O adamların dərisini soyub, şaqqalamaq lazımdır!

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

4 avqust 2022
# 09:00

Kulis.az Zamin Hacının “Bakı da bir yaylaqdır” adlı yazısını təqdim edir.

Hardasa 10-15 il qabaq müsəlman dindarlarımızın başına qəribə əhvalat gəlmişdi. Onları Məkkəyə, Həcc ziyarətinə aparan turizm firması hacılığa namizədlərimizi darısqal, məişət şəraiti yaxşı olmayan otaqlara yerləşdirmişdi. Yemək-içməklərində (bizdə “yemək-içmək” adətən pis və haram mənada anlaşılır, lakin burada halal nemətlərdən söhbət gedir), ziyarət obyektlərini gəzişmək üçün nəqliyyat vasitələrinin təşkilində də ciddi problemlər yaranmışdı və az qala hər gün ordan fəryad səmaya ucalırdı. Zəvvarlarımız televiziyaların canlı efirinə qoşulub ağlaşırdılar, deyirdilər gəlin, bizi xilas edin, hamımız öləcəyik və sairə.

O zaman mən “Müqəddəs yerdən bezən” (yadımda təxminən belə qalıb) adlı bir köşə yazmışdım. Zəvvarlarımızın saf niyyətinə şübhə etmişdim.

Doğrudan da, əgər sənə qismət olubsa, minlərlə adamın içindən seçilib inandığın dinin ən müqəddəs məkanına gedə bilmisənsə, orda hansı komfortu axtarırsan? Qədimlərdə insanlar bu yolu atla, eşşəklə, piyada, min zülümlə gedərdilər. Bəzən də heç gedə bilməzdilər. Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərinin süjeti Məmmədhəsən əminin məhz belə nakam ziyarət arzusu üzərində qurulmuşdur. (Orda marşrut bir az fərqlənirdi, kişi kərbəlayı olmaq arzusundaydı, ancaq böyük fərqi yoxdur). O qızıldan qiymətli, lakin uca millətimizin son otuz ildə nədənsə cırıb atdığı və heç yada salmadığı müqəddəs əsərin bir yerində Məmmədhəsən əmi yola hazırlaşan zəvvarlara məktub verir, yanıqlı səslə deyir: “Apar, qardaş, apar... O ərizəni apar... Apar həzrət Abbasa. Apar... Mən gedə bilmədim... Gedə bilmədim. Qoymadılar. Məni qoymadılar... Mənim eşşəyimi oğurladılar. Yedilər. Satdılar. Apar, ərizəni apar. Mən gedə bilmədim...”

Çox kədərli səhnədir. Mən hər dəfə bu yeri oxuyanda duzlu göz yaşlarına boğuluram. Gör qədimlərdə insanlar Kərbəla ziyarətinə getmək üçün hansı zülümlərə düşürmüş. İndi, namxuda, Bakıda, Nizami metrosu tərəfdə neçə dənə ziyarət turizm firması var. Beş-on manat verirsən, rahat gedib gəlirsən.

Əlbəttə, bu uzun girişdən sonra diqqətli oxucular mənim Milli Yaylaq Festivalı ətrafında qalmaqala diqqət ayıracağımı, bir böyürdən Mədəniyyət Nazirliyini gülləbaran edəcəyimi gözləyirsə, səhv edir. Şair demişkən: “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”. (Burada hörmətli mədəniyyət nazirimizin Füzuli rayonunda doğulmasına mistik işarə vardır. Elə mən özüm də istər-istəməz həmyerlimi müdafiə etmək qərarına gəlmişəm. Kimdən əskiyik?).

Əziz dostlar, yoldaşlar, gəlin hər bir işin təşəbbüsünü dövlətin üzərinə yıxmayaq. Məsələn, deyirlər yaylaq festivalında bizə yemək verilmədi, ac-susuz qaldıq. Bakıdan gedəndə kolbasa-çörək, buterbrod düzəltmək, termosda çay aparmaq olmazdımı? Maraqlıdır ki, nazirliyi tənqid edən həmkarlarımızdan Samirə Əşrəf bu yaxınlarda bəzi yazarların pinti görkəmli olmasını, əyin-başına fikir vermədiyini tənqid etmişdi. Lap gözəl. Ancaq bizim xanımların, anaların, nənələrimizin də qədimdən bəri həmişə içi dolu səfər boğçası, xurcunu olubdur. Mən də səfərə boş çanta ilə gedən qadın jurnalistləri tənqid edirəm, əcəb edirəm. Üstəlik özün tərəkəmə uşağısan. Mənim anam tərəkəmə qızıdır, hələ yadıma gəlmir harasa yola çıxanda çantasında bir tabaq çörək, yumurta soyutması, dana qovurması, qoyun şaqqası, kürü yaxmacı, makaron, motal pendiri, yuxa, fəsəli, kətə, quyruq, xan kababı, ləvəngi, brokkoli, biskvit, alma qurusu, yarpaq dolması, xəngəl, pörtlədilmiş armud və dilimlənmiş kolbasa olmasın. Həm özümüz yeyirik, həm avtobusdakı, qatardakı, təyyarədəki adamlar qonaq olur. Deyə-gülə mənzil başına çatırıq, heç kim də narazı qalmır. Müdriklər demişkən, qaranlığı söyüncə, özün bir buterbrod düzəlt. Maşallah, inflyasiya buna imkan verir, hər yerdə kənd təsərrüfatı yarmarkaları vardır.

Biri deyir nazir niyə kino çəkmir. Guya Amerikada kinonu Mədəniyyət Nazirliyi çəkir. O biri deyir teatr pis gündədir. Üçüncüsü deyir nazir gəlsin mənim əvəzimdən qızlara şeir yazsın. Az qalırlar evin sanitar qovşağını nazirliyə təmizlətsinlər. Ay qardaşlar, bəsdirin. Ay bacılar, niyə siz yaradıcılıq baxımından azad olmaq istəmirsiniz, elə dövlətin çətiri altına cumursunuz? Vallah, azadlıqdan gözəl heç nə yoxdur. Nə yaylağa gedirsən, nə çaylağa düşürsən, nə daylağa minirsən, nə palçığa batırsan. Tarixən sübut olunub ki, ən azad və yaradıcı adam ac olmalıdır. Hətta yaxşı olar yaradıcı adamın dərisini soyub, şaqqalayıb, vərəmlədib, öldürsünlər. Əsas odur axırda xalq tərəfindən sevilir. Bu dəqiqə Bakının mərkəzində bir acından ölən, bir dərisi soyulan şairin heykəli var, qalanları yadıma düşmədi, heç həvəsim də yoxdur.

Lakin belə tənqidi situasiyaların yaranmasını önləmək olar, bunun üçün hörmətli Mədəniyyət Nazirliyinə təklif edirəm növbəti Milli Yaylaq Festivalını elə Bakıda, gözəl, işıqlı, geniş, şaqraq mədəniyyət salonlarından birində keçirək. Niyə nahaq yerə dağa-daşa düşürük, media nümayəndələri, şəhər sakinləri və nəğməli qonaqlarımız narazı qalırlar? Adında “yaylaq” sözü varsa, festival mütləq yaylaqda olmalı deyil. Eyni məntiqlə gərək qara dəliyə aid elmi konfransı astrofiziklər qara dəliyin içində keçirsinlər. Yaxud, qədim tariximizə aid festivallar olur, biz o zaman keçmişə səyahət etmirik ki?

Bakıda elə mədəniyyət sarayları var, onun səhnəsində alaçıq qurmaq, lavaş yaymaq, güləşmək, dəvə yağlamaq, yallı getmək çox asandır. Nəinki asandır, hətta mümkündür.

Tədbir paytaxtda olsa, buterbrodun içindəki xiyar dilimləri də təzə qalar.

Hələ bir elmi versiya da var ki, İçərişəhərdəki saray Şirvan şahlarının məhz yay iqamətgahı, açıq desək, yaylağı imiş. Şah yayda bura gəlir, dənizdə çimir, quma uzanır, qarğıdalı yeyib qış yürüşləri üçün enerji toplayırmış. Tarix Muzeyində şahın çimərlik geyimi indiyə qədər qorunub saxlanır. Yazda özüm görmüşəm, Rafael müəllim göstərib. Həmin gün bu eksponatı Ədəbiyyat Muzeyi müvəqqəti nümayiş üçün almışdı.

# 3159 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #