Rəşad Dağlının deyişmələri meyxana üçün ləkədir

Ağalar Qut, filosof

Ağalar Qut, filosof

11 noyabr 2022
# 19:34

Kulis.az Ağalar QutunQatillərə meyxanada yer olmamalıdıradlı yazısını təqdim edir.

Təxminən beş-altı ay bundan qabaq Yutuba yerləşdirilən video söhbətdə meyxana barəsində danışarkən bu sənətin əvəzsiz folklorik sərvətimiz olduğunu demiş, meyxana sənətinin ağlın çox da iştirakı olmadan göylə yer arasında ritmin və dilin ahəngi vasitəsilə meydana gələn mistik bir kanal olduğunu söyləmişdim. Lakin dediklərim arasında iki vacib cümlə də var: “Mən meyxanaçılardan yox, meyxanadan danışıram.” Rəşad Dağlının adını çəkmədən, amma məhz onu nəzərdə tutaraq (bəli, məhz onu nəzərdə tutaraq!) dediyim bir cümlə də var o müsahibəmdə: “Meyxanada təhqirə, söyüşə yol verənlərin, deyişmə əsnasında öz rəqibinə əl qaldıranların meyxanadan xəbərləri yoxdur!” Niyə belə demişdim və nə üçün məhz Rəşad Dağlını nəzərdə tutmuşdum?

Bizim kulturamızda, dəbdə olan terminologiya ilə desək, “demokratik” bir janr var – deyişmə janrı. Aşıq deyişmələri və meyxana deyişmələri. Xalqımız deyişmələri onun üçün yaradıb və yaxud yaşadıb ki, insanlar dalaşmadan, söyüşmədən, vuruşmadan, bir-birlərini öldürmədən, söz vasitəsilə bir-birlərinə iradlarını, şikayətlərini, narazılıqlarını yetirsinlər. Deyişmə – müasir Qərbdəki debat janrının qədim ədəbi-poetik formasıdır. Əgər sən deyişməni dayandırıb kimisə yumruqlamağa başlayırsansa, deməli, sən söz və deyişmə səhnəsində öz məğlubiyyətini elan etmiş olursan. Mən Rəşad Dağlının meyxana deyişmələrində dəfələrlə bu halın şahidi olmuşam.

Bəzən həftə sonlarında, bəzən yorğun gecələrdə, bəzən xoş bir əhvalda adam özü-özünə bir az dincəlmək haqqı da verir, Yutubu açıb bir az meyxana dinləmək istəyirsən, ana dilimiz vasitəsilə qarşılıqlı ritmik və xoş sancmalara, dadlı-duzlu zarafatlara qaytarılan spontan cavabları dinləmək istəyirsən. Amma nə görürsən? Rəşad Dağlı deyilən bir adamın əsəbi, aqressiv, pörtmüş halda ayağa qalxıb qışqıran, sözlərini əlləriylə deyən (bədən dilində əlləriylə döyən!) bir adamı. Bütün ovqatın təlx olur. Bu qəzəbli adamın deyişmələri mənə həmişə meyxana sənəti üçün ləkə kimi görünüb. Mən bu şəxsi arada meyxana da deyən potensial cani kimi hiss etmişəm həmişə, intuisiyam məni aldatmadı. Müsahibəmdə məhz onu nəzərdə tutmağımın səbəbi bu idi.

İndi məlum olur ki, bu şəxs, hətta bundan qabaq öz meyxanaçı dostunu da bıçaqlayıbmış. Buna oxşar başqa bir meyxanaçı da vardı, Məşədibaba Aydəmirov. Əvvəl qatil oldu, sonra özünü yandırdı. O rəhmətlik də həddindən artıq acı, aqressiv, alçaldıcı bir üslubda danışırdı. Axırda da acığından və acılığından özünü yandıraraq öldürdü. Qərbdə belə şəxsləri dərmanla müalicə edən psixiatra yönləndirirlər ki, onlar cinayət törətməsinlər, intihar etməsinlər. Aqressiv adamlar başqaları üzərində zorakı üsullarla iqtidar qurmaq istəyən, onları ayaqları altına almaq istəyən adamlardır və əsla hörmətə layiq ola bilməzlər. Açın, dinləyin Rəşad Dağlının istənilən bir deyişməsini, görün orada şeiriyyətdən, incəlikdən, zərafətdən, gözəllikdən nəsə tapa biləcəksinizmi?

Əgər sırf mentalitetdən yanaşacağıqsa, narkotika əkib becərənlərin ünvanına meyxana vasitəsilə, “apar birinci onu ver evinin içindəkilərə, ana-atan becərsin” demək nədir? Adama deməzlərmi ki, sən bu sözləri deməklə, son aylarda narkoticarətə qarşı kəskin tədbirlər görən hüquq-mühafizə orqanlarınamı yarınmaq istəyirdin? Yəni sırf mentalitetdən yanaşdıqda bunlar da var. Başqa bir tərəfdən, ölkəmizdə şiəçiliyin (oxu: irançılığın) meyxana vasitəsilə təbliğatçılarından biri elə Rəşad Dağlı deyildimi?

Tanınmışlıq, söz sənətkarı və yaxud savadlı olmaq və s. heç kimə toxunulmazlıq hüququ vermir. Qarşı tərəf özünü müdafiə edə bilmir, bəlkə də ictimai qınaqdan çəkinərək hətta şikayətçi də olmayıb deyə, az qala qatili milli qəhrəman edərcəsinə müdafiə etmək yumşaq desək ölkəmiz üçün biabırçılıqdır. Görünür, artıq kütləvi psixoz vəziyyəti yaranıb, az qalıb desinlər, gəlin adama bəraət verək, böyründə də təşəkkürnamə. Televiziya kanallarında “Gərək belə olmayaydı, lənət şeytana, günah öləndədir, Rəşad kişidir, Rəşad qabağından yeyən oğlan deyil” kimi fikirlər yeniyetmələr və gənclər üçün ölümcül təhlükəli təbliğatdır.

Meyxana sənətində kübar meyxanaçılar da var; məsələn, Mahir Cürət, Vüqar Əbdülov, Namiq Məna, Namiq Qaraçuxurlu, mərhum Vüqar Biləcəri və başqa adlarını indi unutduqlarım. Bəyəm, onlar öz deyişmələrində qışqırmadıqları, təhqir etmədikləri, yumruq atmadıqları üçün Rəşaddan aşağı meyxanaçılardırlar?! Mənim fikrimcə, meyxana sənətinin canı bu şəxsin hər mənada ziyanlı üslubundan ən azından bir neçə il qurtulmuş olacaq. Təkrarsız folklorik sərvətimiz olan meyxana sənətində cani və qatillərə yer olmamalıdır!

# 5331 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #