Küçədə soyunmaq sənətdirmi?

Elmin Bədəlov

Elmin Bədəlov

1 iyun 2022
# 14:30

Kulis.az Fəridənin yazısını təqdim edir.

Gündəmimizi məşğul edən mövzular o qədər bol, rəngarəng və bir-birindən mənasızdır ki, adamın ağlına çayını içib, çiyələk yeyə-yeyə izləyici olmaqdan başqa heç nə gəlmir.

Ötən gün sosial şəbəkələrdə yayılan bir video mənə o qədər təsir etdi ki, min illik kədərimi, hüznü, problemləri, qayğıları o videonun gözünə qatıb hönkürdüm.

Aktyor Elmin Bədəlov Bakının müxtəlif yerlərində “Performans” nümayiş etdirib.

İnsanların reaksiyası necə idbardır, ilahi. Aktyora yaxınlaşıb əl-qol hərəkəti edən, “özünə hörmət etməyə” səsləyən gənclər, şərhlərdə meydan sulayan yaşıl evqlenalar. “Performans”ın incəliyi, müsahibə verən aktyorun gözlərindəki əsl hüzn, üzündəki təbəssüm...

Performans sənəti 1960-cı illərdə meydana çıxan bir axındır. Kökləri iyirminci əsrin əvvəllərindəki Dadaizm cərəyanının “anarxist performans”larına dayanır. Bu sənət cəmiyyətin qayda-qanunlarına etiraz etmək məqsədi daşıyır və əsas hədəfi izləyici kütləsinin yaddaşında iz buraxa bilməkdir.

Performansda iki anlayış var: bədən və məkan anlayışı.

Performans səhnədə və ya ictimai yerlərdə nümayiş edilə bilər. Əvvəlcədən məşq edilmədən, əzbərlənmədən həmin an spontan olaraq icra edilir və təkrarı yoxdur.

Bu sənətin ən məşhur simalarından hesab edilən Marina Abramoviç performansın teatrdan fərqini belə izah edir:

“Tetarda məşq edirsən, hansısa rola girib onu oynayırsan. Teatrdakı qan ketçupdur. Bıçaq isə oyuncaq bıçaqdır. Performansda qan həqiqi qan, bıçaq da əsl bıçaqdır”.

Cəmiyyətin Elmin Bədəlovun performansına münasibəti başqa cür ola bilməzdi. Mədəniyyətin tarixi boyu performans sənəti meydana çıxdığı yerlərdə həmişə bu cür qarşılanıb, aşağı-yuxarı eyni reaksiyaları alıb.

8 Mart 2008-ci ildə İtalyan sənətçisi Pipa Bakka öz sənətçi yoldaşı ilə “Sülh gəlini” adlı performansa başlayır. Dünyaya, hadisələrə, insanlığa etiraz olaraq planlanmış bu performans Milandan başlayır. Əyinlərindəki ağ gəlinliklə Slovakiya, Xarvatiya, Bosniya, Bolqarıstan, Türkiyə, Suriya, Fələstini keçərək Tel-Əvivdə performansı başa çatdırmağı düşünürdülər.

Amma Türkiyənin “Kocaeli” ərazisində sənətçilərə təcavüz edir, sonra da boğaraq öldürürlər.

Marina Abramoviçin “Ritm O” adlı performansı zamanı baş verənləri yazmağa ehtiyac görmürəm, hər halda, bilməyən yoxdur.

Performans – bir insanın, sənətçinin cəmiyyətə etirazıdır. Diqqət çəkmək istəyidir. Həmin an onun başına gələcəkləri düşünmədən risk alıb meydan oxumaq şəklidir.

Yəqin ki, hərə ən azı bir dəfə pəncərəni açıb gecənin qaranlığına doğru bağırmaq istəyinə qapılıb.

Ya da, lüt soyunub küçə boyu qaçmaq istəmisiniz haçansa. Ən azı beyninizdən keçib. Ani də olsa.

Ağlımızdan keçən bu cür şeylərə camaatın reaksiyası nə olardı?

Sənətçi bu reaksiyalardan qorxmayan, o bariyerləri adlaya bilənlərdir.

Hansısa şəkildə etirazını göstərə bilən, bir anlıq ətrafı rəngləyən insanlardır.

Elmin Bədəlov bunu bacardı.

Məncə, performans sənətçiləri bəşəri hüznü, bəşəri nigaranlığı canında hiss edə və içindəki səsi susdura bilməyən əsl fədailərdir.

Biz bəsit, “üzdən” adamlarıq. “Tarqovı”da sevdiyi qıza evlilik təklif edən qaqaşın videosu bizə daha xoş təsir bağışlayır. Çünki burnumuza cütləşmək, yataq, toy, meyxana, xonça, nanay qoxusu gəlir.

Biz içimizdəki bütün etirazları boğub öldürmüş, rəngsiz, qorxaq orta statistik şəhər sakinləriyik.

Şəhər demiş, havalar da qəfildən necə qızdı. Mer-meyvə ucuzlaşsaydı gilasdan da yeyərdik...

# 5439 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #