Biz üç kişiydik...

Biz üç kişiydik...
28 noyabr 2023
# 15:00

Kulis.az Rəvan Cavidin "Bir də gördün, fotodu adamlar..." adlı yazısını təqdim edir.


İstanbulu təkbaşına kəşf etmişəm. Azmışam, metroda yuxulamışam, başqa səmtdən çıxmışam, avtobus nömrələrini səhv salmışam, fərqli dayanacaqlarda düşmüşəm, bəzən axtardığım binalara başqa küçələrdən getmişəm, beləcə başqa binaları, planımda olmayan yerləri də görmüşəm.

"Taksim"də "İstiqlal" küçəsinin qələbələyindən yalnız keçmişəm, "Beyoğlu"nun sahaflarını, xırda bazarlarını, kitab dükanlarını təkcə tapmışam. "Çukurcuma"nın enişli-yoxuşlu daş səmtlərində gəzərkən "Məsumiyyət muzeyi"nin qabağında öz-özümə romanın dillər əzbəri olan cümlələrini pıçıldamışam.

"Qalata"nın önündəki məşhur Vyana kafesində fransız tərzi xidmətin qəribliyi ilə qəhvə içərkən İstanbulun ən məşhur simvoluna saatlarca tamaşa etmişəm. Bəzən gündüz, bəzən gecə. "Aya Sofya" ilə "Sultan Ahmet"in arasındakı balaca parkda gah qərbə, gah da çevrilib şərqə baxmışam. Bu parkda dünyanın iki böyük mədəniyyəti, dini, dili, memarlığı üz-üzə dayanıb, ehtişam yarışına giriblər.

Boğazı tək keçmişəm. Smitimi "Üsküdar"dakı qağayılarla bölmüşəm... "Qız qülləsi"nə qulaqlığımda "Elif" türküsü ilə tamaşa edib, uşaqlığımın və gəncliyimin kult serialını, onu necə həyəcanla izlədiyimi yadıma salmışam. "Kadıköy"də yayın bürküsündən, qışın soyuğundan qaçıb gizləndiyim pablarda tərli bakallarda pivə qurtumlayanda yan masalardakı sekulyar, solçu gənclərin söhbətinə qulaq vermişəm.

Olub ki, təkbaşına tapdığım İstanbulun bu küçələrinə, bu yerlərinə dostumla gəlmişəm, ilk dəfə keçirdiyim maraq və həyəcan hissinin rəngarəngliyindən bəhs etmişəm. Gah ondan, gah da məndən dəyişib söhbətimiz öz məcrasını.

Amma lap yanımda on adam da olsa, İstanbulda gəzəndə içimdə, təfəkkürümdə təkəm. Adamlara başqa şeylərdən, öz içimə tamam başqa şeylərdən danışıram. Çünki İstanbulu təkbaşına kəşf etmisənsə, onunla məkan-zaman münasibətini də həmişə tək yaşamalı olursan. İstanbulda gəzmək, İstanbulu görmək özü ayrıca bir sənətdir. Bu sənətlə öz düşüncən, öz müşahidələrin qədər məşğul ola bilirsən. Qalanı, başqalarından dinlədiklərin, başqalarının səyi ilə gördüklərin təfərrüat olub qalır dəftərin bir kənarında.

Bir də elə şəhərlər var ki, oranın gözəlliyi ancaq qışda, ya da yayda görünür. Elə şəhərlər var ki, niqabında göz oxşayır, bəziləri də çılpaq. İstanbul bu baxımdan şarmlı şəhərdir. İçində insan qaynasa da, yolları yeddi-iyirmi dörd keçilməz, tünlük olsa da, hara gedirsənsə get, mütləq tələsəcəyin və gecikəcəyin yerlərin bilinməz səmtlərində özünü tapsan da, İstanbul hər fəsildə gözəlliyini qoruyub saxlaya bilir.

Dünya tarixi iki üzünü də, iki canını da burada qoyub gedib. Sağa baxsan şərq, sola baxsan qərb. Sağda Anadolunun üfüqləri, solda "Qədim Dünya"nın. "Taksim"də yüz metr yeriyəndə bir qulağın azan səsinə, o biri kilsə zənginə şəklənir. Allah birində sözlərlə, digərində səslərlə aqibətin musiqisini bəstələyir.

Ötən həftə İstanbulu dostlarımla gəzdim. Bakıdan gəlmişdilər.

Şərqin qapısından, küləklərin şəhərindən, xırda bir limanın önünü kəsdiyi, binaların dağdan Xəzərə tərəf yeridiyi, üzünü Mərkəzi Asiyanın sarı çöllərinə tutub dalğaların diliylə nəğmə oxuduğu neft səltənətindən.

Üçümüz də şair, üçümüz də taleh yoldaşı, üçümüz də qədərin ədəbiyyat və əbədiyyət üzünə boyun əymiş kəsləri. Üçümüz də İstanbula baxanda, sadəcə, dünyanın ən böyük meqapolislərindən birini görmürdük. Tarixin saçlarını yolduğu, min illər dillərə dastan müharibələrin, atışmaların isti ocağında, uğrunda imperiyaların qan axıtdığı şəhərdən ziyadə sevgi, bütünlük, mədəniyyət, şeir, insan mənzərələrinə tamaşa edirdik. Üçümüz də bir "Eminönü"də, bir də "Bosfor"da şəkil çəkdirdik. Mərmərənin incisi, bohem həyatın qaynadığı Tekirdağa qayıdanda hər iki şəklə saatlarla baxıb düşünürdüm.

Düşünürdüm ki, ya bu şəkillər vaxt gələcək ədəbiyyat dərgilərini, saytlarını, hansısa arxivi bəzəyəcək, ya da elə üçümüzün də köhnə noutbukunda, on ildən bir eşələdiyimiz fayllar arasındaca unudulacaq.

Bu şəkildəkilərin qədəri elə bu şəklin də qədəri olacaq nə vaxtsa. İçimdəki eqonun qaynayıb daşdığı bu fotonun gələcəyi haqqında fikirlərim elə İstanbul kimi qarışıq, "Bosfor" kimi ümidli, "Eminönü" kimi sadə və sakitdir.

Zaman özü bu şəkildəkiləri elə yaxşı rəndələyəcək ki. Rəndələyib üç fərqli xarakter düzəldəcək. Dini, siyasi, ədəbi düşüncəsi fərqli, həyat fəlsəfəsi eyni olan bu üç nəfərə İstanbul boyda dərs verəcək. Onların üçü də bir gün bu şəklə baxanda darıxacaq, lap birlikdə olsalar belə, lap davalı, küskün qalsalar da. Mütləq bu şəklin yeri onlar üçün bir az qərib, bir az sərgərdan qalacaq. Bəlkə, iyirmi il sonra ədəbiyyat da yarıcan vəziyyətdə, son nəfəsini verəndə şəkillər arasından seçəcəyi on şəkildən biri bu olacaq. Bu şəklə baxıb sonrakı nəsillərin aqibəti haqqında fikirləşə-fikirləşə dərin yuxuya dalacaq. Əvvəl söz var idisə, axırda da söz olacaq. Bu şəkil həmin iki sözün arasındakı körpü kimi asılıb qalacaq tarixin bir həndəvərində.

Birimiz gülərək baxacağıq, digərimiz hüznlü, o birimiz də sakit, lal-dinməz.

Bir ədəbi nəslin hələ qılıncını qınından tam çıxara bilməmiş, lakin buna kifayət qədər cəsarəti və gücü olan üç muşketyorun meydana çıxıb zəfər çalacağı günlər də, məğlub olub küncdə başını qılınca diriyən zamanlar da qabaqdadır.

Əvvəlki şəkillərdən fərqi isə ondadır ki, burada çəkilən üç nəfər çoxdan başa düşüb ki, külək dəyirmanlarına qarşı qılınc fırlatmaq, əlini belinə qoyub ədabazcasına nəhəng dəyirmanlara baxmağın mənası yoxdur. Onların aparacağı mübarizənin təhkiyəsi də, üslubu da, nəticəsi də fərqlidir, dərin və anlaşılandır. Ancaq bu da təkzib olunmaz həqiqətdir ki, bir gün bu üç gəncin üçü də baxacaqlar ki, sadəcə, fotodu. Ümid edirəm, onlardan geriyə bu şəklin altını bəzəyəcək sözlər də qalacaq.

Buna öz qədərim qədər inanıram.

# 2000 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #