Əlixan Rəcəbovda niyə alınmır?

Əlixan Rəcəbovda niyə alınmır?
26 avqust 2021
# 12:03

Əlixan Rəcəbovun yeni “Faberje” qısametrajlı işi Hollivudun klassik kriminal filmlərinin sxemini və süjetini xatırladır.

Diqqətimi çəkən ilk şey Əlixan Rəcəbovun öncəki işlərindən fərqli olaraq, təsvirə nisbətən yaradıcı münasibətin göstərilməsi idi. Misalçün, operator Orxan Məmmədov ekspozisiyanı bir planla sabit, dəqiq ritmlə, rəvan işləyir. Və fasiləsiz planda bütün personajlar haqda konkret mizan və vəziyyətlərlə ilkin informasiya verilir.

Bundan başqa montaj sadəcə, texniki funksiyanı yerinə yetirmir. Yəni doğru montaj vurğularıyla personajların emosional durumu açılır, hekayədəki şübhəçilik, həyəcan atmosferi gücləndirilir. Baş verəcək cinayətə tamaşaçı təmkinlə hazırlanır, hadisə psixoloji konflikt səviyyəsində qurulur. Finala doğru vəziyyətin katastrofik həddə çatması ilə triller janrının xüsusiyyətlərinə istinad olunur.

Hadisələr bərbərxanada baş verir. Alikin (Əlixan Rəcəbov) nə vaxtsa ucuz qiymətə əldə etdiyi Faberje (1885-1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlanmış zərgərlik məmulatı) yumurtası bərbərxanada yoxa çıxır. Oğurluq hadisəsi orda olan hamını bir-birindən şübhələndirir.

Əlixan kamera tipli kriminal filmdə süjeti inkişaf etdirə, çoxpersonajlı hekayədə intriqanı sonadək saxlaya bilir. Əhvalatın ortasında Faberje, finalda isə personajların sonrakı taleyi haqda kadrarxası informativ mətn reportaj üslubuna əsaslanır ki, bu, əhvalatın strukturuna oturur. Hərçənd, bəzi yerlərdə gərəksiz, bəsit dramaturji aksentlərə yer verilir. Məsələn, ilk səhnələrdən birində yumurtanın olduğu çantaya Alikin narahat baxışlarının dikilməsinin qabardılmasına ehtiyac yoxuydu. Çünki onsuz da hadisələr elə inkişaf edir ki, bu məlumat xarakterli detal zəruriliyini itirir.

“Lüger”dən sonra ikinci filmdir ki, Əlixan fabulanı yenə də predmet ətrafında qurur. Təbii ki, predmet müəllifin ideyasını açmaq vasitəsidir. O zaman müəllif yeni işində konkret hansı problemi qoyur və ideyası nədən ibarətidir? Klassik əhvalat kontekstində hansı yeni baxış bucağı, yozumu təklif edir? Əslində heç nə. Hətta sonda xadiməyə qismət olan Faberjeni, onun məişət əşyası kimi işlətməsiylə “artıq tamah baş yarar, heç nə insan ömrünə dəymir və ya bu sadəcə qabdır, təyinatı üzrə işlənməlidir” kimi ötürülən tipik mesajlar, yanaşmalar da yeni deyil. “Faberje” sadəcə göz üçün saqqız, əyləncə, Hollivud kirminal filmlərinin imitasiyasıdır. İnteryerin hətta stilistikasında, rəng həllində Ues Andersonun üslubunun yamsılamaları nəzərə çarpır.

Və burda Azərbaycan gerçəkilikləri yoxdur. Əlbəttə ki, hadisələrin gedişatında önə çıxan tamahkarlıq, dosta xəyanət universal xüsusiyyətlərdir. Amma süjetdə, bu qədər mövzu bolluğu olan cəmiyyətimizdən nəsə olmalı, fərqli rakurs tapılmalıydı ki, hadisəni imtiasiyadan xilas etsin. Filmi azərbaycanlaşdırmaq üçün Əlixanın əlində əlverişli imkan hər halda vardı.

İlk epizodlardan birində Alik “Şərq mədəniyyətində belə bir şey var ki, qadın kişinin ayağını yumalıdır. Qadın əyiləndə, yəni kişinin ayağını yuyanda “pokornostluğunu” (itaətini) göstərir. Bu mədəniyyət hələ də bəzi ailələrdə davam edir” və o, tipik şərqli kişisi kimi inanır ki, hər istəyini yerinə yetirən sevgilisi Vera (Ramina Məmmədli) ona sadiqdir. Sonda sadiqliyinə inandığı qadının ona xəyanət etdiyini bilir.

Şərqli kişinin qadına patriarxal münasibəti, qadının isə “itəat illüziyasını” dağıtması xətti önə çıxa bilərdi, məsələn. Bunun əvəzinə isə Alikin kövrək sarsıntısı, xəyanətə uğramış kişinin klassik münasibəti intonasiyasında önə çəkilir:

“Qəhbə, mən səni dibdən çıxarmışdım”.

Bir qayda olaraq, kriminal motivli filmlərdə qadınlar təhlükəli, ikili xarakterə malik obraz kimi təqdim olunur. Əlixan da bu klişe fəndin təsirinə düşür. Daha pisi odur ki, “Lüger”də olduğu kimi burda da onun personajı gərəksiz sentimentallığa yol verir, əhvalat isə komik situasiyalar, müəyyən qrotesk elementləri üzərində qurulduğundan Alikin duyğu sümürücülüyü dramatik effekt yaratmır, ona görə də banal görünür və ümumi ritmə heç cürə girə bilmir. Bir qayda olaraq, peşəkar rejissorların çəkdiyi filmlərdə də eyni problemlə - komediyalarda dramatizm effekti yarada bilməmələriylə rastlaşırıq.

Azər Aydəmirin, Elcan Rəsulovun, Cavidan Novruzun, Fuad İsgəndərovun, Nicat Rəhmovun, Cavid Nəsrullayevin daxil olduğu aktyor ansamblı orqanik görünür, ifaçılar qəhrəmanlarını daha yaxşı hiss eləyir, psixofiziki portretini göstərə bilirlər. Bu orqanikada yad görünən tək şey elə Əlixanın oyunudur. Çünki onun aktyor kimi problemi - personajının dilini, leksikonunu, plastikasını tapa bilməməsidir. Və ənənəvi KVN lüğətinin, intonasiyasınının (“Necə bir şey istəyirsiz? Menyüdə nə var” tipli) əsirliyindən qurtula bilmir.

Ya Əlixana peşəkar rejissor lazımdır, ya da o, aktyorluq texnikasını inkişaf etdirmək üçün öz üzərində çox çalışmalıdır. Başqa məsələ odur ki, yaradıcı insanlarımız cinayətkar aləmi, fırıldaqçılıqla məşğul olan tipləri, o mühiti, ortamı yaxşı bilmədiyindən və ya öyrənmədiyindən basmaqəlib, eyni tipli personajlar ortaya çıxır. Yəni rejissura eyni zamanda materialı təfərrüatlı araşdırmaq, məlumatlı olmaq və analiz etməkdir.

# 7359 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #