Azərbaycanda seks ləğv olunsun!

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

14 aprel 2023
# 11:00

Kulis.az Ulucay Akifin “Azərbaycanda seks ləğv olunsun” adlı yazısını təqdim edir.

1986-сı ildə SSRİ-də maraqlı və tarixə düşən bir hadisə baş vermişdi. Həmin illərdə ABŞ və SSRİ-nin təşkilatçılığı ilə Leninqrad–Boston tele-körpü verilişi hazırlanırdı.

Verilişin aparıcıları rusiyalı Vladimir Pozner və amerikalı Filip Con Donaxyu idi.

“Qadınlar qadınlar ilə danışır” adlanan verilişdə hər iki ölkədən iştirak edən qonaqlar bir-birilərinə müxtəlif suallar verir, diskussiyalar edirdilər.

Verilişin 17 iyul 1986-cı ildə efirə gedən buraxılışında həmin o çox maraqlı və tarixə düşən hadisə baş verir.

Amerikalı iştirakçılardan biri SSRİ tərəfindən iştirak edən qonağa sual verir:


”Bizim telereklamlarda hər şey seks ətrafında fırlanır. Bəs sizdə bu cür telereklamlar varmı?”

SSRİ tərəfdən iştirak edən Lyudmila Nikolayevnanın cavabı “qanadlı cümlə” kimi tarixə düşür:

“Bizdə seks yoxdur. Biz birmənalı olaraq buna qarşıyıq! Bizdə sevgi var”.

Ondan sonra “SSRİ-də seks yoxdur” ifadəsi SSRİ-nin şüarı kimi bütün dünyanın dilinə düşür və lağa qoyulur.

Yadıma düşür, təxminən, 10-15 il qabaq azərbaycanlı yazıçılar da niyəsə özlərini aldatmışdılar ki, Azərbaycandakı bütün problemlərin səbəbi azad seksin olmamağıdır.

Yəqin aranızda bu dövrü xatırlayanlar var. “Azad seks” mövzusundakı yazıları ilə xeyli populyarlaşan imzalar oldu. Oturub-durub ancaq azad seksdən yazır, sevişməkdən danışırdılar. O imzaların bir çoxu bu gün də həmin azad seks söhbətlərinin gətirdiyi populyarlığın çörəyini yeməkdədir. Nuş olsun. Sözüm onda deyil.

Günahlarına girməyim, bəlkə də, onlar, doğrudan, buna inanmışdılar ki, ölkəyə azad seks (?) gəlsə, hər şey düzələcək.

“Azad seks” ifadəsinin qarşısında ona görə sual qoydum ki, əslində, mən heç vaxt bunun nə demək olduğunu anlamamışam. İndi də anlamıram.

Çünki bizdə seks ta “üç öpüb bir dişləyən” Bamsı-Beyrək və Banu-Çiçəkin vaxtından azad olmuşdur. Bu məsələlərdə çox dərinə gedib tarixi-siyasi səhvlərə yol verməkdən qorxuram.

Lap tutaq ki, azad seks davası edən yazıçılarımız haqlı idilər, bizdə azad seks yox idi. İndi ki zaman fərqlidir, hər şey dəyişib.

Kim, harda, kimlə, necə, nə istəsə edir.

Bəs dəyişən, daha doğrusu, düzələn nəsə varmı?

Nə dəyişdi məmləkətimizdə? Nə düzəldi?

Mədəniyyətin hansı sahəsində bir irəliləyiş oldu?

İqtisadi inkişaf oldu, bəlkə, mən görmədim?

Ya cəmiyyət adlandırmağa dilim gəlməyən bu toplum kütləvi psixozdan xilas ola bildi?

Məncə, 10-15 il qabaq hər şey daha əla idi.

Bir sözlə, elə bil, seks bizə düşmədi. Olan-qalan beynimiz də uçub getdi.

O gün qarşıma bir video çıxdı. Gözəlim məmləkətimin biri digərindən möhtəşəm olan kanallarından birinin evlənmə proqramına çıxan 65 yaşlı qadın hamilə olduğunu söyləyib. İndi bütün ölkə bunu müzakirə edir.

Sosial şəbəkələrdə adamlar (?) yenə gözlərini yumub barmaqlarını işə salıblar. Söyüşün biri bir qəpikdən. Hamı qadını söyür ki, tfu sənə, ayıb olsun, bu yaşda hamilə qalmaq nədir?!

Üç-dörd gündü qadını linç edirlər.

Sonra qadın da bir video çəkib paylaşdı ki, ”ay camaat, məndən nə istəyirsiniz?Nə pis iş görmüşəm? Hamilə qalmışam da! Məni niyə söyürsünüz, nəyə əsəbiləşirsiniz? Bir vətəndaşımız da artacaq, əl çəkin də məndən!”.

Düz deyir də. Bir vətəndaşımız da artacaq, bəlkə, vətənə, millətə xeyirli övlad olacaq, vaxt gələcək, gedəcək cəbhəyə lap bizim üçün şəhid də olacaq. Nə istəyirsiniz camaatdan?

Çox üzr istəyirəm ifadəmə görə, sizin üçün doğmur ki! Bəlkə, pampersini siz alacaqsınız, ya yeməyini? Sizə nə dəxli var?

Yox e, bax sizə nə dəxli var da bunun? Mənə izah eləyin. Bəlkə, mən hansısa məqamı qaçırıram. İzah eləyin ki, bax, ay Ulucay, filan, filan, filan səbəblərə görə, o qadının 65 yaşında hamilə qalmasını istəmirik, bizə filan, filan, filan problemlər yaranacaq. Mən də deyim ki, həəə, adamlar düz deyirlər də, ayıb olsun 65 yaşında hamilə qalan qadına!

Amma yoxdur axı elə səbəb.

Din baxımından mühakimə edirsiniz?

Bəlkə, Qurani-Kərimdə bununla bağlı ayə var, mən bilmirəm? Yoxdur axı belə şey.

Bəs nədir sizin dərdiniz?

Heç bir səbəb göstərə bilməzsiniz.

İnsanlar neçə yaşında evlənməli, neçə yaşında hamilə qalmalı olduğunu sizinlə məsləhətləşməlidir?

İstəyirsinizsə yatağa girəcəkləri saatı, yataqda qalacaqları müddəti, pozaları da sizinlə məsləhətləşsinlər.

Yengəsiniz siz?

Hə. Yengəsiniz.

Məsələ də elə budur!

Azərbaycanlıların mahiyyətində yengəlik, şamtutanlıq var.

Bəs niyə yaranıb bu yengələr, şamtutanlar? Çünki azərbaycanlıların mahiyyəti budur.

Niyə almanlarda, fransızlarda, nə bilim, o biri sivil xalqlarda belə adət-ənənələr yoxdur? Çünki onların mahiyyətində şamtutanlıq yoxdur.

Çünki İngiltərədə, ya Norveçdə, nə bilim, hansısa başqa Avropa ölkəsində 65 yaşında qadın hamilə qalsa, camaat bizdəki kimi qadını söyməyə başlamayacaq. Uzağı, gözəl mənada təəccüblənəcəklər. Təbrik edəcəklər.

Bizimkilər neyləyir?

Adamı söyürlər.

Ümumiyyətlə, azərbaycanlıların işi-gücü kimisə söymək, kiminsə qeybətini qırmaq, kiməsə lağ eləməkdir.

İndi siz bunu etiraf edirsiniz, ya yox, bu, mənə maraqlı deyil. Görünən kəndə bələdçi lazım deyil.

Hə, maraqlananlar üçün deyim ki, mən də azərbaycanlıyam. Narahat olmayın, mən də sizdən biriyəm.

Təklifim isə odur ki, Azərbaycanda seks tamamilə ləğv olunsun. Bəlkə, onda düzəldik.

# 4972 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #