Nadan oxucuların eqosu

Nadan oxucuların eqosu
8 aprel 2016
# 12:29

Bir gerçəkdir ki, oxucu heç vaxt yazar səviyyəsində ola bilməz.

Olsa, zatən oxucu yox, yazar olar.

Azərbaycan oxucusu o qədər kal – yetişməmişdir ki, hər səmimi haldan və durumdan sui-istifadə edir.

İnternetin verdiyi ünsiyyət rahatlığı onlarda bir yazar eqosu yaradır.

Yəqin bu üzdəndir ki, hamısı yazmaq istəyir.

Dolayısıyla, hamısı yazar olmaq, baş olub başlara qoşulmaq istəyir.

Azərbaycan oxucusunun zövqü və təfəkkürü o qədər zəifdir ki, harda lağ elədikləri, guya ciddi ədəbiyyat saymadıqları var, onları daha çox oxuyur, daha çox bəyənir.

Məsələn, o, bəyənmədiyini dediyi, hətta yazar hesab eləmədiyi Seymur Baycanı, Çingiz Abdullayevi, Varisi, Elxanı daha çox oxuyur, nəinki ciddi ədəbiyyat dediyini.

Bu üzdən İsa Muğanna ən böyük nasirimiz, Əli Kərim ən böyük şairimiz olaraq ən az oxunanlara çevrilib.

Bu üzdən zövqsüz və sarı ədəbiyyat çox satılır ki, bu da gerçək oxucu yoxluğuna gətirib çıxarır.

Yəni o ədəbiyyatı oxuyan oxucu, əslində, oxucu deyil.

Yəni bu üzdən bizdə oxucu problemi var, amma oxucu yoxdur.

Yəni bu üzdən bizdə oxucu probleminin olması oxucu yoxluğuyla bağlıdı.

Dəfələrlə olub ki, məni bəh-bəhlə tərifləyən, kitablarımı alıb oxuduğunu deyənlərin əlində detektiv və məişət kitabları görmüşəm.

Dəfələrlə olub ki, yanımda zövqlü, ciddi ədəbiyyatdan danışanların arxada manıs ədəbiyyat oxuduqlarını görmüşəm.

Dəfələrlə olub ki, məsələn, Vaqif Bayatlı, Salam Sarvan, Xanəmir, Aqşin... gözəl şairdir deyənlərin, mənasız şairləri əzbər bildiklərini görmüşəm.

Dəfələrlə olub ki, heç bir dəfə yaxşı oxucu görməmişəm.

Amma qaragüruh, ittihamçı, kəndinibəyənmiş və hər an yazara yazmaq dərsi keçməyə hazır oxucu görmüşəm.

Sanasan, ədəbiyyatı o yaradıb, sən oxuyursan.

Sanasan, atasına borclu imişsən kimi bunu maarifləndirməyə, öyrətməyə, üstəlik ailə-uşağını da tərbiyələndirməyə borclusan.

Sanasan, anadan o yazar doğulub, sən oxucu.

Ətrafımızda olan, bir neçə kitab oxuyub bütün günü bizlərin pulsuz söhbətlərini – mühazirələrini dinləyənlərin belə ciddi oxucu yanını çox az gördüm.

Daha uzaqda olanları daha səmimi, daha çox ədəbiyyatı bilən və sevən, daha çox oxuyan gördüm.

Ata-anaları mənasız sovet şair və yazıçılarına kisə-kisə məktublar yazan bu varislər, əlbəttə, səmimi ünsiyyətin nəticəsində belə olmalıydılar; yoxsa nə itləri azmışdı ədəbiyyat küllüklərində.

Mən yazara yaxın olan heç bir oxucunun səmimiliyinə demirəm, hətta oxuculuğuna belə inanmıram.

Oxucu yazara münasibətdə çox uzaqda, dağ başında olmalıdır.

Oxucu üçün ancaq kitab maraqlı olmalıdır, yazar yox.

Fikir verin, onlar uzaqda olana, əlçatmaza daha çox sayğı duyur, onu daha çox oxuyurlar.

Yazarın da özləri kimi eqolusunu axtarırlar.

Yoxsa bu oxucular yazarın hər şeyinə, hətta şəxsi həyatına da burun soxmaqdan utanmırlar.

Özləri peyğəmbər həyatı yaşayırlarmış kimi.

Öz uğursuzluqlarının və bədbəxtliklərinin acığını yazardan çıxmağa çalışmaq ancaq bizim oxucunun ağlına gələrdi.

Yoxsa niyə oxucu olsun ki, öz işiylə məşğul olardı da...

Mən Azərbaycanda kitab oxumayan və heç bir oxucu iddiası olmayan adamları daha çox oxucu sayıram.

Onlar heç olmasa öz bildikləri və bacardıqları işlə məşğuldurlar.

Və nə vaxtsa oxuyacaqları kitablarda da daha səmimi oxucudurlar, demək.

Gerçək oxucu olmaq həm də sayğı duymaq, yazarlıq iddiası olmamaq və öz bildiyi işlə məşğul olmaqdır.

Yoxsa ağsaqqallıq eləmək deyil...

P.S. Dostoyevskinin "Ölü evdən qeydlər" əsərində maraqlı bir səhnə var. Demək, türmədə teatr təşkil olunur və hamı bir-birinə yer vermədən, yer tutmağa çalışaraq heyranlıqla gözləyir. Bu zaman əsərin qəhrəmanı gəlir və bütün məhbuslar qırağa çəkilib ona yer verir, onu qabağa ötürürlər. Halbuki yer dərdindən bir-birini minmişdilər. Çünki həmin adam bütün teatrın işini yönləndirmişdi. Onda Dostoyevski rus kəndlisinin sənətkara münasibətindən ağızdolusu razılıq edir və belə yazır:

“...Biz nə vaxtsa dvoryan olmuşuq: biz onların xatirəsində heç vaxt xoş təəssürat yaratmayan ağalarının mənsub olduğu zümrədən olmuşuq. Amma indi, teatrda onlar hamısı kənara çəkilib mənə yol verdilər. Onlar etiraf edirdilər ki, bu məsələdə mən onlardan yaxşı mühakimə yürüdə bilərəm, çünki onlardan daha çox şey görmüşəm və daha çox bilirəm. Mənə ən pis münasibətdə olanlar (bunu bilirəm) indi istərdilər ki, onların teatrını tərifləyim və heç bir təkəbbürsüz-filansız məni ən yaxşı yerə buraxdılar. Ondakı təəssüratlarını xatırlayaraq, indi belə mühakimə yürüdürəm. Elə oradaca düşündüm ki, - bunu yaxşı xatırlayıram – onların özlərinə qarşı ədalətli mühakimələrində özünüalçaltma deyil, özünə qarşı hörmət var”.

# 2645 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #