabamıza!”

Axundovun can çəkişməsinə tamaşa etmək kimə zövq verdi görəsən?

Bütün mübarək inqilablara yorğan-döşəkdəki xəstə əhval-ruhiyyədən fon verməklə nə demək istədi müəlliflər?

Təqdimatda balaca bir texniki qüsur oldu.

Film belə başladı: Xamnə kəndindən talağı verilmiş anası Nuxaya qayıdır. Balaca Fətəli yatıb. Atası onu anasına vermək istəmir. Anası acizdir. Bacısı qaçıb Fətəlini oyadır və o, ömründə ilk dəfə həqiqətin müdafiəsinə qalxır: “Mən anamla gedəcəm!”

Kaş film bu səhvdən başlayaydı.

Və film bu səhvdən başlasaydı onun sonluğu da STV-də yayımlanan “Sırlar dünyası” sayaq romantik-sentimental səhnə ilə bitməzdi: ağ səmanın fonunda ağ geyimli rəhmətliklər Axundovu çağırırlar...

Vay bə!

Vay bə, müsəlman Şərqində ilk pyes!

Vay bə, ilk tamaşa, ilk nəsr, ilk məqalə və ilk traktat!

Əlifba mücadiləsi!

İranla-Turanla döyüş, Rusiyayla döyüş!

Cəhalətlə döyüş!

Vay bə, böyük qələbələrin ölüm döşəyi!

***

Yazımın ilk abzası “Hekəti-mərdi-xəsis” komediyasının girişi – evlənmək üçün pul-para axtaran Heydər bəyin monoloqudur.

Müdhiş yaradıcılıq enerjisi və yaşamaq eşqi ilə qələmə alınmış bu beş-altı kəlmə yazıçının təsvir etmək istədiyi mühiti necə dolğun ifadə edir! Hələ bu günümüzə ötürdüyü ismarışları demirəm. İki saat yarımlıq film bu balaca mətn qədər bədii-estetik əhəmiyyət kəsb etmədi.

Ax, Axundov!

Səni yenə doğru-dürüst anlamadıq deyəsən...

200 il sonra da!

# 3854 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #