Kasıblar dünyaya uşaq gətirməsin!

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

4 avqust 2022
# 14:30

Kulis.az Ayxan Ayvazın “Evlənməyin!” adlı yazısını təqdim edir.

Bu yaxınlarda gənc, 20 yaşlı dostumla görüşdük. Mənə sevincək dedi ki, evlənirəm, qaqa, sentyabrda toyumdu. Deyəsən, qarşı tərəf məndən təbrik gözləyirdi, əksi oldu, mən ona dedim ki, əyninə şalvar alacaq pulun yoxdu, yaşın 20-di, bu nə həvəsdi belə.

Ümumiyyətlə, subay insanların həmişə bir qayğıya ehtiyacları olur. Xüsusən, heç kimlə dostluq, ya da sevgi əlaqəsi yarada bilməyənlər mütləq və mütləq sonunda evlənməyi seçirlər. Bu cür “qayğıkeş” rəğbət digər amillərlə birlikdə onları singlizm (münasibətləri olmayan insanların damğalanması) obyektinə çevirir. İlk dəfə bu termin 2005-ci ildə amerikalı sosial psixoloq Bella Depaulo tərəfindən diskriminasiyaya işarə edərək istifadə edilmişdir. Başqaları əylənib özünə dost çevrəsi qurarkən bu cür tiplərin buna imkanı olmur və onlarda dərin depressiya yaranırmış. Psixoloqlar deyir ki, kişilər 30 yaşa yaxın, qızlar isə daha erkən bu cür depressiyanın qurbanı olurlar. Deməli, başqalarının həyatı ilə həddən artıq maraqlanan bu tiplərdə daha sonralar paxıllıq və bədbəxtlik yaranır. Paxıllıq edirlər ki, məndə evlənib xoşbəxt ola bilərəm. Bədbəxtliyimi yalnız və yalnız bəy-gəlin stolunun arxasında yoxa çıxarda bilərəm. Onlara və onlar kimi düşünən yüzlərlə, minlərlə, milyonlarla gəncə üzümü tutub demək istəyirəm:

“Evlənməyin!”

Xüsusilə, kasıbsınızsa və nizamlı həyata hazır deyilsinizsə. Çünki evlilik insandan ultra üstünlüklər tələb edir. Dözməlisən! Başqa variant yoxdur. Boşanmaq da asan deyil. Çünki boşanmaq da özü ilə bərabər travma gətirir. Yəni hər adamın başı üçün deyil boşanmaq. Elə evlənmək də. Sizə dəqiq bir şeyi deyim: müasir psixoloji təcrübə sübut edib ki, “evli insanlar subaylardan yüksək xoşbəxtlik səviyyəsinə malik deyillər”. Hətta onu da əlavə edirlər: tərəflərin bir-birini mühakimə etmədən qəbul edə bildiyi bir ailə yaratmaq daha çətindir.

Xoşbəxtliyi evlilikdə axtarıb sonra kədərin içinə gömülmək istəmirsinizsə, məsləhətimə qulaq asın. İndi, dünyanın bu vaxtında, müharibələrin, xəstəliklərin tüğyan elədiyi, dünyanın aqibətinin nə olacağı sualının düşünüldüyü bir vaxtda evlənmək ən böyük ağılsızlıq olar.

Kasıb adamların evlənməsi heç lazım deyil. Kasıb adam dünyaya uşaq da gətirməməlidir. “Capernaum” adlı film var, ora bir uşaq ata-anasını məhkəməyə verir. Səbəb: niyə onu dünyaya gətiriblər? Baxmamısınızsa, baxın. Bu dünyada izim qalsın deyə uşaq sahibi olmaq yanlış düşüncədir. Uşaq yalnız dünyaya gətirilmək üçün deyil. Onun yeməyi, içməyi, geyimi və ən vacibi təhsili, gələcəyi var. Onu Allah ümidinə buraxıb böyütmək olmaz. Yadımdadır, nənəm həmişə deyirdi: “Uşaqdı da, bala, bir çömçə yeməyə böyüyəcək”. Bu zehniyyətlə uşaq dünyaya gətirmək, bu zehniyyətlə evlənmək dəhşətlidir. Bizim ən böyük bədbəxtliyimiz bundadır. Yaşlı nəsilin övladlarına təzyiq eləməsi isə ayrı bir problemdir. Özləri yaxşı bir ailə yarada bilməyə-bilməyə, bunu övladlarından istəyirlər. “Məndə tutmadı, bir sən yoxla” – bu nədi, belə? Evlilikdi e bu, yarış deyil ki, səndə alınmasa, o birisi yoxlayar. Yaşlı nəsil gənclərin, övladlarının yaxasını buraxmalıdır. Onlar qərarları özləri verməlidir. Bunu artıq başınıza yerləşdirin: “Evlənməyən adam bədbəxt deyil”.

Ümumiyyətlə, mənə elə gəlir ki, evlənmək ərəfəsində olan insanları sınaqdan keçirmək lazımdır. Rəsmi şəkildə. “Evə baxa biləcəksən?”, “Pul qazanacaqsan?”, “Təhsil verə biləcəksən?”, “Arvadını, uşağını döyməyəcəksən?”. Bu tip sorğularla və onları ciddi nəzarətlə yoxlamaqla evləndirmək olar. Yoxsa hər yoldan ötən evlənəcəksə, bizi çox pis gələcək gözləyir.

Məndən demək...


# 3737 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #