Qayınatasının ayaqlarını yuyan 17 yaşlı gəlinlər

Qayınatasının ayaqlarını yuyan 17 yaşlı gəlinlər
15 dekabr 2021
# 10:56

Ps: Bədii kompozisiyanı kobud şəkildə pozub yazının final hissəsini başda verirəm.

Lerikdən Bakıya qayıdıram. Qıvrım yolları burulduqca ayaqlarım bir tərəfə, bədənim başqa bir tərəfə uzanır. Yanımda orta yaşlı bir qadın oturub. Özümü bir az yığışdırıb, yola baxmağa davam edirəm.

Lənkərana çathaçatda narın, incə bir yağış başlayır. Həmişə belə düşünmüşəm ki, yağış qadın cinsindədir. Qulaqlıqda Yaqub Zürüfçü – “Yenə Dəniz” mahnısını oxuyur.

“Bəlkə də, bir xəyal imiş,
Mavi sular naxış, naxış”.

Mahnının fonunda yağış damcıları pəncərəyə toxunub, itib gedirlər. Hiss edirəm ki, şəraitdən asılı olaraq romantik bohemliyim tutub. Tanış yerləri sürətlə keçdikcə, nəmli torpaq qoxusunu ciyərlərimə çəkmək istəyirəm. Amma mənim oturduğum tərəfin pəncərəsi açılmadığı üçün, ön tərəfdəki şüşəni açmağını sürücüdən xahiş etməyə utanıram. Bu anda ən arxada bir uşağı maşın tutur və qaytarmağa başlayır. Atası həyəcanla şüşələri açıb, uşağı üçün təmiz hava istəyir. Yaqub Zürüfçü hələ də oxuyur. Sürücü pəncərələri aşağı salır. Yerimdə yayxanıb, diqqətlə çölə baxmağa başlayıram. Çətirli insanlar ora-bura qaçışırlar. Təmiz hava, torpağın ətri, musiqi, rahat yerim, üzümə dəyən yüngülvarı yağış qarışıq külək. Sanki hər şey həmin an mənim üçün yaradılmışdı. O uşaq da mənə görə qusurdu, yağış da mənə görə yağırdı, adamlar da mən baxım deyə qaçırdılar. Bir anlıq hər kəsə lazım olacağımı hiss etdim…

Rayonun özündən danışılacaq elə də böyük bir şey yoxdur. Çünki rayonda danışılacaq nə böyük şey var, nə də böyük yer. Bir rayon/şəhər (qəsəbə)-da/də olmalı nə varsa, hamısını fikirləşin. Restoranlar, gənclər kompleksi, çoxlu istirahət məkanları, idman zalları, köşklər, 24 saat işləyən market, aptek və s. Bunların heç biri Lerikdə yoxdur.

Artıq adam da qalmayıb, ziyalısı da, kəndlisi də bacardıqca Bakıya qaçmaq istəyir. Bu ayrı yazının mövsuzudur. Orda uzunçuluq edərik.

Ən məşhur kəndlərindən birinə, B kəndinə qonaq gedirik. Yol boyu, bir çox kəndləri ötüb keçirik. Görürəm ki, insanlar artıq şoxum (belləmək) vurub, kartof əkməyə başlayıblar. İlahi, necə əziyyətli görünür. Bakıya bunun üçün qaçırlar. Mən də olsam, mən də qaçaram.

Cığır yol ilə axır ki, son mənzilə çatırıq. Evə çatan kimi, xoruzlar, itlər, bir də 17 yaşında evləndirilmiş, adamın gəlin deməyə dili gəlmədiyi gəlinlər qapıya çıxıb, gələnləri qarşılayır. İlk baxışdan anlayıram ki, bu körpə qızların buralarda dəyəri azdır. Çox qəribədir ki, otur deyəndə oturan, dur deyəndə duran, ömürlərini mətbəx və qonaq otağı arasındakı yolda keçirən və dünyaya uşaq gətirən bu gəlinlər həyatlarından çox məmnundurlar. Bir anlıq özümü qayınatasının, qaynın daha sonra ərinin ayaqlarını yuyan 17 yaşlı gəlinin yerində təsəvvür edirəm. Şekspirin faciələri, bu səhnənin yanında komediya kimi qalar. Dəhşətdir. Çox heyf.

Bir az sonra mənə məlum olur ki, su yoxdur. Eşşəklə kəndin bircə bulağından su gətirməliyik. O bulağa da yarım saatlıq yol var. Su dolu balonlarla yüklü eşşəyin yeriyib qayıtmağı da ən azı bir saat, deməli 50-60 litr (iki-üç gün bəs edəcək) su üçün bir saat yarımlıq vaxt lazımdır. Bunun hələ eşşəyi tövlədən çıxarmağı olsun, palan bərkitməyi olsun, su dolu qabları eşşəyin üstündən asmağı olsun, yoxuşlu yollar çıxıb-düşməyi olsun, eşşəyin tərsliyi olsun, elədi 2 saat. Su kəsilən kimi, AzərSu-nun operatoru ilə necə əsəbi şəkildə danışmağım yadıma düşdü. Nankorluq metropollarda haqqını tələb etməkmiş sən demə. İlahi necə dəhşətdir. Bakıya bunun üçün qaçırlar. Mən də olsam, mən də qaçaram.

Qeyd: Kənddə tək yaşayan yaşlılardan biri yolda öz qablarını da bizə verdi ki, mənim üçün də su gətirin. Yazıq eşşəyin belində yer olmadığı üçün, onun qablarını əllərimizlə daşımalı olduq. Ağzın nədir ki, həmin qocaya deyəsən eşşəyimizdə yer yoxdur. Bu mümkünsüzdür.

Kənd adamları qəlibləşmiş mədəniyyət və hörməti aşa bilmədikləri üçün ürəkləri təmiz qalır. Bilmirəm bu yaxşıdır, yoxsa pis. Qocaya orda eşşəkdə yer yoxdurmu demək lazım idi, yoxsa 20-30 litr suyu əllə dağdan gətirmək. Üstəlik, bu sənin işindir, buna görə heç kim səni təqdir etmir.

Günorta yeməyini yeyəndən sonra, meşəyə odun gətirməyə yollanırıq. Bu əlbəttə mənim ürəyimcə olur. Çox uzun yol qət etdikdən sonra axır ki, gəlib meşəyə çatırıq. Yam-yaşıl ağaclar, yanımızda bir it, atlar, təmiz hava, göz yaşı kimi bulaqlar. Adam burdan Bakıya niyə qaçar? Anlamıram. Görürəm ki, mənə heç bir iş buyurmurlar. Bu hörmətdən istifadə edib, uzanıram və ətrafı izləyirəm. Bu qədər yol gəldikdən (hələ qayıdacağıq) sonra necə olur ki, baltanı çıxarıb odun doğraya bildiklərinə mat-məəttəl qalıram. Əlimi tərpədəcək halda deyiləm, onlar isə hələ bir günlük odun doğrayacaqlar, hətta daha çox doğrayırlar ki, satsınlar. Hər gün iki dəfə, – bir dəfə özləri üçün, bir dəfə də satmağa – meşəyə gəlirlər. Anlayıram ki, onlar bura meşənin gözəlliyindən zövq almağa, hayıl-mayıl olmağa gəlməyiblər. Onlar can hayında, yaşayış hayındadılar. Mənsə meşədə oturub, keçmiş sevgilimi düşünə-düşünə siqaret çəkirəm.

Son sözlər:

Mən elə fikirləşirəm ki, kənddə həyat dayanıb. Zaman durub. Dağın başında inəklərini gözləyən qoca kişi həmişəlik ordadır, əlində balta ilə harasa gedən cavan oğlan daima orda qalıb. Əllərində çörək, soğan tutmuş qız uşaqları əbədilik palçığın içində dayanıb yeyirlər. Kəndin mollası məscidin qabağında sonsuza kimi donub qalıb. Kəndin qızları bulaqdan su gətirməyə gedəndə ömürlük orda qalıblar. Yaşlı bir qadın pilləkənlərdə oturub kartof soyur, yaşıl bir “Vilis” dağ yolunu dırmaşır, cavan oğlanlar domino oynaya-oynaya söyüş söyürlər, dul arvadlar pəncərədən uzaqlara baxır və darıxmağa utanırlar, xəstə qocalar ölüm ayağındadılar. Orta yaşlı bir ata ayın axırını necə gətirəcəklərini düşünür. Bir ana xəstə doğulan körpəsi haqqında xəyala dalıb. Qızlar yığılıb Mustafa Ceceliden danışırlar. Anatoli Banşevski hələ də Neftçidə, Ronaldinyo hələ də Barselonadadır. Dolların qiymətini bilməsələr də, əmindirlər ki, Azərbaycan dünyada ən güclü ölkədir. İnternetə çıxışları yoxdur. Axşam işıqlar sönəndən sonra bir-birinin evinə yığışıb biçəcəkləri ərazilərdən, evlənmiş cütlüklərdən, öz həyatlarından, qohumlarından, keçmiş qurban bayramından, gülməli xatirələrindən danışırlar. Onlar hələ də Sovetin dövründə yaşayırlar. Onların pul vahidi şirvandır. Yüz manata bir paçka deyirlər. İki yüz manata iki paçka. Onlara görə İranda hər şey ucuz və hər kəs alimdir. Ölünü də dirildəcək həkimləri var. Onlar üçün 16-17 yaşına çatmış qız evləndiriləcək yaşdadır. Onlar qızlarını dərsə kişi müəllimin yanına göndərmirlər ki, qızın adı çıxar. Günəşlə yatıb, günəşlə oyanırlar. Tək xoşbətlikləri isə Xoşqədəm, Zaur yaxud Elgizin verilişləridir. Öpüşmə səhnələrində hələ də üzlərini çevirib, kanalı dəyişirlər.

BU DURĞUN TRAYEKTORİYANIN İÇİNDƏN HƏZİN BİR MEH ƏSİR. Səhər açılır və 4 nəfərlik “Niva”ya 7 nəfər sığışıb, rayona – mədəniyyət-diyarına qayıdırıq…

# 4653 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #