Vaqifin ölümü

Vaqifin ölümü
16 mart 2015
# 14:24

Anası Zivər xanım Üzeyir bəyin tələbəsi, Azərbaycanın ilk pianoçu qadınlarından idi...

Neftxuda Ağasəf Əliyevin qızı...

Atası Əziz bəy Çələbi xanın nəslindən idi...

1941-ci ildə həkim kimi müharibəyə yollanıb, qayıdandan sonra Zivər xanımdan ayrılıblar. Səbəb: ərinin rus tibb bacısı ilə münasibətlərindən xəbər tutan xanımı onu bağışlaya bilməyib...

Adını Vaqif qoymağı Səməd Vurğun məsləhət görüb. Uşaqlıq dostları belə xatırlayırlar: İçərişəhərin “razborka”larında Vaqif mütləq olardı. Məktəb vaxtı boks dərnəyindən üz-gözü göyərmiş gələrmiş. Küçə davaları da öz yerində...

Bu əhvalatı mənə Rahib Azəri, ona da Oqtay Ağayev danışıb. Günlərin birində İçərişəhərdə Məmmədəlinin kababçısından (“Qəzəlxan” filminin çəkildiyi yer) Oqtay Ağayevlə bir yeşik pivə alıb qalxıblar Vaqifgilə. Pivənin xumarlığından Oqtay Ağayev Üzeyir bəy haqqında xoşagəlməz ifadə işlədib. Vaqif dostluğu, həmkarlığı yaddan çıxarıb, mətbəxdən bıçaq götürüb cumub Oqtayın üstünə ki, sən kimsən Üzeyir bəy haqqında belə söz danışırsan?!

* * *

Xanımı Elza Bandzeladze gürcü idi. Vaqifə görə bütün qapıları döyməyə, haqsızlıqlara sinə gərməyə hazır idi. Vaqifi Bəstəkarlar İttifaqında üzv qəbul etmirdilər deyə, döymədiyi qapı qalmamışdı. O dövrün məşhur bəstəkarlarından biri deyirmiş: “Bu arvad bizi boğaza yığıb, Vaqifin məsələsinə əncam çəkmək lazımdır”.

Qızı Əzizə danışır: “Xatırlayıram ki, anam atama görə hara gedirdisə, ona həmişə belə cavab verirdilər: “yenə gəldi ərini tərifləməyə”.

Nəhayət Qara Qarayevin təklifi və təkidi ilə ittifaqa üzv olur...

* * *

Ona olan ögey və soyuq münasibət əsəblərini sıradan çıxarmışdı. Ürək də bir tərəfdən sözə baxmır...

Birinci dəfə 29 yaşında infarkt keçirir. Vəziyyət ciddi olsa da, yaxasını ölümün əlində ala bilir, özünə gəlib yenə pianino arxasına keçir. Təzyiqlər, təhdidlər yenə səngimir. Məsələn, efirə çağıranda televiziyanın qapısının ağzında deyirmişlər: bu nə bığıdır?! Hələ vaxta var, get bığını qırx, sonra səni efirə buraxaq. O köynəyi də əynindən çıxar, saçına-başına əl gəzdir...

Yalçın Rzazadə xatırlayır: “Az qalırdı ürəyi partlasın, güclə sakitləşdirirdik”.

Şayiə yayılır: Vaqif narkomandır. Aylarla məşq edirdi, məlum olurdu ki, Mədəniyyət Nazirliyi konsertin keçirilməsinə bir gün qalmış, onun adını siyahıdan çıxarıb.

Dözməyib gedir Tiflisə. 1967-ci ildə Tallin festivalında Gürcüstanı təmsil edir. Gürcüstan adına qazanılan uğur SSRİ miqyasında görünməyən uğur idi.

Nazir Rauf Hacıyev Zivər xanıma zəng vurur: “Vaqifi dilə tutun, qayıtsın Bakıya. O, Azərbaycanı təmsil etməlidir”.

* * *

Qızı Əzizə danışır: “Daşkəndə konsert verməyə gedəndə evdə güzgü yerə düşüb çilik-çilik oldu. Ürəyimə damdı ki, nəsə olacaq. Yalvardım ki, ata getmə. Qulaq asmadı”.

Bu fakt nə qədər mübahisəli olsa da, dostlarının xatirələrindəndir və mətbuat bu haqda heç vaxt yazmayıb.

79-cu ilin 15 dekabrı Aşura gününə düşüb. Ehtiram olaraq, Vaqif Daşkənd konsertinə getmək istəməsə də, buna məcbur olub. Çünki bütün hazırlıqlar görülmüş, elan verilmişdi.

Əslində isə onu bu dəfə də aldadıblar. Təşkilatçılar konsert hazırlıqlarını ümumiyyətlə etməyiblər, afişalar şəhərə vurulmayıb, elanlar heç musiqi müəssisələrindən də asılmayıbmış.

Sarsılır, incikliyini kimdən, nədən çıxacağını bilmir...

Həyat yoldaşına şikayətlənir ki, qulaqlarım ağrıyır. Heç kim bilmir, bu, ikinci infarktın əlamətidir.

Çox keçmir ürək ağrıları başlayır. Amma özündə güc tapıb zalda əyləşən azsaylı caz sevdalı adamlara görə pianino arxasına keçsə də, konserti başa çatdırmaq qisməti olmur: ürəyi elə səhnədəcə dayanır.

Ölümünü “Azkonsert”in direktoru İldırım İsmayılzadəyə xəbər verirlər. İldırım müəllim Tofiq Quliyevə zəng edir. Oğlum dediyi, bir neçə gün əvvəl görüşdükləri adamın ölümü Tofiq Quliyevi sarsıdır. Konsertə getməzdən əvvəl Vaqif Tofiq Quliyevin musiqilərini ifa etmişdi və xahiş etmişdi ki, dinləyib fikrini desin. Sonuncu danışıqları belə olmuşdu: vaxt edə bilmirəm, amma arxayın ol, sən Daşkənddən gələnə qədər qulaq asıb, fikrini deyəcəyəm.

Tofiq Quliyev xatirələrində yazırdı: “O vaxta qədər bir dəfə ağlamışdım: qızımın ölümünü eşidəndə. Bir də Vaqifin ölümün xəbəri gələndə qeyri-ixtiyari düyməni basdım, Vaqifin musiqiləri səsləndi, özünü saxlaya bilməyib ağladım”.

* * *

Vaqif istedadlı adamlar – musiqiçilər, rəssamlar, yazıçılar bu gün də bizim cəmiyyətdə yaşayır, əzab çəkir, özünə yer tapa bilmir.

O istedadları sevmək, qorumaq və muğayat olmaq arzu ilə...

# 931 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #