Bu, mədəniyyətsizliyin son həddidir

Bu, mədəniyyətsizliyin son həddidir
26 iyul 2022
# 15:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Lerikin ucqar, gözəl təbiətli dağ kəndlərindən birində istirahətdəyəm. Bir neçə gündür fasiləsiz yağış yağır və özümü istər-istəməz Markesin “İzabel Makondada yağışa baxır” əsərinin atmosferində hiss edirəm. Yağış yağanda işıqlar gah yanır, gah sönür, ona görə məqaləmi tez yazıb bitirmək məcburiyyətindəyəm. Bütün hallarda texniki, infrastruktur problemlər mənə təbiətdən zövq almağa mane olmur.

Ancaq elə problemlər var ki, ciddi diskomfort yaşadır və həmin mövzulara dair bir neçə dəfə məqalə yazmışam. Və təkrar-təkrar yazmaq lazımdır ki, bəlkə, rəsmilər nəsə ölçü götürdülər.

Lerikə gələndə, yolüstü bəzi işlərimdən dolayı Lənkəranda qaldım, hətta fürsətdən istifadə edib, Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə bölgələrdə təşkil olunan “Cənubda kino günləri” layihəsinə qatıldım. Elvin Adıgözəlin “Biləsuvar” filminin təqdimatı zamanı əsərin prodüseri İntiqam Hacılı, kinoşünas Sədaqət Kamalla birlikdə moderatorluq da elədik.

Lənkəranın iqliminə alışıq olmasam da, mənə son dərəcə doğma şəhərdir. Uşaqlıqdan həmişə Lerikdəki kəndimizə dincəlməyə gedəndə yolüstü Lənkərandakı qohumlarımızda bir neçə gün qalır, şəhəri gəzirdik.

Sonuncu dəfə Lənkəranda olanda çimərliyə (pullu çimərlikdən söhbət getmir) baş çəkdim. Çimərliklər çirk içində boğulur, natəmizlik gözə girir. Sovet dönəmindən məşhur olan, quş südü belə tapa bildiyin Lənkəran bazarının koloriti qalsa da, pinti və səliqəsizdir. Bazar ətrafı yerləşən apteklər, müxtəlif mebel, məişət avadanlığı dükanlarının yan yörəsi dağınıq, törtöküntü və zibillikdir.

Ötən il olduğu kimi kənddə qaldığım müddətdə yenə də təbiətə ziyan vuracaq tullantıları qablaşdırıb Bakıya və ya Lənkərana yola salıram: polietilen torbalar, köhnəlmiş əşyalar, istifadəyə yararsız dəmir qablar və s. Həmişə məni Lerikə aparan sürücülər arasında zibil torbalarını Bakıya daşımağım artıq lətifəyə çevrilib. Zibildaşıma sistemi olmadığından kənd əhalisi zibilləri yaşadıqları əraziyə yaxın yerlərə tullayırlar. Nəticədə yaşıllıqlar, çəmənliklər, çaylar natəmizlik mənbəyinə çevrilir.

Yazımda bir dəfə bunu qeyd eləmişdim, yenə də xatırladıram. Heç olmasa, Lerikin 20-ci km ərazisində konteynerlər quraşdıra bilərlər ki, yolu ordan tez-tez düşən ətraf kəndlərin camaatı zibilləri ora atsınlar. Bu günlərdə Lerikə yeni icra başçısı təyin olundu. Yeni icra başçısı Əkbər Abbasovdan, bu ərazidən seçilmiş millət vəkili İqbal Məmmədovdan xahiş olunur ki, yaxın ərazilərə zibil qutuları qoyulsun və problem nəzarətdə saxlanılsın.

Doğrudan da, axı zibil konteyneri nə olan şeydir ki, onun təşkili müşkülə çevrilib. Bu, bir tərəfə, Lənkəranın şəhərə yaxın yerləşən kəndlərində belə zibil qabları yoxdur. Sakinlər tullantıları yaxınlıqdakı əraziyə atır və elə ordaca yandırılan zibillər ətraf mühiti korlayır.

Bölgələrdə zibil probleminin kritik həddə mövcudluğuna əlbəttə ki, təkcə icra, bələdiyyə məsuliyyət daşımır. Buna vətəndaşlar, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsuliyyət daşıyır. Maraqlıdır, bu bölgələrə dincəlməyə gələn nazirliyin məsul şəxsləri təbiət qoynunda dəmir, plastik qablar, uşaq bezlərini görəndə hansı duyğuları keçirirlər?

Vətəndaşlara gəlincə, azərbaycanlı üçün evinin təmizliyi ictimai yerlərin təmizliyindən həmişə vacib olub. Çimərlikləri uşaq bezləri, qarpız qabıqları, çayları, meşələri plastik butulkalarla, yemək qalıqları ilə “bəzəmək” şüursuzluqdur, ailə tərbiyəsinin təzahürüdür, mədəniyyətsizliyin son həddidir. Təbiəti sevmək, təbiətin qayğısına qalmaq mədəniyyətinin ali təhsillə, məsələn, Murakamini, Kanettini və b. oxumaqla əlaqəsi yoxdur. Təbiəti zibilləməmək daha ali, yüksək mədəniyyət tələb edir.

Rəsmi qurumlar özləri arasında da, vətəndaşlar arasında da ekoloji maarifləndirmə aparmalı, natəmiz adamlara qarşı ağır cərimələr tətbiq etməlidirlər. Tullantıların çeşidlənməsi, onlardan faydalı istifadə ilə bağlı layihələr həyata keçirmək rəsmi qurumların birbaşa borcudur. Bu cür layihələr böyük maliyyə, Eynşteyn intellekti tələb eləmir. Ortada xarici ölkələrin mövcud təcrübələri var.

Heç şübhəsiz ki, təbiətə bu cür laqeydlik bir gün özümüzə qarşı sərt şəkildə qayıdacaq.

# 3295 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #