Sevgi sadəcə basdığımız düymədir

Orxan Həsəni, gənc yazar

Orxan Həsəni, gənc yazar

30 aprel 2022
# 09:00

Kulis.az Orxan Həsəninin "Mən səni sevirəm haqqında mahnı" yazısını təqdim edir.

Sevgi sadəcə basdığımız bir düymədir

Bir mahnıdan

Bir nəğmə insana ən çox nə deyə bilər?

Musiqinin ruhu yeni və özünəməxsus hekayə danışır, yoxsa, içimizdəki hekayəni üzə çıxarır?

Çox sevdiyimiz mahnılarda bizi şok effekti ilə vuran təsirin səbəbi nədir?

Bu gözəl, mübarək bahar həftəsində Alt-J qrupunun 3WW mahnısı ilə mücərrəd sualların axtarışına çıxacağıq.

Əvvəlcə qrup haqqında.

Alt-J 2007-ci ildə İngiltərənin Lids şəhərində yaradılan indie rok qrupudur. İndie rok 1970-ci illərdə ABŞ və Böyük Britaniyada yaranan rok musiqisinin alt janrıdır. Bu ad alternativ, müstəqil rok mənasını verir. İndie rok qruplarının əsərləri eksperimentaldır. Onlar hər hansı studiyanın himayəsinə keçmədən öz vasitələri ilə musiqilərini təbliğ edirlər.

“Indie” sözü İngilis dilindəki “independent” sözünün qısaldılmış formasıdır.

Azad və müstəqil deməkdir.

Qrupun əsl adı üçbucaq formalı “Δ” simvolundan yaranmışdır. İşarə Yunan əlifbasındakı D hərfini ifadə edir.

"Alt-J" Apple Mac kompüterində Δ simvolunu yaratmaq üçün istifadə olunan açar ardıcıllığından gəlir: Alt+ . J

Qrupun mahnı sözləri tarixi hadisələri və pop-mədəniyyət mövzularını əhatə edir. Bir mənada bu qrup dövrümüzün ozanına çevrilir. Günümüzün dəyərləri, dəyərsizliyi, zövqləri, narahatlıqları, sevincləri və təsirli epizodları onun ovcunda sənətə dönüb xırdalanır. Pop-mədəniyyətin parçasını inşa edən filmlər, məkanlar, hadisələr qrupun əsas mövzularını əhatəsinə yığır. Beləliklə, Alt-J musiqinin gücü ilə günümüzün miflərini inşa edir. Necə ki, qədim ozanlar əsrlər öncə dövrün gerçəkliyini mifləşdirə bilmişdilər.

Alt-J qrupunun oxuduğu “Mathilda” mahnısını çox sevirəm. Bu mahnı otuz ilin ən təsirli və populyar filmlərindən biri olan Lyuk Bessonun çəkdiyi, Jean Reno və Natali Portmanın baş rollarında oynadığı “Leon” filmi haqqındadır. “Leon” filmi pop-mədəniyyətin ən bariz örnəklərindən biridir. Mahnının süjeti filmin təsirli sonundan, Leonun qumbaranın sancağını çəkdiyi andan bəhs edir. Bircə an mahnıda əbədiyyət qazanır. Kağızdan hisslərimizi uşaq əlindəki qələmlə cızıq-cızıq edir. Həzin səs. “Leon” filmini ilk dəfə izləyəndə həmin səhnənin uzun müddət təsirinə bulanmış, dəfələrlə izləyib qatı dumanında azmağa çalışmışdım. Bəlkə, belə insan münasibətləri yalnız filmlərdə olar? Ölümlə bu qədər kirlənmişkən həyatı necə sevəsən, ondan özgəsinə görə imtina edəsən? Filmin sonunda Leon ona atəş açan komissarın ovcuna qumbaraların çaxmağını sıxır. Cazibəli səhnə. Üzündə uzun yoldan sonra ayaqlarını uzadıb dincələn adamın ifadəsi həkk olunmuş. Qanlı əllər və boşluğa dikilən baxışlar ürəyimizə həmən od qoyur. Və Leon son sözlərini deyir: Bu Mathildadandır.

Hər şey Mathilda üçün imiş.

Qumbaralar partlayır. Yalnız Mathilda sağ qalır.

Həyat onun üçündür.

Mahnı boyu “Bu Mathildadandır”, “Bu Mathilda üçündür” ifadələri təkrar olunur. Filmin qüssəli atmosferinə ağı kimi oxunan mahnı bütün divarları dağıdır və filmin ruhundan çıxan gerçəkliyi dinləyicilərin ürəyinə nizə kimi batırır.

“Qumbara sancağını əlinizə qoyun ki, kimin boss olduğunu başa düşəsiniz”

Bir mahnıdan daha artığı. Bizə özgə hekayələri danışaraq öz hekayəmizi göstərməsi.

Alt-J qrupunun ən gözəl mahnılarından biri 3WW-dir. Bu mahnı “Relaxer” albomunun açılış trekidir. “Relaxer” qrupun 2014-cü ildə çıxan “This Is All Yours” albomunun davamıdır. Qrup bu albomda cəlbedici hekayələr və çoxqatlı melodiya vasitəsilə tənhalıq, romantika və cinsi istəklərin mürəkkəbliyindən ilham alır. Mahnı 6 mart 2017-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. 3WW mahnıda oxunan “üç köhnəlmiş söz” (three worn words) sözlərinin qısaldılmış halıdır.

Mahnı zərif səsi ilə Qərbi Afrika melodiyasını ruhunu daşıyır, mücərrəd, erotik hislər bəxş edir və kədərli eşq, əbədi ayrılıq, unudulmuş adətlər, özündən imtina, sədaqət mövzusunda şahəsər təqdim edir. Ətrafdadakı açıq səslər, yumşaq piano və yüngül, dibdən yüksələn zərb alətləri səs olub eləcə fırlanır… fırlanır. Onların ruhundan toxunan yeni səs ərazisi və sözlərdəki sirr mənə bu qrupu niyə sevdiyimi xatırladır.

Bir dikbaş oğlan var idi

Çölə çıxdı bir səhər

Yer onun yatağı olacaq

Göy onun kölgəsi

Neon, neon, neon

Gitaralar və zərb alətləri Unger-Hamiltonun səsinə yol açmaq üçün dayanır, dinləyicilərin diqqətini oğurlayır və beləcə nağıl başlayır. Mahnı İngiltərə sahillərində bir axşam "dik baş oğlan”dan və onun romantik xilas-qaçış hekayəsindən danışır. Alt-J bizi iki qütbə ayırır və hər ikisi haqqında düşündürür: cəmiyyətin emosional tətmini, özünü axtarışı və cəmiyyətin seksə olan birmənalı yanaşması. Məhəbbət axtaran yalqız və dikbaş oğlan məhəbbəti tapa bilmir və nəticədə romantikanı cinsi əlaqədə gəzir.

Oh, bu üç köhnəlmiş söz

Oh, izn ver Veronadakı turistlərin ovuşdurulan əlləri kimi pıçıldayım

Mən səni öz dilimdə sevmək istəyirəm

Xor dinləyicini təəccübləndirir: Rahat və tanış, gitara ilə addımlayan fon öz yerini fortepianoda Unger-Hamilton və Nyumanın oxuduğu akkord irəliləməsinə verir. Hekayə indi arzudan tənhalığa və məhəbbətə yol açır: Dikbaş oğlan öz hekayəsini birinci şəxsin dilindən danışır. “Bu üç köhnəlmiş söz” və “pıçıldamaq” həsrətin sözçüsüdür. “Mən səni sevirəm”. Romeo və Cülyettaya keçid. “Ovuşdurulan əllər” ifadəsi Veronadakı Cülyetta heykəlinə işarədir. Deyilənə görə onun sinəsinə əllərini sürtən insanlar məhəbbəti qazanacaqlar. Bu heykəl də “Mən səni sevirəm” sözü kimi toxunulmaqdan köhnəlib.

“3WW”in ən yaddaqalan, sentimental misrası: “Mən səni öz dilimdə sevmək istəyirəm”-dir. Bu zaman bütün alətlər arxa plana keçir və Unger-Hamilton və Newmanın harmoniyası dinləyiciyə xam, bənzərsiz emosiya bağışlayır. Həmin sətir oxunduqdan sonra xordan növbəti misraya keçid piano və gitara vasitəsi ilə rəvan həyata keçirilir ki, bu da mahnıya başlayan tanış melodiyanın geri qayıtmasına yol açır.

Ellie Rowsell hekayəyə qadın perspektivini əlavə etmək üçün qonaq olur. O, İngiltərənin Hornsea şəhərinə qısılan sahil zolağının aşınmasından danışır. Bu, bəlkə, sevginin köhnəliyini, aşınmasını simvolizə edir? “Sevgi sadəcə basdığımız düymədir”. Onlar üçün sevgi və seks heç bir məna kəsb etmir, əksinə düyməyə basmaqla asanlıqla yanıb-sönür.

Rowsell son hissədə xorla Nyumana qoşulur. Onun səsinin əlavə edilməsi, səslərin harmoniyası lap dərinlərdə hər kəsin, hətta Hornsea şəhərindən olan qızların da sevgi axtarışında olduğunu göstərir. Mahnının ən emosional xətti məhz buradır.

“Mən səni öz dilimdə sevmək istəyirəm”.

Viideo onun sözləri qədər maraqlıdır. Təqdimatdan bir ay sonra 13 aprel 2017-ci ildə musiqi videosu yayımlandı. Rejissor Aleks Takacs idi. Video ağ-qara çəkilmişdi. Uzun, 90 saniyəlik instrumental təqdimat dinləyicini ümumi atmosferə qonaq edir, onu sərin-sərin isidir, mətləbə hazırlayır, rahatlıq bəxş edir.

Videonun enerjisi Bela Tarrın, çox sevdiyim yazıçı Xuan Rulfonun dünyasına çox bənzəyir. Bu şüurlu şəkildə nəzərdə tutulub ya yox, bilmirəm, ancaq videodakı dağ mənzərləri mənə dövrün Meksika kino estetikasını da xatırladırdı.

İlk səhnə bizə uzaq Meksika dağlarının əhatəsində yaşlı və gənc qadını göstərir. Yaşlı və gənc əllər quru torpağı eşir və bitkinin forması ağ-qara görüntülərdə biçim qazanır. Gənc əllər bitkini çəkib çıxarmaq istəyir, yaşlı qadın isə onu öz dilində təlimatlandırır.

– Onu kökündən çəkmək lazımdır. Möhkəm ol. Və söylə: Biz əzab çəkirik!

Və gənc əllər işə düşür, bitkini kökündən çəkərkən qaranəfəs, ürkək söyləyir:

– Biz əzab çəkirik!

Arxada uzaq Meksika kəndi, kəndin küçələri, adamlar, dalanlar, gənc əllərin sahibi qız və onun sevgilisi. Böyük hərflərlə eqzotika. Nəhayət yaşlı və gənc qadın yenidən ağacın altındadır. Gənc əllər söyləyir:

Ağrıdacaq? – o öləcəyini bilir.

Bilirsən, dünyaya necə gəlmisən? – yaşlı və şəfqətli əllər söyləyir – Ananla atanın dodaqlarının arasından bir heca keçdi. Beləcə sən bu dünyaya gəldin.

Hamımız bir hecayıq, əziz dostlar.

Gənc qadının ölür və onun gözlərinə köhnə katolik adətlərinə görə qəpiklər qoyulur, üzünə tül pərdə çəkilir. Sakinlər və rahib onun tabutunu çiynində kəndin içi ilə aparırlar. Tabut kənddən çıxır, ancaq indi o yalnız dörd adamın çiynindədir. Yolda müəmmalı bir adam yolçulara qatır bağışlayır. Gecə mərhumun sevgilisi tabutu qatıra yükləyib qaranlıqda yola çıxır. Onlar indi yalqızdır. Dağlar tək yalqız. Gənc oğlan sərt hava və itlərlə üzləşir. Tabutun açıldığı və gənc qadının oğlanın cəsədini çəkdiyi son səhnələrdə görünür. Ölüm hər ikisini yaxalayır və gənc qadın əlləri qəpikləri öz gözündən çəkib oğlanın gözlərinə qoyur. Ölümün simvolikası.

Alt-J qrupun hekayəsi bizə daha dərin bir dünyada yaşadığımızı izah edir və öz hekayəmizi xatırladır. Dünyanın uzaq Meksikasında ölüm və sevgi haqqında nəğmə oxunur. Bu nəğmə bizi tutur və silkələyir. Mahnının sözləri və onun videosu arasında hüznlü bir uyğunluq var. Bir hissədə məhəbbət arxasınca qaçan yalqız oğlanın, digərində həyatın məşum və əbədi qanunu üzündən sevgilisini itirən oğlanın hekayəsini görürük. Və hər iki hekayə bizə eyni ahənglə toxunur. Bu hal nadir sənət nümunələrində uğurla başa gəlir.

# 2957 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #