“Kubinka”da öldürülən qaziyə şəhid adı vermək doğrudurmu?

“Kubinka”da öldürülən qaziyə şəhid adı vermək doğrudurmu?
15 avqust 2022
# 12:40

Tanrım, bağışla, sən heç vaxt qadın olmamısan...

Marina Svetayeva

Dəvə gördün?

Heç qığını da görmədim.

Atalar sözü

"Kubinka" adlanan ərazidə naməlum kişi qadının əlindən telefonunu alaraq onu döyürmüş. Bunu görən Niyaməddin Muradov hadisəyə müdaxilə edib və ürəyindən bıçaqlanaraq ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayev saxlanılıb. Qətlə yetirilən Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

Bu hadisə yadıma Onur Ünlünün bir filmindəki məşhur dialoqu yadıma saldı.

– Mənim qardaşım generalın evində generatoru düzəldərkən, öldü. Səncə, ona şəhidlik verilərmi?

– Bilmirəm.

İndi bu qətl hadisəsindən sonra da çoxları o qaziyə şəhid adının verilməsini tələb edir. Hüquqi baxımından, nə qədər doğrudur, ya yanlış, bilmirəm. Amma o qaziyə “şəhidlik” verilməsinin tələbində bir kədər var. Kədərli olan bir başqa tərəf də var: müharibədən sağ-salamat qayıdasan və bir gün küçədə hansısa qadının döyülməsinin qarşısını almaq üçün öləsən. Hətta yazmışdılar: “Müharibədə şəhid olmadı, mülki həyatda oldu”. Hekayə elə burdan başlayır.

Bilirsiniz ki, qadının döyülməsinə, şiddət görməsinə haqq qazandıran qədim bir arqument mövcuddur:

“Yəqin nəsə eləyib ki, belə olub”,

“Yəqin ayağısürüşkənmiş”,

“Yüyrək at özünə qamçı vurdurmaz” və s.

Ta qədimdən qadına olan şiddətin üstünü bu cür örtən, malalayan adamlar olub. Hətta, bu arqumentləri səsləndirənlərin çoxu elə qadınların özü olub. Qaynanalar, baldızlar, xalalar, nənələr...

Uzaq keçmişdə bir evdə qonaq olmuşdum. Evin kişisi tez-tez səsinin qalın yerinə salıb yoldaşına buyururdu. Mən buna etiraz etmək istəyəndə evin ən yaşlı qadını – nənə müdaxilə elədi, dedi, a bala, belə eləməsə arvad qudurar. Heç nə, əlim üzümdə qaldı.

Qadın kişi cəmiyyətində həmişə uduzmağa məhkumdur.

Qadının döyülməsinə, şiddət görməsinə haqq qazandıran kəsim özü də nə vaxtsa ya şiddət göstərib, ya göstərəcək, ya da şiddəti dəstəkləməklə bir növ özünü sığortalamış olacaq. Birdən o, “arvaddan qorxan” damğası yeyər.

Qazinin döyülən qadını xilas etməsi və sonda öldürülməsi faktı baş verəndə isə qadının döyülməsinə haqq qazandıran adamlar yoxa çıxmışdılar. Əslində, qazini dəstəkləyənlər, onun ölümünə təəssüflənənlər saxtakardırdılar. Əgər həmin situasiyada qazi yerinə, başqa biri olsaydı, deyərdilər ki, nəyinə lazımdı, qadını döyür döyür də, başını aşağı sal get. Dəvəni gördünmü? Yox, heç qığını da görmədim. Bu cür bir atalar sözünü özləri üçün əsas götürən azərbaycanlılar indi durub qadını döyənə lənət oxuyurlar. Əslində isə, lənət oxuduqları ünvan başqadır: qadını döyən kişinin qazini öldürməsi. Bəlkə də, o kişi qarşısındakının qazi olduğunu bilsəydi, o da bunu etməzdi. Yəni bizdə hansısa həqiqətin üzə çıxması üçün mütləq şəkildə “qazi” lazımdır. Qazi olmasa, o adamlar qadın döyülməsini, hər gün qadına olan şiddəti görməyəcəkdilər, görməzdən gələcəkdilər. Guya bundan əvvəl küçədə qadın döyülmürdü? Hamımız qadının döyülməyinə etiraz etsək, küçədə, binada, yaşadığımız yerdə bunun öhdəsindən gəlməyinə çalışsaq, o zaman bu cür hadisələr də olmaz.

İllər əvvəl bir binada yaşayırdım. Aşağı mərtəbədəki qonşu elə hey arvadını döyürdü. Hər gün qadının ağladığını eşidirdik. Ancaq hamı kar və lal olmuşdu. Neçə dəfə polisə getmək istədim, qoymadılar. İstədim, düşüb kişi ilə danışım, olmadı. Hamı dedi ki, öz qadınıdı, dəymə sən canın, başına niyə bəla açırsan.

İndi bunu deyən, bütün həyatları boyu bu fəlsəfəni müdafiə edən azərbaycanlılar saxtakarcasına baş verən qətl hadisəsində qadını döyən kişini yıxıb-sürüyürlər.

Bir də yazıram, oxuyun: səbəb o qadını xilas etməyə çalışan qaziyə görədir.

Təkrar edirəm: əgər qazinin yerinə, başqa biri olsaydı, heç kim kişini yaş yuyub quru sərməyəcəkdi. Əksinə, ölən qadının arxasınca deyinəcəkdilər:

“Yəqin, nəsə fırıq bir işi var”.

Mən sizi yaxşı tanıyıram.

# 3673 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #