Adamı Əkrəm Əylislinin gününə salarlar

Orxan Həsəni, gənc yazar

Orxan Həsəni, gənc yazar

23 aprel 2022
# 09:00

Kulis.az Orxan Həsəninin "Müharibə və sülh haqqında söhbət" yazısını təqdim edir.

Əziz, Seymur (red. Seymur Baycan).

Ümid edirəm yaxşısan.

Zəfərin tərənnümü haqqında yazını ehtiyatla oxudum. Ümumi situasiya haqqında bir cümlə demək olar; hamı haqlıdır!

Bəs bu bir cümlə kifayət edirmi? Xeyr. Düzü, qısa zaman ərzində müharibə haqqında xeyli əsər yazıldı. Lakin, təəssüf, hesabatlarda adı çəkilən müəlliflərin və əsərlərin çoxu ilə ilk dəfə elə o siyahılarda tanış oldum. Kitabın ümumi problemləri. Kordinasiya dərdləri. Görünür, əsərlər yazılır, ancaq bu əsərlərin cəmiyyətdə, sosial arenada heç bir təsir qüvvəsi yoxdur. Çünki müəlliflər cəmiyyətdə, sosial arenada heç bir təsirə malik deyillər. Onların sözünün kəsəri yoxdur.

Bəlkə, buna görə yazılan əsərlər oxucular tərəfindən səmimi qəbul olunmur və nəticədə zəfərin ömrünü uzada bilmir, nəticə göstərmir. Və ya son illərdə hansı ədəbi nümunə cəmiyyətdə ciddi hadisə kimi qarşılanıb? Əlini atırsan, nə müəllifi, nə də bədii mətni tuta bilirsən. Günahkar axtarmıram. Nəysə. Bu məsələlər sənə çoxdan aydındır.

Müharibə mövzusu olduqca həssasdır. Müharibə haqqında yazmaq ip üstündə dombalaq aşmaqdır. Mərkəzdə dayanmağı bacarmalı. Tərəflərin deyil, prosesin nəfəsini duymağa, ruhuna enməyə çalışmalısan. Müharibə haqqında danışmaq insan haqqında danışmaqdır və insanın insanı öldürməsi, tarazlığı, balansı yenidən qurması onun xislətinin məhsuludur. Vay o günə ki, ipdən yıxılasan. Adamı Əkrəm Əylislinin gününə salarlar. Yazıq Əkrəm. Xeyli sınıxıb. Adamın dostları bir-bir, növbə-növbə öləndə və başa düşəndə ki, onlar bir daha həyata qayıtmayacaqlar, qapını döyməyəcəklər insanı axmaq bir kədər basır. Keçən dəfə Rüstəm İbrahimbəyov haqqında sözləri məni xeyli tutdu. Əkrəm deyirdi: "O, cız-bızı sevirdi". Elə bil, daha dünyada heç kəs cız-bız yeməyəcək.

Madam ki, bu mesajı sənə yazıram, demək tam arxayın "Quqark"ı xatırlamaq haqqım var. Hər yaxşı müəllif yazdığı əsərdə yeni, alternativ aləm yaradır. Bu aləm gerçəkliyin ya vəlvəldən, ya zəlzələdən proyeksiyasıdır. Lakin işıqlar məhz müəllifin ruhundan axmalıdır. Əsəri yeni və özünəməxsus edən mövzunun rentgen şüaları kimi müəllifin içindən keçməsi, təcrübəsindən və ürəyindən süzülməsidir. "Quqark"dakı müharibə detalları, kədərin içində gizlənən komik situasiyalar mənim gözümdəki müharibə aləminə hər zaman can verib. Ümumiyyətlə, sənin ədəbiyyatı realist görən baxışların və texnikan istər-istəməz alternativ reallıq yaradır. 90-ların canlı, ürəyə toxunan, eyni zamanda qəddar təsviri mənim yaşım gərəyi görmədiyim dünyanın çiçəyini açır, o dünya haqqında təsəvvür yaradır, insan və aləm barəsində dolğun məlumat verir, onu yenidən inşa edir.

Tarix belədir, əziz Seymur. O, qan kimidir. Tezliklə quruyur. Yaşandığı anda quru hadisə seli, durmadan axıb keçən çaydır, əlimizdən əbədi sıyrılıb dəryada itən yaş balıqdır. Tarix yenidən yaranmaq, təcəlli etmək istəyir ki, əbədi və əlçatan olsun. Tarixi yenidən yaratmaq ona münasibətlə formalaşır. Bu münasibət tarixçilərin və yazıçıların əməyinin nəticəsində biçim qazanır.
Tarixçi obyektiv reallığın tarixini sənədlərin dilindən danışır, yazıçı isə konkret dövrdəki insanın tarixini hisslərin gücü ilə dilə gətirir, ona əbədiyyət bəxş edir.

Biz məhz “Quqark”ın hissələrində 90-cı illərin dünyasına şahidlik edərkən eyni zamanda tarixə verilən nəfəsə, cana da şahidlik edirik. Tarixi yenidən yaratmağa açıq havada gəzinti kimi tamaşa edirik. Mən ədəbiyyatın bu funksiyasını sevirəm. Əlbəttə, söhbət uğurlu əsərlərdən gedir.

Lakin məlum məsələdir ki, son yarım əsrdə jurnalistikanın inkişafı xüsusilə romana xas olan bu funksiyanı onun əlindən aldı. Ədəbiyyat gerçəkliyin biçimsiz proyeksiyasına çevrildi, fəlsəfiləşdi, mürəkkəbləşdi, ümumidən xüsusiyə doğru nazildi.

Vətən müharibəsinin baş verdiyi tarixi dövr 30 illik prosesin məntiqi nəticəsi idi. Olanlar oldu. Müharibədə qalib gəldik. Nəticədə Azərbaycanın 30 illik yolu ciddi motivasiya hekayəsinə çevrildi. İndi isə bu hekayəni ədəbiyyatın dilinə salmaq, bu motivasiya hekayəsinə ədəbi vətəndaşlıq vermək, onu yenidən yaratmaq gərəkdir. “Quqark”ın 90-cı illərə münasibəti kimi.

Təkdən bir içindən keçdiyim ədəbiyyat söhbətlərində sənin mətnlərini məhz bu səbəblərdən sevən oxucuların olduğuna şahidlik etmişəm. Məncə sirr burada gizli deyil. Sirr müharibə haqqında yazıb hər şeyə Tanrı kimi mərkəzdən baxa bilməkdir. Ümumiyyətlə, əlifbanın a-sından başlasaq, müharibə və ədəbiyyat xarakter etibarı ilə bir-birindən büsbütün fərqli olub bir-biri ilə çiyin-çiyinə dayanan iki məfhumdur. Ədəbiyyat fərqləri əridir. İnsanların birliyini və bərabərliyini təmin edir.
Dünyanın hansı ölkəsində yaşamağından, hansı millətə mənsubiyyətindən asılı olmayaraq eyni hislərin çətirinə qısıldığını göstərir. Latın Amerika sehrbazı Markez nə üçün bizə bu qədər təsir edir? Cesare Paveseni nə üçün bu qədər sevirik? Coğrafiya fərqlərini niyə kəskin hiss etmirik? Çünki onlar insan haqqında danışır və biz də insanıq.

Müharibə isə fərqlərin üzərində alovlanır. "Sən pissən, mən yaxşıyam. Bu torpaq mənimdir, sən burada yaşaya bilməzsən" kimi klişelər insanlar arasına ölüm toxumu səpir. Hər şey necə də barizdir. Gülümsəyən fərqlər. Qardaşım müharibə iştirakçısıdır. Müharibənin ilk bir həftəsi ondan xəbər almadıq. Mən ürkək-ürkək ermənilərin şəhidlərimizi yayımladıqları videoları nəzərdən keçirir, qardaşımı axtarırırdım. O videolardan birində müharibə səbəbi ilə Xankəndini tərk edən bir erməni ailəyə rast gəldim. Gənclər avtobuslara doluşub yola düşsələr də, yaşlı və dolu bir qadın yerindən tərpənmək istəmirdi. Jurnalist ondan şəhəri nə üçün tərk etmədiyini soruşanda yaşlı və dolu qadın özündən əmin söyləmişdi: "Mənim oğlum ön cəbhədədir. Onsuz heç yana gedəsi deyiləm".

Bu hadisədən bir neçə gün sonra Beyləqan rayonun cəbhəyə yaxın ərazisində yerləşən məcburi köçkün qəsəbəmiz artilleriya atəşinə tutuldu. Evlərə zərər dəyməsə də, yaxınlıqda hərbi hissələr çox idi və yeni zərbələrin olacağı gözlənilirdi. Bütün qəsəbə boşaldılmışdı. Bizim evdən başqa. Mən o zaman Bakıda idim və tez-tez telefon əlaqəsinə çıxır, yalandan qardaşımla danışdığımı deyib ailəni təsəlli edirdim. Qəsəbənin boşaldığı xəbərini ala kimi ilk sualım belə oldu: "Bəs siz nə üçün çıxmamısınız?" Anamın cavabı belə idi: "Oğlum güllənin ağzında ola-ola heç yana gedə bilmərəm".

Qardaşım müharibədən sağ-salamat qayıtdı, ancaq mən bu iki hadisəni unutmadım.

İnsanın insana yaşatdığı əzablar nəticədə insanları birləşdirir, onların oxşarlığı beləcə ortaya çıxır və nəticədə bu hadisələr ədəbiyyatın dişinə keçib yeni-yeni ədəbi materiallar olub qayıdır. Ədəbiyyat insanları oxşar dərdlərin, oxşar sevinclərin odunda birləşdirir, onlar arasında sülh toxumları səpir. Sülh istəmək isə indiki zamanda cəsarət tələb edir.

Bəlkə, elə bu səbəbdən müharibə haqqında yazılan əsərlərin cəmiyyətdə və sosial arenada heç bir təsiri yoxdur? Onlar zərbəni lazım olan yerə vurmurlar. İstənilən müharibənin vədi sülhdür. Yazılan əsərlər isə sülhü deyil, müharibəni tərənnüm edirlər. Müharibəni tərənnüm etmək, onu təhqir etməkdir. Bütün müharibələr nəticədə sülhə çevrilmək istəyir. Sülh müharibənin ürəyidir.

Usta qələmin dişindən uğurlu əsərin çıxması üçün xeyli zaman keçməlidir. Müəllif tarixi, müharibənin geniş nəticələrini sinəsində yumşaltmalı, dərindən duymalıdır. Yalnız o zaman uğurlu əsərdən danışmaq olar.

Dünən gecə Anton Çexovun "6 nömrəli palata" əsərini yenidən oxudum. Çexovu çox sevirəm. Məncə, klassiklərlə münasibəti ilk onda müəyyən etmişəm. Onun hekayələrinə nə zaman qayıtsam, elə bil, mənə tanış otağa daxil oluram və özümdə yeni şeylər kəşf edirəm. Bəli, məhz özümdə.

Klassikləri oxumaq güzgüyə baxmaq kimidir.

Əyalətdə yaşayıram deyə Çexovun əyalətə münasibəti mənim təsəvvürlərimi işə salır. Yapışqan münasibətlər, yorğun üzlər, yorğun adamlar, hər şeyin səssiz-sakit dayanıb öz ölümünü gözləməsi. Haradansa yapışmaq, nədənsə güc almaq darıxdırıcı əyalət günlərini ötürmək üçün əla vasitədir. Əlqərəz, bu oxunuşda da Çexov məni təəccübləndirdi. O, İvan Dmitriçin dili ilə yazır:

"Allah məni isti qandan və əsəblərdən ibarət olaraq yaratmışdır. Üz toxumaları isə yaşamaq qabiliyyətinə malik olduqda hər bir qıcıqlanmadan hərəkətə gəlməldir. Mən özüm də hərəkətə gəlirəm. Ağrıya çığırtı ilə, göz yaşı tökməklə, alçaqlığa qəzəblə, rəzilliyə nifrətlə cavab verirəm. Məncə, bunun özün elə həyat deməkdir. Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur. Və qıcıqlanmaya o qədər daha zəif cavab verir. Əksinə orqanizm nə qədər yüksək olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz həkimsiziniz, amma belə adi şeylərdən xəbəriniz yoxdur. Əzab və əziyyətə nifrət etmək, həmişə razı qalmaq və heç bir şeyə təəccüb etməmək üçün bax bu dərəcəyə çatmaq lazımdır"

Əlbəttə, bu kəlmələr arif adam üçün çox şeylər ifadə edir. Bəlkə, məsələ budur? Heç bir ictimai reaksiyası olmayan insanların müharibə haqqında yazması, onu tərənnüm etməsi qeyri-səmimi, plan doldurmaq təsiri bağışlayır?

Düzü, ümumi situasiya haqqında yalnız bir şeyi demək mümkündür: Hamı haqlıdır.

Əziz Seymur.

Ümid edirəm yaxşısan.


# 3237 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #