Ağa deyir sür dərəyə...

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

5 dekabr 2021
# 12:05

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Adətən, ölkəmizi hər mənada inkişaf etmiş ölkələrlə müqayisə etməyi sevirik (özümüzü həmin inkişaf etmiş ölkənin vətəndaşı ilə müqayisə etməyi sevməsək də). Bu, bir yandan yaxşı haldır ki, hədəfimizin inkişaf olduğunu göstərir, bir yandan pis haldır ki, bizi reallıq hissindən uzaqlaşdırır. Nitsşeni əsəbiləşdirən vəziyyət yaranır; səbəb və nəticə arasında əlaqə qura bilmirik. Ya səbəbi səhv yerdə axtarırıq, ya nəticəni düzgün hesablaya bilmirik.
Məsələn, niyə fransızlar sosial dövlət qura bilir, biz yox? Səbəblə maraqlanmadan bu suala doğru-dürüst cavab vermək mümkün deyil. Fransız sosializminin səbəbi dövlətdən ilk dəfə sosial münasibətlərdə güc faktı kimi istifadə edən, bu gücü sosial həyatın bütün dəlmə-deşiklərinə dürtən fransız dövlət xadimi ( Baş nazir) Rişelyenin apardığı siyasətdir. Adam yaratdığı məmur ordusu ilə dövlət olaraq Fransanın hər yerində idi. Onun vergi müfəttişləri fransız xalqının adət və ənənələrini ayaqlayaraq hər yerdə və amansız bir tələblə vergi yığırdılar. Ta XVII əsrdən üzü bu yana fransız vətəndaş gözünü açıb dövləti öz otağında, əlində "çörtkə” haqq-hesab apardığını görüb. Ona görə də onda bu hegemonluğa qarşı bir etiraz, bir müqavimət ruhu, düşüncəsi formalaşıb. Nəticəsi də göz qabağındadır.

Fransız cəmiyyətinin illər, illər yox, əsrlər ərzində keçdiyi yolu beş-altı günün içində dəf etmək üçün ondan daha üstün bir mədəniyyətin daşıyıcısı olmalısan ki, bu da mümkün deyil. Ayaq və yorğan məsələsi təkcə fərdə deyil, xalqa da aiddir.

Keçək yazımızın daha ciddi bölümünə.

Marks "Das Kapital”ı – kapitalizm dünyasının "Ölülər kitabı”nı yazanda sosialist inqilabının üç ölkədə - İngiltərə, Fransa və ABŞ–da baş verəcəyini xəbər verirdi. Çünki Tomas Morun metaforu ilə desək, qoyunlar əvvəlcə İngiltərədə insanları yeməyə başlamış, sonra bu proses Fransaya və ABŞ-a sıçramışdı.
Amma inqilab çar Rusiyasında oldu.

Yuval Harari bunun səbəbini belə izah edir ki, Qərb ölkələrində Marksın məqalələrini, kitablarını, ən əsası "Das Kapital”ı işçi sinfi ilə yanaşı, kapital sahibləri də oxuyur və götür-qoy edirdilər. İşçilər məlum düzəni dağıtmağa hazırlaşdığı kimi, patronlar da onu qoruyub-saxlamaq üçün planlar cızırdılar. Nəhayət, Avropada burjua sinfi seçim qarşısında qaldığını anladı: işçilər ya ölkənin, ya da kapitalın idarə olunmasında iştirak etməliydi. Qərbdə ikisindən birinin bir hissəsini işçi sinfinə güzəştə getməyə qərar verildi. Və patronlar kapitalı deyil, hakimiyyəti xalqla bölüşməyə üstünlük verdilər. Beləliklə, vaxtilə Yunanıstanda kölələrin deyil, ağaların haqlarını qoruyan demokratiya bu dəfə kapitalizmi işçi sinfinin qəzəbindən xilas etdi.

Burjua demokratiyanı öz xilaskarı kimi "görəvləndirib”, arın-arxayın yenidən öz pulunu saymağa başladı. Demokratik seçki yolu ilə ölkənin idarə olunmasında iştirak etdiyini düşünən işçi sinfi – sonralar onları "modern kölələr” adlandıracaqdılar – könüllü olaraq sərvətdən imtina etdi. Kapitalistlər isə yaxşı bilirdilər ki, xalqın seçdiyini, sevdiyini ya seçkidən əvvəl, ya seçkidən sonra pulla ələ ala biləcəkdilər. Çünki hələ Marksın, kapitalizmin olmadığı zamanlarda Makedoniyalı İskəndərin atası Filipp demişdi ki, qızılla yüklənmiş eşşəyin qarşısında bütün qalalar acizdir! Hətta bu gün də Qərbdə demokratik çoxluqdan əvvəl iş adamlarının "səsini” əldə etməyin vacib olduğunu bilməyən namizədə qız vermirlər.

Çar Rusiyasında isə söhbətin nədən getdiyini çox az adam bilirdi. Marksı bir neçə adam başa düşmüşdü, onlar da səhv başa düşmüşdülər. İnqilabi güc olan rus fəhlə-kəndliləri, ümumiyyətlə, "Das Kapital”da yazılanlardan xəbərsiz idilər. Onlar inqilaba da "ağa deyir, sür dərəyə, sür dərəyə!” düşüncəsi ilə hazırlaşırdılar. Rus burjuası isə onlarla nə hakimiyyəti, nə sərvəti bölmək fikrində idi. Çünki Pyotr dövlətçilik ənənələrini ancaq bir qrupun - zadəganların (dvoryanların) hakimiyyəti üzərində qurmuşdu. Pyotr fəhlə və kəndlilərdə dövlətçilik ruhunun olmadığını deyir, onları satqın və xain adlandırırdı. (Bu gün də rus elitası bu ənənəyə sadiqdir, onlar əmindirlər ki, Rusiyanı yalnız bir halda parçalamaq mümkündür: Pyotrun dövlətçilik fəlsəfəsini demokratik rejimlə əvəzləməklə. Demokratiya Rusiyada sosialist inqilabı kimi rus olmayanların arzusudur.) Rusiya öz mövcudluğunu təhkimli kəndlilərə (onlara fiziki mənada "can” deyirdilər) deyil, knyazlara, dvoryanlara borclu idi. Klassik Rusiya uğrunda ölənlər onlar idi. Hətta hərbi kommunizmin "Za Stalina!” şüarının banisi də, əslində, Pyotr idi. Rusiya həmişə avtoritar ölkə olaraq qalmalıydı!

Cahillikdə xalqdan heç də geri qalmayan çar burjuası öz "ayılığı” ilə inqilabı körüklədi. Dvoryanlar avropalı patronlardan fərqli olaraq, nə siyasi hakimiyyəti, nə sərvəti proletarlarla bölüşdülər, nəticədə, çəkic və oraqla silahlanmış milyonlarla ac hər ikisini zorla onların əlindən aldı. Rus proletar inqilabı bir daha cahilliyin inqilabi güc olduğunu sübut etdi. Niyə cahillik? Çünki bu aqrar imperiyada gücü təmsil edən milyonlar sosializmin, kommunizmin mənbəyi olan "Das Kapital”ı oxumamış, qulaqdan-qulağa, onlara necə deyilmişdisə, o cür eşitmişdilər, eynən Orta əsrlərdə İncili latıncadan, Quranı ərəbcədən oxuya bilməyən, qulaqdan-qulağa inanan və məsələn, "şeytanın ruhunu daşıdıqları üçün” Papanın əmri ilə küçələrdəki pişikləri öldürən milyonlarla təmiz qəlbli allah bəndələri kimi.

Nəhayət, bu dəfə inqilab öz avtoritarizmini qurdu və daha vəhşisini! SSRİ marksizm cahilliyinin şikəst doğulan övladı idi. "Ərəb baharı”nda da biz eynisinin şahidi olduq. İnqilabi Misir daha sərt diktatura ilə nəticələndi, Liviya vətəndaş müharibəsinə girdi, Suriya qarpız kimi dağıldı və s. Bəs inqilab çar Rusiyasını, Çini, Kubanı niyə dağıtmadı? Çox sadə bir səbəbdən. Çünki bu ölkələrdə inqilabın ilk işi öz övladlarını yemək oldu. İnqilab Rusiyasını parçalayacaq adamların hamısı inqilabın səhəri günü Stalinin qarnında idi.

Qərb kommunizm inqilabından yayınsa da, ideoloji-hərbi kommunizm təhlükəsi ilə üzləşdi. İdeoloji kommunizmin qarşısına daha güclü bir ideologiya ilə çıxmaq lazım idi. Bu dəfə Qərb burjuasını millətçilik ideologiyası xilas etdi. Vaxtilə öz sərvətini xalqdan demokratik seçki yolu ilə qoruyan Qərb kapitalizmi bu dəfə həmin xalqın beynini milli ideyalarla doldurdu. Demokratiya və millətçilik əl-ələ verib qədim kapitalın keşiyini çəkməyə başladı.
Bütün bunları demokratiyanın və millətçiliyin tənqidi kimi yazdığımı düşünməyin, mən, sadəcə, dünyadan baş çıxarmaq üçün əvvəlcə ondan dərs çıxarmalı olduğumuzu demək istəyirəm.

Platonun demokratiyanı tiranlığın mənşəyi kimi nəzərdən keçirdiyini, yaxud Kantın "demokratiya "despotizm”ə yol açır” dediyini bir qırağa qoyub, Hitlerdən tutmuş, Səddam Hüseynə, Hüsnü Mübarəkdən başlayıb, Bəşər Əsədə qədər bir xeyli (hələ bunun Latın Amerikası var) tiranın, despotun demokratik seçki yoluyla hakimiyyətə gəlməsi onu göstərir ki, seçkinin uğuru seçiləndən çox, seçənlərin səviyyəsindən asılıdır.

Məsələn, kommunist Rusiyasının ilk dövründə hakimiyyət Lenindən Stalinə siyasi varislik yoluyla ötürülməsə, seçki yoluyla dəyişəsi olsaydı, xalq nə intellektual Trotskiyə, nə Marksın özünə belə müxalif olan Bakuninə səs verəcəkdi, cahil çoxluq böyük ruh yüksəkliyi ilə Stalini seçəcəkdi. Çünki xalq şüurunun Trotski, Bakunin kimi Marks müridlərini anlayacaq, dəyərləndirəcək səviyyəsi yox idi Rusiyada.

Şahidi və varisi olduğumuz sovet cəmiyyətində insanları haqlar yox, imtiyazlar maraqlandırırdı. Bu gün el arasında o düşüncə dəyişibmi? Kommunizm cahilliyinin yerini bu gün də demokratiya cahilliyi ilə doldurmamışıq ki?

# 4450 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #