Tanışlıqdan sonra toyuna çağıran adamlar

Vüsal Bağırlı

Vüsal Bağırlı

24 oktyabr 2022
# 12:40

Kulis.az Vüsal Bağırlının “Bu dəvətnamə ki, var...?!” adlı yazısını təqdim edir.

Avtobusla yol gedirdim. “Şamaxinka”dan üzüaşağı, “üçün kruquna” tərəf düşürdüm. Yanımda dayanmış cavan oğlan nisbətən yaşlı həmsöhbətinə düzbucaqlı kağız parçası uzatdı. Orta yaşlı kişi kağız parçasını tərəddüdlə aldı, o tərəf, bu tərəfinə baxdı, tərəzidə çəkirmişsayaq əlində aşağı-yuxarı yellədi, açıb içini diqqətlə oxudu. Hiss etdim ki, kefi bərk pozuldu. Sonra zorla gülümsəyərək üzünü cavan həmsöhbətinə tutdu.

Onların arasında maraqlı dialoq yaşandı.

– Allah mübarək eləsin, qohum, yeddi oğlun, bir qızın olsun. Bax mənim yerimi çalğıçılar, manıslar tərəfdən salma ha!..

– Çox sağ ol. Yeddi oğulu başa düşdüm, bəs qız nə üçündür? Qız-zad istəmirəm.

Orta yaşlı kişi elə bil bir az pərt oldu:

– Niyə ki? Heyf deyil qız. Damazlıq üçün də?!..

– İstəmirəm də... Qız uşağı istəmirəm. Oğlan, vəssalam.

Söhbət səngidi, bir anlıq sükut yarandı. Bəy olmağa hazırlaşan gənc fikirli görünürdü.

Birdən o, üzünü yaşlı həmsöhbətinə tutub soruşdu:

– Yox, həqiqi sözümdür, niyə qızım olmasını istədin?

– Ona görə ki, öləndə qəbrinin üstündə ağlayacaq, sənə yas tutacaq biri olsun.

Onların üzünə baxdım. Zarafat-zad eləmirdilər. Ortada ciddi söhbət gedirdi.

***
Axır vaxtlar, nə barədə isə danışsaq, yaxud nədənsə söhbət açsaq, axırı-nəticəsi gəlib toya-nişana, tədarükə çıxır.

Bəs bilirsinizmi, söhbət büsatdan, çal-çağırdan getmişkən ilk olaraq ağıla nə gəlir!?

Bəli, o.

Mübarək tədbirin ən başlıca atributu sayılan möhtərəm və əlahəzrət “DƏVƏTNAMƏ”.

Bu dəvətnamə ki var ha, elə bir zaddır ki, qanadlanıb göyə pərvaz da etsən də, yeri qazıb burula-burula təkinə girsən də, xeyri yoxdur. Gəlib öz sahibini, səni, məni, onu, bizi tapacaq.

Dəvətnamələr Darvinin təkamül nəzəriyyəsinə uyğun olaraq son dövrlərdə uzun bir inkişaf yolu qət etmişdir. Dahi alim özü “Dəvətnamələrin mənşəyi” adlı elmi əsərində bu barədə geniş söhbət açır.

Əvvəllər sadə görünüşlü, bəsit formalı solğun dəvətnamələri istənilən qəzet köşkündən yaxud dəftərxana dükanından rahatca ala bilərdin. Amma indi o qədər dəvətnamə növü meydana çıxıb ki, gəl görəsən. Əlahəzrət dəvətnamə üçün gərək xüsusi sifariş verəsən: müxtəlif mürəkkəb həndəsi fiqurlar, konfet, ürək, üzük, buta, smoking pencək formalı kağız-kartonlar. Hətta prizma, piramida şəklində olanlara da rast gəlmək mümkündür.

Bax keçən həftə başıma bir iş gəldi. İş yerimdə bir nəfər əlində bir dəstə uzunsov konvert, azca utana-çəkinə, azacıq da tərəddüdlə otağıma girdi. Gənc ədəb-ərkanla görüşdü. Klassik salam-kəlamdan, ənənəvi “nə var nə yox”dan sonra, labirintli, uzundraz bir müraciətdə bulundu:

– Məllim, mən burada yeni işçiyəm, sizinlə tanış olmağa gəlmişəm.

Doğrusu, mərifətli, qanacaqlı insanlardan xoşum gəlir, ona gör də dedim:

– Əcəb eləmisən.

O da qayıdansan ki:

– Sizin ismi-soyadınızı bilmək şərəfinə nail olmaq mümkündür!?

Mən sadəlövhlük edib məsələnin əsas məğzini, məlun niyyətini araşdırmadan adımı, soyadımı açıq ürəklə, aşırı sadəlövhlüklə təqdim etdim. Fürsətcil gədə isə üsulluca əlindəki qələmlə vərəqə tələsik qeydlər etdi.

Mən dərin şübhələr və tərəddülər içərisində qalmışdım. Cəld soruşdum:

– Dostum, tanış olmaq niyyətini başa düşdüm, çox yaxşı, bəs adımı o dəftərdə qeyd etməyin nədir?

Oğlan işindən qalmadan, heç mənə tərəf baxmadan dedi:

– Narahat olma əşi, xeyir işdir. Gələn həftə toyumdur.

Sözünü bitirib indicə üstünə adımı yazdığı əlindəki konverti mənə sarı uzatdı.

Təxminim düz çıxmışdı. Dəvətnamə imiş.

“Nəbilimnə Plaza” şadlıq evi, masa 8, yer 9.

– Etirazınız yoxdur ki?

Oğlanın sözləri, sırtıq baxışları, cəld hərəkətləri məni diksindirdi. Heç “mübarək” deməyə belə macal vermədi, dabanı üstündə fırlanıb bir andaca gözdən itdi. Halaldı, fərasətli imiş. Dilimin altında bir dənə “Valokordin” qoyub, öz-özümə dedim.

– Əcəb işə düşdüm...

***

Həftəsonu – çayxana olsun yaxud park – oturmuşdum, sakit bir yerdə, özüm üçün istirahət edirdim. İstirahət günü, asudə vaxt, təmiz hava, yaşıllıq. Birdən telefonum astaca cükküldədi. Monitorun işığı yandı-söndü. Baxam ki, məni ömründə arayıb-axtarmayan, quruca hal-əhvalımı belə soruşmayan hansısa vecsiz qohumum. O dəqiqə dalağım sancdı, nəbzim zəiflədi, təzyiqim düşdü.

Amma başqa əlac yox idi, barmağımla sensorlu yaşıl dairəyə toxunub telefonu açdım.

Əvvəlcə ənənəvi nə var, nə yox, sonra postmodern xoş-beş, azacıq çək-çevir və yenə hərif gəldi əsas məsələyə:

– Filankəsin toyudur, bəhmənkəsin xeyir işi, dayınəvəsinin sünnətidir, əminəvəsinin banketi. Qəttəzə, qənfet kimi dəvətnaməni əlimdə diri tutmuşam, hələ də tərpənir. Yazıqdı, canı çıxmamış ünvanı de, tez çatdırım sənə.

Beynim çöndü. İstədim deyəm, dəvət edəni də belə-belə olsun, elə onu gətirəni də. Lakin özümdən asılı olmayaraq, ağzımdan başqa kəlmələr çıxdı:

– Ay mübarək olsun! Vay səni şad xəbər olasan. Mütləq ki, iştirak edərik. Subaylar üçün olsun!

Evə qayıtdım. Bu zaman xəbərin qəfilliyindən düşdüyüm şok halət hələ soyumamış, məhəllə həyətinə girər-girməz, nəfəsimin dərilməsinə macal verilmədən qoltuğumun altına nəyinsə ehmalca dürtüldüyünü hiss etdim.

Keçən həftə suyunu evimə axıdan üst qonşum idi. İndi də dəvətnamə vermək estafeti ona çatmışdı. Heç demə, nəvəsinə ad günü keçirirmiş. Onunla ağızucu sağollaşdım.

Evin girişinə çatanda kəşfiyyat üsulu ilə gözümü qıyıb baxdım, “lənət sənə kor şeytan”, qapı dəstəyinə vərəqə oxşar bir şey asılmışdı. Nə olar görəsən?

Təki kommunal borcu olsun, amma o olmasın. Amma yaxınlaşdıqda, qorxum çin oldu.

Dəvətnamə.

Götürüb qoydum yan cibimə. Qapını açıb içəri girdim və nəfəsimi dərməyə imkan vermədən evdəkilər dəhlizdəcə mənə bir şey uzatdılar. Düzbucaqlı, uzun kağız. Ağ konvert. Vay dədə, yenə dəvətnamə. Bu dəfəki xeyir iş kənddə baş tutacaqdı.

Dilin-dodağım qurudu, özünə gəlməkdən ötrü qaçıb soyuducudakı soyuq suyu başıma çəkmək istədim. Bu zaman daha bir dəvətnamə buz dolabından tarappıltı ilə üzüqoylu düz ovcuma düşdü.

Bəli bir filmdə deyildiyi kimi, bu dəvətnamə ki, var ha, çox qəliz məsələdir - həm qəlizdir, həm zülümdür, həmdə ki, vacib.

# 5514 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #